Rusiya prezidenti Vladimir Putinin Qərbdən çəkinmədiyini ən azı Rusiya cəmiyyətinə nümayiş etdirdikcə həm Avropada, həm də Rusiyanın özündə Putinə əks mövqedə dayanan liberalları bir sual düşündürməyə davam edir: əcaba, Putinə qarşı Qərbin əlində hələ ki, real qüvvəsi ortaya çıxmayan iqtisadi sanksiyalardan əlavə daha nə var? Qərbin anti-Putin arsenalı yalnız bundanmı ibarətdir və Qərb liderləri nə zaman yalnız bəyanatlarla kifayətlənməyib əməli işə keçəcəklər?
Bu düşüncələrdə bulunan Qərb liderlərindən fərqli olaraq Putin real işlər görür. O, başa düşür ki, Qərbin iqtisadi sanksiyaları qarşısında bir müddət duruş gətirə bilər - meşə ehtiyatı, qızılı, qazı və nefti bol olan ölkənin təbii ki, maliyyə ehtiyatı olmamış deyil.
Amma Putin də gözəl anlayır ki, ehtiyatlarını tükədəcək bir sıra amillər var. Qarşıdan qış yox, məhz yay gəlir və Avropanın Rusiyadan enerji asılılığı qış mövsümündəki kimi tam deyil. Soyuqlar düşənə qədər Qərb Putinin imperiya ambisiyalarının cilovlanması prosesi ilə aktiv məşğul olacaq. Rusiyanı iqtisadi cəhətdən çökdürməyin ən real yollarından biri onun enerji bazarından sıxışdırılması, ortaya alternativ mənbələrin qoyulması ola bilər. Yalnız bu zaman Rusiya bazar itirdiyinə görə, Putinin də dünya dövlətləri ilə saymazyana danışıq tonu aşağı düşə bilər.
Bunlar gələcəkdə Qərbin ələ alması gözlənilən ehtimallardır, amma hələ ki, Putin hücuma keçir, hətta son Cenevrə anlaşmasına belə məhəl qoymur. Əvəzində Qərb liderləri dünya düzəninin artıq xeyli dəyişdiyini anlasalar da, aktivlik nümayiş etdirməyə tələsmirlər. Beynəlxalq siyasət beynəlxalq müqavilələr əsasında tənzimlənirsə, rasional gözləntilər və hərəkətlər əsasında işləyir. Əgər bu sahədəki gözləntilər yanlış olursa, deməli, mövcud dünya düzəni ciddi dəyişikliklərə məruz qalır.
Ukraynada baş verənlər buna bariz nümunə oldu. Ötən materialların birində qeyd etmişdik ki, bu zamana qədər Qərb liderləri elə hesab edirdilər ki, Putin nə qədər revanşizm və cəmiyyətin keçmiş qüdrətə nostalji hisslərindən bəhrələnərək, keçmiş SSRİ məkanında nüfuz sahibi olmaq istəsə belə, bunun üçün silah gücündən istifadə etməyəcək. Əvvəlcə Gürcüstan, sonra isə Ukrayna hadisələri sübut etdi ki, Qərb dövlətləri nəinki yanılırdılar, hətta bu yanlış fikirlərə ayrılan qızıl vaxtı belə israf ediblər. Qərb daha bir yanlışının acısını çəkməkdədir.
Yanlış gözləntilərin bərqərar olduğu bir şəraitdə - Rusiyanın Krımla kifayətlənmədiyinin gün keçdikcə daha aydın göründüyü halda indi Qərb əks-addımlar axtarışındadır. Aydındır ki, NATO təyyarələrinin Baltikyanı ölkələrin üzərində uçuşları, həmçinin Rusiya qoşunlarının Ukrayna sərhədində təcili irimiqyaslı təlimlər keçirməsi əzələ nümayişindən başqa bir şey deyil. Bu vaxta qədər Qərb belə düşünürdü, amma indi onlar Putinin təlim keçən əsgərlərini "sülhməramlı kontingent” adı altında Ukraynanın separatizm məngənəsində boğulan Şərq və Cənub vilayətlərinə yeritməyəcəyindən əmin deyillər. Fikir veririsinizsə, əgər əvvəllər Donetsk, Odessa, Mariupol, Luqansk vilayətlərinin "xalq qubernatorları” rəsmi Kiyev hakimiyyətinə qarşı gəlmək üçün öz qüvvələrinin olduğunu bildirirdilərsə, indi açıq şəkildə Rusiyadan, Putindən məhz hərbi yardım istəyirlər.
Təbii ki, rəsmi Kreml üçün bu çağırışlar Ukraynaya qoşun yeritmək üçün əla bəhanədir. Ukraynanın şərq və cənub regionlarının federalizasiya təkliflərinin arxasında məhz bölgədə real söz sahibi olmaq istəyi durur. Putin bu regiona nəzarət edirsə, bu, o deməkdir ki, artıq rəsmi Kiyev qaz kəmərini bağlamaqla onu təhdid edə bilməyəcək. Çünki federallaşmanın arxasında regionların qazandığı pulların özləri tərəfindən bölüşdürülməsi məsələsi də var. Əgər qərbi Ukraynadan keçən kəmər bağlanarsa, onda Moskvanın istəyi ilə Qərbdən xeyli varlı sənaye regionları sayılan şərq regionları Kiyevin büdcəsinə pul keçirməkdən imtina edə bilərlər.
Odur ki, Qərb üçün bu bölgələri Rusiyanın nəzarətinə verməmək, təkcə Ukraynanın ərazi bütövlüyünün qorunması və beynəlxalq hüquq normaları baxımından əhəmiyyət daşımır. Amma Ukrayna hadisələri Putinin aqressiv siyasətinin təkcə bu ərazi lə nəticələnməyəcəyindən xəbər verir.
Proseslər hansı məcrada cərəyan edəcək? Ukraynadan sonra hədəfdə kimdir və bu siyahıda Azərbaycan da varmı?
"Bizim yol” bu kimi suallara cavab tapmaq məqsədilə sözün əsl mənasında bütün dünyada tanınmış bir simaya müraciət etdik. O, məsləhətlərinə birbaşa Ağ Evdə qulaq asılan bir neçə əhəmiyyətli ekspertlərdən biridir. Beləliklə, həmsöhbətimiz dünyada tanınmış amerikalı siyasi təhlilçi, geosiyasi məsələlər üzrə araşdırmaçı, pososvet məkanı üzrə ekspert Pol Qobldur.
- Bəlkə də bugünkü hadisələr baxımından sualımız bir qədər qəribə gələ bilər. Amma sizcə, Putinin yadına niyə məhz Krım düşdü? - Bu situasiyada onun atdığı addımları dəstəkləməsəm də, etiraf etmək lazımdır ki, Putin özü krizis şəraiti yaratdı və bu reallıqdan özünə sərf edən şəkildə bəhrələnməyi bacardı. Nahaq yerə hesab edirsiniz ki, sualınız qəribə görünə bilər. Bu gün qərb analitikləri hələ də "niyə məhz Krım” sualının cavabını tapa bilmirlər.
Mən hesab edirəm ki, Putini bu addımı atmağa vadar edən ölkədə yaranan və günü-gündən ağırlaşan iqtisadi şəraitdir. Belə çətin iqtisadi durumda Putinin vətəndaşların patriotik tellərinə vurmaqdan başqa çıxış yolu yox idi. İndi camaat iqtisadiyyatdan yox, məhz xilaskar Putinin bir zamanlar Rusiyanın olmuş torpağı necə rəşadətlə qaytarmasından danışır. Bu şəraitdə onu hansısa regionun iqtisadi şəraitinin acınacaqlı olmasında kim günahlandıra bilər ki? Odur ki, dediyim kimi, Putin ölkəsindəki iqtisadi çətinlikləri ustalıqla qələbə maskası arxasında gizlədə bildi.
Bununla yanası, Krımın anneksiyası ilə Putin Ukraynanı Maydana görə cəzalandırdı, həmçinin nə vaxtsa SSRİ-nin tərkibində olmuş bütün dövlətlərə göstərdi ki, Qərblə qədərindən artıq yaxınlaşma ciddi şəkildə cəzalandırılacaq. Bu şəraitdə Putin Qərbin, əsasən də ABŞ-ın zəif tərpənməsindən istifadə edərək, özünü "Rusiyanın xilaskarı” elan edə bildi.
- Bu gün çoxlarının haqqında danışdığı "soyuq müharibə” bərpa oluna bilərmi və bu qarşıdurma nəyə gətirib çıxara bilər? - Əgər əvvəllər "soyuq müharibə” ideoloji qarşıdurma müstəvisindən bəhrələnirdisə və bu situasiyada ölkələrin başında kimlərin durmasından asılı olaraq, müəyyən əməkdaşlıq ümidləri vardısa, indi Qərb milliyyətçi, hətta bəzən faşizm siyasətinə üstünlük verən biri ilə üz-üzə qalıb. Nə qədər kobud səslənsə də, mən 20 il müstəqil dövlət kimi tanıdığı qonşusunun torpağını bir andaca zəbt edən insana başqa ad verə bilmirəm. Milliyyətçilik və ksenofobiya məsələsində Putin hətta keçmiş SSRİ rəhbərliyində olanları belə geridə qoydu.
O, açıq şəkildə bəyan edir ki, beynəlxalq normaları tanımır. Odur ki, Qərb bacardıqca aktiv şəkildə, özü də qısa zaman kəsiyində bütün resurslarını səfərbər etməli və keçmiş SSRİ ölkələrini Putinin aqressiyasından qorumalıdır. Əgər hadisələr indiki sürət və ardıcıllıqla davam etsə, bir müddətdən sonra dünyanın yarısı bir aqressorun hakimiyyəti altında olacaq.
- Kreml sahibini əsas məqsədi nədir? - Putinin məqsədləri çoxdur. Mənim proqnozuma görə, Ukrayna kampaniyasını başa vurduqdan sonra Putin bir müddət pauza götürəcək. Hitler də o zaman Polşanın işğalından sonra taym-aut götürmüşdü. Bu taym-aut onun təbliğat maşını vasitəsi ilə Qərbdəki müttəfiqlərində belə bir fikir formalaşdıracaq ki, Qərb Putinə problemlər yarada bildi və o dayandı. Onun siyasi fəaliyyəti gündəlik dozaya ehtiyacı olan narkomanı xatırladır. Onun növbəti hədəfi Dnestryanı və Baltikyanı ölkələrdir. Əsas məqsəd isə NATO-nu "sındırmaqdır”. Nə qədər ki, bu insan Kremlin sahibidir heç bir keçmiş SSRİ respublikaları təhlükədən sığortalanmayıblar.
- Keçmiş SSRİ respublikaları deyəndə Azərbaycanı da təhlükə gözlədiyini nəzərdə tutursunuz? - Kremlin gəlib-getmiş bütün sahibləri kimi, Putin də Azərbaycanı Cənubi Qafqazın prizi sayır. Əgər əvvəllər qərbyönümlü Azərbaycana təzyiq vasitəsi kimi Ermənistan dəstəklənir, Gürcüstana qoşun yeridilirdisə, indi fikrimcə, Putin daha sərt addımlara gedəcək. Əvvəlcə o, Azərbaycana "kökə və qamçılardan” ibarət yeni proqram təqdim edəcək, etnik azlıqların protestlərini maliyyələşdirəcək, İlham Əliyev hökumətinə isə Qərblə əməkdaşlıqdan birdəfəlik imtina şəraitində tam dəstək söz verəcək. Bununla belə, Azərbaycanın bu gün yeritdiyi sistemli və iradəli siyasət, bu ölkənin heç də "asan loxma” olmadığını göstərir. Azərbaycan rəhbərliyinin indiki təhlükəli situasiyada çox təmkinlə və düşünülmüş addımlar atması, istənilən halda Rusiyanın təsir rıçaqlarını zəiflədir.
- Bəs bu şəraitdə Azərbaycan nə etməlidir? Bir tərəfdən Azərbaycan müstəqilliyini itirib, Ermənistan kimi Rusiyanın satelliti olmaq istəmir, digər tərəfdən, rəsmi Bakı əsas problemi hesab etdiyi Dağlıq Qarabağ probleminin həlli istiqamətində Qərbdən gözlədiyi dəstəyi görmür...
- Təssüflər olsun ki, Minsk qrupu həmsədrlərinin fəaliyyəti effektiv deyil. Burada rusiyalı həmsədrin olması faktoru bu fəaliyyətsizliyi səciyyələndirən heç də sonuncu amil sayıla bilməz. Rusiya münaqişənin həllini istəmir və status-kvo onun üçün əsl hədiyyədir.
İki dövlət arsında ərazi mübahisəsi yalnız Bakı ilə Yerevanın birbaşa danışıqları vasitəsi ilə həll edilə bilər. Bu danışıqlar erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılması, qaçqınların öz dədə-baba torpaqlarına geri qayıtması və sonda Qarabağda yaşayan ermənilərə geniş muxtariyyat verilməsi ilə nəticələnməlidir. Amma, nə qədərki, Ermənistan Rusiyanın müttəfiqidir, bu tipli danışıqların ədalətli sülhə gətirib çıxaracağına inanmaq sadəlöhvlükdür. Ola bilər ki, Putinin aqressiv siyasəti Qərb və ABŞ-ın bu münaqişənin Rusiyasız həlli yollarını axtarmağa sövq etməsi ilə nəticələnsin.
"Bizim yol"