Arif Hacılı: “Güman ki, mayın 24-də Müsavatın qurultayını keçirmək mümkün olmayacaq”

img

01-05-2014 [13:07]


"Müsavat Partiyası qurultayla bağlı yaranmış vəziyyəti yaxın günlərdə müzakirə edəcək”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A. Hacılı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti partiyanın qurultaya yer ayrılması ilə bağlı müraciətinə hələ də cavab verməyib:
"Çox qəribə hal ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti nəinki Müsavata qurultayını keçirmək üçün yer ayırmır, hətta Müsavat Partiyasının bu barədə müraciətinə cavab vermir. Məhkəməyə müraciət etmişdik və məhkəmə də prosesi uzadır. Bu da göstərir ki, hökumət nümayəndələri Müsavat Partiyasının qurultayının may ayında və ya yaxın zamanlarda keçirilməsini istəmir”
.
A. Hacılı qurultayın keçirilməsinin vacibliyini bildirərək yaranmış vəziyyətlə bağlı yaxın günlərdə partiyada müzakirə aparılacağını vurğulayıb: "Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, qurultayın keçirilməsindən artıq xeyli müddət keçib və biz təcili olaraq qurultayımızı keçirib, strukturlarımızı yenidən müəyyənləşdirərək fəaliyyətimizi davam etdirməliyik. Eyni zamanda qurultay məsələsinin uzanması partiyanın fəaliyyətinə müəyyən problemlər yaradır. Partiyanın Nizamnaməsinə uyğun olaraq, strukturların yenidən formalaşması, rəhbər şəxslərin yenilənməsi və başqa addımların atılması bütün hallarda istənilən partiyanın dinamikliyinə və çevikliyinə müsbət təsir göstərir”.

A. Hacılı qurultayın təxirə salınacağını istisna etməyib: "Hətta indi bizə yer ayrılsa, mayın 24-də qurultay keçirə bilərik. Çünki qurultayın keçirilməsi üçün təxminən bir neçə həftə vaxt lazımdır. Müsavat strukturlarında seçkilər keçirilməzdən əvvəl namizədlər irəli sürülür, təbliğat kampaniyası aparılması üçün şərait yaradılır. Bu baxımdan Müsavata yer ayrıldıqdan 3-4 həftə sonra biz qurultayımızı keçirə bilərik. Ancaq görünür ki, hökumət yaxın vaxtlarda Müsavata yer ayırmaq niyyətində deyil. Bu səbəbdən, çox güman ki, mayın 24-də qurultayı keçirmək mümkün olmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA