“Azərbaycanda nəyə görə tənqid olunduqlarını anlamırlar” - ABŞ səfiri

img

01-05-2014 [10:13]


"Azərbaycanla ABŞ arasında münasibətlər çox vacib və möhkəmdir, ancaq çətinliklər də az deyil”. 

Aprelin 30-u Vaşinqtonda ABŞ-Azərbaycan əlaqələrinə dair tədbirdə çıxış edən səfir Riçard Morninqstar belə deyib. Səfir Qarabağ probleminə toxunaraq deyib ki, ABŞ və Avropa Azərbaycanın suverenliyini və müstəqilliyini qəti şəkildə dəstəkləyir. O, Ukrayna hadisələrinin Dağlıq Qarabağ probleminin həllinin vacibliyini göstərdiyini vurğulayıb və qeyd edib ki, Rusiyanın tam əməkdaşlığı olmadan problemin həlli çox çətindir.

"Azadlıq” radiosunun məlumatına görə, Morninqstar ABŞ-ın Ermənistanla Azərbaycan arasında insanların ünsiyyət qurmasını dəstəklədiyini deyib: "Bunun qatı müdafiəçiləri olan jurnalist Rauf Mirqədirovun həbsi, hüquq müdafiəçisi Leyla Yunus və politoloq Arif Yunusla bağlı istintaqın başlanması Ermənistanla Azərbaycan arasında təmaslara ziyan vurur və bu yanlışdır”.

Diplomat deyib ki, Azərbaycanla ABŞ-ın münasibətlərində çətin olan sahə insan haqları və demokratiyadır: "Azərbaycanda nəyə görə tənqid olunduqlarını anlamırlar. Onların arqumenti budur ki, Azərbaycan təhlükəli regionda yaşayır və sabitlik qorunmalıdır. Onlar bildirirlər ki, 20 ildə çox böyük işlər görüblər. Bunlar doğrudur, ancaq ABŞ bu fikirdədir ki, Azərbaycanda açıq cəmiyyət daha böyük sabitlik yaradacaq. Keçmiş dövlət katibi Hillari Klinton bir neçə il əvvəl Bakıda olanda dedi ki, ABŞ-ın ən güclü münasibətləri açıq cəmiyyətli ölkələrlədir. Azərbaycan və ABŞ demokratiya, insan haqları sahəsində birlikdə işləməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA