Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bir arada: "Hazırda dünyada yeni çağırışlar və təhdidlər var" - Birgə bəyanat verilib, yeni sənədlər imzalandı (SİYAHI/(FOTO)
14-12-2022 [14:00]
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə çıxış edən Türkmənistan lideri deyib ki, regionda yeni reallıqlar yaranır: "Enerji və nəqliyyat sahəsində əməkdaşlıqla bağlı mühüm addımlar atılır: “Azərbaycan, Türkmənistan və Türkiyə bu istiqamətdə çoxtərəfli və koordinasiyalı addımlar atır. Nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinin lazım olduğunu düşünürük. Parlamentlərarası əlaqələri də inkişaf etdirməyin lazım olduğunu düşünürəm. Xüsusilə indiki həssas zamanda digər sahələrdə də əlaqələr davam etməlidir".
Prezidentin sözlərinə görə, Azərbaycan, Türkmənistan və Türkiyə bundan sonra da əməkdaşlığı davam etdirəcəklər.
Ərdoğan isə deyib ki, bugünkü hədəf regional və beynəlxalq imkanları rifah naminə dəyərləndirməkdir: "Qarabağın 30 illik işğalına son verən Vətən müharibəsi Türk Dövlətləri Təşkilatının son uğurlarındandır. Həmçinin, Şimali Kiprin TDT-yə müşahidəçi ölkə kimi üzvlüyü həmrəyliyimizi daha da artırıb...".
Ərdoğan bildirib ki, bugünkü görüşdə imzalanacaq sənədlərlə əlaqələr daha da gücləndiriləcək: "Üç ölkənin nazirlərinin iştirakı ilə təməli qoyulan üçtərəfli platformalar müsbət nəticələr verir. Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdşalığa hazırıq. Türkmənsitan və Azərbaycanın ölkəmizə elektrik ixrac sahəsində də əməkdaşlığa hazırıq”.
Prezident İlham Əliyev isə çxışında deyib:
- Hörmətli Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov.
Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.
Əziz dostlar.
Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürümü bildirirəm.
Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.
Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır.
Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.
Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir.
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.
2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.
Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.
Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik.
2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.
Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.
Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.
Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.
2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.
Sağ olun.
***
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib.
Mia.az xəbər verir ki, bəyanat dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra qəbul olunub.
***
Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib.
“Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.
“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”nı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd Amannepesov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
“Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu” Türkmənistanın Dövlət Gömrük Komitəsinin sədri Maksat Xudayqulıyev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzalayıblar.
“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.
***
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
Mia.az xəbər verir ki, Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı ilə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirərək, dəvəti qəbul etdiyinə və Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə etdi, bu Zirvə Görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident Sərdar Berdiməhəmmədova minnətdarlığını bildirdi. Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında