Müsavatın "düyün"ə düşən - QURULTAYI

img

27-04-2014 [15:42]


Müsavat Partiyasının mayın 24-nə təyin olunan qurultayının keçirilməsi bu həftə olacaq məhkəmənin nəticələrindən asılıdır. Partiyanın qurultayın keçirilməsi üçün yer ayrılması ilə bağlı BŞİH-nə etdiyi müraciət hələ də cavabsız qalıb.

Bunun qarşılığında Müsavat Partiyası Bakı meriyasını məhkəməyə verib. Aprelin 29-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ilkin məhkəmə prosesi olacaq.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı keçirilmə vaxtı artıq müəyyən olunan qurultayın baş tutub-tutmamasının Azərbaycan hakimiyyətindən asılı olduğunu bildirdi: "Əslində, partiyamızın qurultayının keçirilmə vaxtı 3 aya yaxındır ki, dəqiqləşib. Sadəcə, bunun üçün uyğun yerin ayrılmaması ucbatından problemlər yaranıb. Hakimiyyət nə vaxt yer ayıracaqsa, o zaman da qurultay keçiriləcək”.

Arif Hacılı artıq qurultay üçün dəvət olunacaq qonaqların siyahısının da müəyyənləşdirildiyini qeyd etdi: "Artıq indidən qonaqlarımızı təxmini də olsa, müəyyənləşdirmişik. Yer ayrıldıqdan sonra qonaqların dəvət olunması və qurultayla bağlı təşkilatı işlərin aparılması da uzun zaman çəkəcək. Dəvət olunacaq qonaqlar sırasında Milli Şura, AXCP və YAP nümayəndələrinin olub-olmayacağı barədə indidən fikir söyləmək düzgün olmaz. Bütün bu məsələlər qurultayın keçiriləcəyi dəqiq zaman müəyyənləşəndən sonra bəlli olacaq”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlıda hər şeyin məhkəmənin qərarından asılı olduğunu bildirdi: "Məhkəmədən xahiş etmişik ki, "Siyasi partiyalar haqqında” Qanuna müvafiq olaraq, Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması ilə bağlı qərar çıxarılsın. Məhkəmə ədalətli olarsa, BŞİH də məcbur olub, qurultay üçün yer ayıracaq. Məhz bundan sonra qurultayın vaxtı dəqiqləşəcək. Yox, əgər, bu məsələ uzadılsa, partiya bundan sonra atacağı addımları müəyyənləşdirəcək”.

Başqan müavini qonaqların çağırılması ilə bağlı bəzi siyahıların artıq dəqiqləşdiyini diqqətimizə çatdırdı: "Qonaqlarla bağlı müəyyən siyahılarımız artıq hazırdır. Amma konkretləşdirilməyib. Çünki qonaqların sayı ayrılacaq yerin tutumundan asılıdır. Çağırılacaq qonaqların sırasında Milli Şura, AXCP yaxud YAP təmsilçilərinin olub-olmayacağını indidən deyə bilmərəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA