"Bu günlərdə Türkiyə baş nazirinin qondarma soyqırımla bağlı ermənilərə mesajı oldu. Bizim özünü vətənpərvər hesab edənlərimiz buna xüsusi diqqət ayırsınlar, bunun üzərinə getsinlər, nəinki Elton Məmmədovun uşaqlarına ləkə vurmağa çalışsınlar”.
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğullarının "avtoş” videoları ilə bağlı müzakirələr səngimir. Bu videolar yayılandan sonra tənqidlərlə yanaşı, Məmmədovların müdafiəsinə qalxanlar, onların hərəkətlərində hansısa qanunsuzluq, qudurğanlıq olmadığını bildirənlər də var.
Məmmədovları müdafiə edənlərdən biri də millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı olub. O, mediaya verdiyi açıqlamada deyib: "Mən Elton Məmmədovun uşaqlarını tanıyıram. Onlar çox abırlı və öz yerlərini bilən uşaqlardır. Uzun müddət Rusiyada yaşamış Elton Məmmədov nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun hesabına yox, öz hesabına millət vəkili adını qazanan dəyərli ziyalıdır. O, öz sahəsini kifayət qədər peşəkar bilən adamdır. Onun övladlarını qudurğan saymaq, qətiyyən, doğru deyil. Əgər yadınızdadırsa, bir zamanlar Kəmaləddin Heydərovun da oğlunun barəsində belə yazılar çap olunurdu. Amma sonradan məlum oldu ki, o xaricdə təhsil almış kifayət qədər tərbiyəli və qabiliyyətli oğlandır. Yaxud Ziya Məmmədovun oğlu Anar Məmmədovun da haqqında belə yazılar yazılırdı. Amma Anar Məmmədov bu yazıları yazan insanlardan daha çox mühüm işlər görüb”.
Millət vəkili hesab edir ki, məmur övladı bir iş görən kimi bu barədə yazılır, amma sıravi vətəndaşın övladı bu qanunsuzluğu edəndə adi qarşılanır: "Bunun fərqi yoxdur, çünki hamımız bu ölkənin vətəndaşıyıq və hamı da qanun qarşısında bərabərdir. Onu da qeyd edim ki, çox vaxt məmur övladları barəsində mətbuata bu cür məlumatların sızdırılmasında oliqarxlar arasında gizli savaşın fiquruna çevrilən qüvvələrin rolu olur”.
Qeyd edək ki, Rüstəmxanlılar bir neçə il öncə Məmmədovlarla quda olublar.
Bu baxımdan, heç şübhəsiz, ailəni tanıyır və oradakı mühitə bələddirlər. Məhz buna görə də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını da danışdıraq. Bir qadın, ana gözü ilə Məmmədovlar ailəsinin gəclərini necə gördüyünü soruşaq.
Bu haqda suallarımıza cavab olaraq T.Rüstəmxanlı dedi: "Öncə onu qeyd edim ki, nazirlərin, məmurların övladları hər zaman daha diqqətli, daha nümunəvi olmalıdırlar. Onlar hər addımına nəzarət etməlidirlər, çünki təkcə özlərinin həyatını yaşamırlar, bir az da valideynlərinin həyatını yaşayırlar. Amma ”bu filankəsin oğludur, bunu hədəfə alaq, bir ləkə vuraq" düşüncəsindən xilas olmaq lazımdır. Mən bir neçə yüksək vəzifəli məmurların övladlarını tanıyıram ki, onlar kifayət qədər vətənpərvər, mədəni, milli ruhlu, dövlətimizin mənafeyi uğrunda canından keçməyə hazır olan, xaricdə Azərbaycanı təbliğ edən gənclərdir. Konkret olaraq Elton Məmmədovun oğlanlarına gəlincə, bu ailə ilə qohumluğumuzu qoyaq bir kənara, biz hamımız Azərbaycan cəmiyyətində yaşayırıq. Hər birimizin də övladlarımız var. Hər halda, düşünürəm ki, insanlarımız hər şeyi qara görməkdən vaz keçməlidirlər. Xüsusilə övladlarla bağlı məsələdə. Elton müəllimin oğlanlarının hər ikisi mənim oğlumla dostdurlar.
"Bu uşaqlar haqqında indiyədək bir neqativ hərəkət görməmişəm, eşitməmişəm və belə bir əməlləri də yoxdur”
Onlar bir yerdə oxuyublar, dostluqları oradan başlayıb. O uşaqların - Aynar və Elnurun hər ikisini çox gözəl tanıyıram. Çox ağıllı, tərbiyəli, böyük-kiçik yeri bilən gənclərdir. Bir dəfə də olsun onların hansısa bir qudurğan hərəkət etməsini, kiməsə haqsızlıq etmələrini görməmişəm, eşitməmişəm. Tam səmimi deyirəm, bu adamları qohumumdur deyə müdafiə etmirəm, sadəcə ağa qara deyə bilmərəm axı. Bu uşaqlar haqqında indiyədək bir neqativ hərəkət görməmişəm, eşitməmişəm və belə bir əməlləri də yoxdur. Tutaq ki, gənclik həvəsi olaraq, ya da ən əziz bir gündə, doğmasının və ya özünün toyunda gəlin gətirilən zaman, yaxud hansısa bir vaxtda maşınını nümayiş etdirib. Kiminsə bunu çəkib yayması, kampaniyaya çevirməsi doğru hərəkət deyil. Axı, maşın sürmək qudurğanlıq, tərbiyəsizlik deyil, bunu bu şəkildə təqdim etməyin mənası nədir? Əgər kiminsə atası məmurdursa, deputatdırsa, buna görə onun övladlarına qarşı qara piar aparmaq xoşagəlməz işdir. Mən də anayam. Mənim də övladlarım var. Mənə görə mənim övladım heç bir acı yaşamamalıdır. Mənim tutduğum mövqeyə görə uşağıma çamur atılmamalıdır. Hansı ki, bir zamanlar bizim də uşaqlarımız çamur atmaq cəhdləri olub. Cəmiyyətdə üzdə olan hər kəs bu situasiya ilə bu və ya digər şəkildə üzləşib.
Mən bu uşaqlar haqqında aparılan kampaniyaya, haqlı-haqsız yazıların dərc edilməsinə müsbət baxmıram. Ortada nə məqsəd var. Kimin sifarişidir deyə bilmərəm, amma bu təsadüfi məsələ təsiri bağışlamır.
Üzdə olmayan, heç kimin tanımadığı şəxslərin uşaqları var ki, ən qəddar cinayətlər törədirlər, əxlaqsız hərəkətlər edirlər, amma bunlardan kimsə xəbər tutmur. Yəni bu uşaqların atası məmurdur, üzdə olan adamdır deyə onları mənfi şəkildə qələmə vermək olmaz. Bunu edənlər yaxşı olar ki, qara piara sərf etdikləri enerjilərini ermənilərə qarşı mübarizəyə həsr etsinlər. Bu günlərdə Türkiyə baş nazirinin qondarma soyqırımla bağlı ermənilərə mesajı oldu. Bizim özünü vətənpərvər hesab edənlərimiz buna xüsusi diqqət ayırsınlar, bunun üzərinə getsinlər, nəinki Elton Məmmədovun uşaqlarına ləkə vurmağa çalışsınlar".
T.Rüstəmxanlı bildirdi ki, hazırda cəmi 3-4 məmur övladı xaricdə Azərbaycanın dövlətçilik maraqları uğrunda lobbi fəaliyyəti ilə məşğuldur: "Onlardan mənim şəxsən tanıdığım ikisi var; biri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov, digəri Ziya Məmmədovun oğlu Anar Məmmədov. Onların hər ikisinin bu ölkənin mənafeyi uğrunda gördüyü işlər danılmazdır. Diaspor fəaliyyəti, Qarabağ həqiqətlərinin təbliği yönündə ciddi işlər görürlər. Biriləri bunu görmür, amma hansısa bir maşın videosunu tapıb kampaniya aparırlar. Hər şeyi qara görmək olmaz”.
musavat.com