Jurnalist Fərahim İlqaroğluna qarşı sui-qəsdi kim sifariş etdi? - VİDEO
26-04-2014 [11:34]
"Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu 25 aprel 2014-cü il tarixdə saat 10 radələrində yaşadığı evin (Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küç, ev 6) qarşısında naməlum şəxs tərəfindən amansızlıqla döyülməklə fiziki təzyiqə məruz qalıb. Əməkdaşımızın avtomobilindəki video-qeydedici vasitəsilə hadisənin görüntüsünü olduğu kimi almaq mümkün olub. Hadisədən 1 saat sonra musavat.com tərəfindən yayılan çəkilişdən göründüyü kimi idmançı görkəmindəki həmin şəxs Fərahim İlqaroğlunu əvvəlcədən evin qarşısında gözləyib, əməkdaşımız avtomobilinə mindiyi vaxt onu yanına çağırıb.
Jurnalistlə guya söhbət etmək istədiyini bildirən həmin şəxs bu əsnada heç bir şeydən şübhələnməyən Fərahim İlqaroğlunun sifətinə zərbə endirib. Daha sonra əməkdaşımzı idman fəndi ilə yerə yıxıb, qarın və baş nahiyəsinə zərbələr endirib. Bir neçə dəqiqə sonra daha bir naməlum şəxs həmin adamı hadisə yerindən uzaqlaşdırıb.
* * * F.İlqaroğlu cinayətdən dərhal sonra musavat.com-a məlumat verib. Əlavə edib ki, hücuma məruz qalmasının səbəbini bilmir, basqınçını da tanımır.
* * * Hadisə yerinə polislər gəlib. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin tədqiqatçıları ilkin araşdırma aparıblar, zərərçəkəni və şahidləri dindiriblər, video-lentə baxış keçiriblər. Daha sonra F.İlqaroğlu tibbi ekspertizadan keçirilib.
* * * Cinayətin videosundan da göründüyü kimi, cinayətkar oraya məhz F.İlqaroğlunu döyməyə gəlib. Onun ətrafa diqqətlə baxması, jurnalistin evdən çıxmağını gözləməsi hadisənin planlaşdırılan bir sui-qəsd olduğuna şübhə yeri qoymur. İdmançı olduğu şübhə doğurmayan şəxs onunla bir neçə saniyə söhbət edir, sonra qəfil ona yumruq vurur, belindən tutub yerə yıxır, ardıcıl təpiklər endirir, sonra yenə yumruqlamağa başlayır. Jurnalisti vəhşicəsinə döydüyü an daha bir idmançı cüssəli və idmançı geyimində olan şəxs də video-qeydediciyə düşüb. Oradan görünür ki, hadisə yerində idmançı cüssəli digər şəxs davaya qarışmır, amma jurnalisti döyən şəxsə yaxınlaşaraq "daha bəsdir” mənası verən jestlə onu ayırıb aparır.
Mütəxəssislər hesab edirlər ki, F.İlqaroğlunun belindən fəndlə tutub yerə yıxılması idmanın cüdo növünə aid priyomdur.
Bu da onu döyən şəxsin idmançı olduğuna əsas yaradır. Bir daha qeyd edək ki, video jurnalistin maşınında açıq qalmış avto-qeydedicinin yaddaşından götürülüb. Bir sıra avtomobillərdə bu cür kameralar var.
* * * İstintaqa ilkin ifadə verən, tibbi ekspertizadan keçən jurnalist digər prosedurları da keçəndən sonra redaksiyaya gəlib. F.İlqaroğlunun musavat.com-a verdiyi məlumata görə, həkimlər onda yüngül dərəcəli kəllə-beyin silkələnməsi, bədəninin müxtəlif nahiyələrində qançırlar, bir dişinin sınmasını, dodağının partlamasını, sifətinin sol almacıq sümüyünün zədələnməsini müəyyən ediblər. Jurnalist aprelin 26-da bir daha ekspertizadan keçiriləcək.
F.İlqaroğlu qəzetin redaksiyasında başına gələnləri danışıb, bir sıra suallara cavab verib. Heç kimdən şübhələnmədiyini, həyatda isə şəxsi düşməninin olmadığını söyləyən jurnalist baş verən hadisəyə görə şok yaşadığını da etiraf etdi: "Həmin binaya təzə köçmüşəm. Kirayənişinəm. Valideynlərim və bacımla birlikdə qalırıq o evdə. Səhər durub işə gəlməyə hazırlaşırdım. Avtomobili təzə işə salmışdım. Bu səbəbdən də maşınıma qoydurduğum video - "registrator" işləyirdi. Sonra da artıq hər kəsin izlədiyi hadisə baş verdi... Qəzetlərə şok vəziyyətində verdiyim açıqlamalarda məni bıçaqla vurmaq istədiyini demişəm. Hələ də mənə elə gəlir ki, o, məni bıçaqlamaq istəyib, ən sonlarda. Lakin videoda onun əlində bıçaq görünmür... Görünür, şok vəziyyətdə təəssüratım fərqli olub". Jurnalist dedi ki, gözləmədiyi ilk zərbə onu "naqdaunt” duruma salıb, tarazlığını pozub. Bundan dərhal sonra isə sui-qəsdçi cüdo fəndi işlədərək, jurnalisti yerə yıxıb. Ardınca da sifətinə və baş nahiyəsinə təpiklə zərbələr endirib: "Bu səbəbdən də heç bir müqavimət göstərə bilmədim”. Jurnalist iddia edir ki, videodakı ikinci "kapşon”lu şəxs də cinayətin ortağıdır: "Məni vuran komandanı həmin qara paltarlıdan aldı. Döyülmə işinə də həmin adam son verdi. Sonra bir yerdə oradan uzaqlaşdılar”.
Axır vaxtlar hansı problemləri yazmasından danışan əməkdaşımız bildirdi ki, Xətai rayonunda yaşıllıqların qırılmasından, yolun tən ortasında yarmarka açılmasından yazırdı: "Rayonun icra başçısı Razim Məmmədovdan davamlı olaraq yazırdım. Amma o yazılardan sonra bir reaksiya olmayıb. Şübhələnirəm ki, yaşıllıqlar kəsiləndə icra nümayəndələri yaxınlaşıb ərazidəki maşınların nömrələrini bir-bir yazıb, siyahıya alırdılar. Gördüm bir nəfər mənim maşınımın nömrəsini də yazıb götürdü. Bəlkə buna görə ediblər. Mən həm də APA internet televiziyasının gecə müxbiriyəm. Həftədə 2-3 dəfə gecə çəkilişinə gedirəm. Adətən icra nümayəndələri jurnalistlərin maşınlarının nömrələrini götürürlər. Bundan əlavə, nəqliyyat müfəttişləri ilə bağlı çəkilişim olub". Jurnalist daha sonra hadisə yerinin sxemini çəkmək üçün istintaqla birgə evinə yola düşüb. "Yeni Müsavat”ın baş redaktoru cinayət işi ilə bağlı daxili işlər nazirliyi ilə bir neçə dəfə əlaqə saxlayıb. Eyni zamanda, daxili işlər naziri Ramil Usubova prosedur qaydasında rəsmi müraciət edib. Nazirlikdən əminliklə bildirilib ki, bu iş açılacaq və təqsirkarlar müəyyənləşdirilib, cəzalandırılacaq. Baş verən hadisə ilə bağlı siyasi partiyalardan, deputatlardan və Mətbuat Şurasından "Yeni Müsavat”a "keçmiş olsun” mesajları göndərilib, zənglər edilib.
Rauf Arifoğlu: "Bu işin üstü açılmayacaqsa...”
"Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, Fərahim reportyordur, bir qayda olaraq hadisələrdən yazır: "Onun son vaxtlar ən çox yazdığı yazılar Xətai rayonu barədə olub. O, bu rayonda baş verən bir sıra hadisələrə dair reportajlar hazırlayıb, rayonun rəhbəri Razim Məmmədovu hiddətləndirə biləcək təfərrüatlardan bəhs edib, onun adını başlığa çıxaran məqalələr dərc etdirib. İndi redaksiya bu hadisənin baş verməsində R.Məmmədovu və ya Xətai rayonunun rəhbərliyindən kimisə ittiham etmək fikrində deyil, əlimizdə əsaslar yoxdur.
Sadəcə, "itiyi itənin gümanı min yerə getdiyi” kimi, bizim də gümanımız ilk olaraq Xətaiyə gedir. Burada açar fiqur cinayəti törədən o papaqlı şəxsdir, o tapılarsa, tutularsa, bütün məsələlərə aydınlıq gələcək. Yox, həmin adamı tapmaq, tutmaq mümkün olmayacaqsa və bu işin üstü açılmayacaqsa, o zaman bizim versiyalarımız da siyasi çalar alacaq". Qeyd edək ki, artıq "Yeni Müsavat” qəzetinin rəhbərliyi hadisə barədə Daxili İşlər Nazirliyinə müraciət edib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə aktual.az-a deyib ki, hadisə ilə bağlı polisə məlumat verilib: "Jurnalistin hücuma məruz qalması ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Əflatun Amaşov: "Jurnalisti döyən şəxslər tapılıb cəzalandırılacaq”
Mətbuat Şurasının sədri Əflatun Amaşov da əməkdaşımızın döyülməsinə münasibət bildirib. Ə.Amaşov musavat.com-a deyib ki, bu iş Mətbuat Şurasının nəzarətindədir. MŞ sədri həmçinin qeyd edib ki, Daxili İşlər Nazirliyi ilə danışıb, məsul şəxslərin bu məsələ ilə bağlı fikrini öyrənib:
"Nazirlikdən mənə bildirdilər ki, jurnalistin döyülməsi polis tərəfindən ciddi şəkildə araşdırılır, yaxın zamanda jurnalisti döyən şəxslər tapılıb cəzalandırılacaq”.
Ə.Amaşov bildirdi ki, o özü də jurnalistin döyülməsini əks etdirən video kadrlara baxıb, F.İlqaroğlunu döyənlərin sifəti açıq-aydın görünür: "Hesab edirəm ki, bu video kadrlar Fərahimi döyənlərin tezliklə tapılmasına ciddi yardımçı olacaq. Mətbuat Şurası sədri olaraq özüm də bu məsələni ciddi şəkildə nəzarət altında saxlayacağam”.