İlahi oyun! - RESENZİYA

img

22-04-2014 [12:41]


Oyun başladı!

Ad hər şeyin - kitabın, rəsm əsərinin, tamaşanın və ümumilikdə adı olan hər şeyin ekspozisiyasıdır. Bu tamaşanı da daha dəqiq görmək və eyni zamanda anlamaq üçün ən optimal variant onun adından yola çıxmaqdır. Çünki əks halda bizim görəcəyimiz adi, bəsit, kəskin konfliktsiz və üstəgəl indiyə qədər demək olar ki, bildiyimiz, hətta zahirən artıq bizim üçün köhnəlmiş olan sıradan bir boy hadisəsindən başqa bir şey olmayacaq. Elə isə niyə məhz ilahi oyun?

***Mikayılın çıxartdığı oyun***

Hər bir ciddi, əqidəli rejissor bir tamaşanı plan doldurmaq, boş qalmamaq, "tamaşa qoymaq” xətrinə yox, öz təxəyyülünü, fikirlərini, beyninin məhsulunu realizə etmək və onu tamaşaçıya, cəmiyyətə satmaq üçün hazırlayır. O zaman mənim də, teatr ictimaiyyətinin də ciddi və öz üzərində daim çalışan bir rejissor kimi tanıdığı Mikayılın da niyə məhz bu "bəsit” mövzulu əsərə müraciət etməsi ilk baxışdan sual doğurmurmu? Və əslində hər şey bu qədər bəsitdirmi? Həqiqətən bu gün müasir teatrda eposa müraciət etmək doğrudurmu və bu epos, onu batini, məna yükü bu günlə səsləşirmi? Demək ki işin içində bir oyun var, bəli oyun, Mikayılın çıxartdığı oyun! Bəs bu nə oyundur?

***Yaradılış – Allah***

"Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan bu tamaşanın, etnomuziklın ilk səhnəsindən, Kutun (Novruz Novruzlu) ifasından sonrakı səhnədən başlayır oyunun bütün mahiyyəti. Yeri gəlmişkən elə o səhnədən etibarən əsas özəlliklərdən biri davamlı olaraq fərqliliyi ilə nəzərə çarpan tamaşanın rəssam işinin (Mustafa Mustafayev) uğurlu olmasıdır. Eyni zamanda musiqi tərtibatı da (Amid Qasımov) kifayət qədər uğurlu alınıb və musiqilər, ahənglər olduqca rənglidir. Həmin səhnədə qəbirlər açılır və aktyorlar (insan, yaradılış) peyda olur. Onlar düşünmür, sadəcə davranır. Burada ilk baxışdan canlanmanı, dirilməni realizə edən xüsusi rəqs var. Əslində isə bu mövcudluqdan sonrakı dirilmə deyil, ilkin, yəni yoxdan yaradılışdır. Bir çox kompozisiyalarda istifadə olunan və təxminən canlanmayla, əzalara baxmaqla məzmunca dirilməni, oyanmanı əks etdirən bu rəqsdə normalda aktyor bunları edərkən qismən təəccüblənir, duyğulanır, düşünür. Bu muzikldə isə bir fərq var. Buradakı rəqsdə tamaşaçının aktyorda gördüyü oyanma, canlanma, duyğulanma yox, reaksiyasız ilkin yaranmadır. İnsanın, bəşərin ilkin yaranması. O yaranarkən dərhal nəyisə düşünmür. Heç düşünmək haqqında da düşünmür. O sadəcə davranır, yaşayır, harmoniyaya tabe olur və hərərkətləri də qeyri-ixtiyari, mexanikidir. Ruhuna, varlığına, beyninə gələn ilk şeyləri edir, qırıq səslər çıxarır, hərəkət edir, yaşayır və nitqi kamilləşincə (bunlar tamaşada cəmi bir neçə saniyə ərzində baş verir) ilk olaraq onu yaradanın, Allahın adını zikr edir. Həyatın da, bu tamaşanın da sonrakı gedişində bütün gözəlliklərin əsasını qoyur bu ilk zikr!

Bunu xüsusi qeyd etmək yerinə düşər ki, tamaşanın aktyor seçimi kifayət qədər uğurludur. Musiqi sahəsindəki yaradıcılığı ilə tanıdığımız Novruz Novruzlu, peşəkar aktyor bacarıqlarından əlavə səhnədə daim musiqi alətlərində, xüsusilə, gitarda ifası ilə fərqlənən Ozan ata - Vidadi Həsənov, bu muziklin kifayət qədər uğurlu olması üçün sinxron rəqslərdən əlavə digər səhnələrdə də kifayət qədər məsuliyyətli plastik hərəkətlər toplusu ilə yüklənən, bunların da öhdəsindən ustalıqla gələn Ozan oğul - Pərviz Məmmədrzayev və Ozan ana - Nigar Güləhmədova. Bu tamaşada mənim üçün olan ilklərdən biri də Vidadi Həsənovun (bu tamaşa üçün seçilmiş xüsusi ahənglə)mükəmməl saz ifası oldu. (Buna qədər Vidadi Həsənovun ancaq gitarada ifa etmək qabiliyyətinə bələd idim.) Tamaşada, həmçinin Novruz Novruzlunun ifaları olduqca gözəl və harmonikdir. Və eyni zamanda da bütün aktyorların sinxron ifaları. Tamaşanın Xatunu da bacarıqlarını kifayət qədər sərgiləməyə çalışdı. Bu xüsusilə də oğlunun, Bugacın itkisindən sonrakı səhnələrdə daha aydın və gözəl nəzərə çarpırdı. Ümumiyyətlə, tamaşa boyu bütün aktyorlar bir oldular, bir-birini duydular, gördülər, anladılar.

*** "Oyun”un mahiyyəti***

Rejissor ideyanı bir neçə xətt üzrə təqdim edir. Tamaşanın adından bəlli olduğu kimi rejissorun qabartdığı ən böyük dərd, problem insanın, bəşərin oyundan, dolayısıyla yaradılışın, varlığın harmoniyasından çıxmasıdır. İlkin yaradılış mərhələsində insan düşünmür, sadəcə iman edir, harmoniyaya tabe olur və var olur. Bütün bəlalar isə insan "düşünməyə” başladıqdan sonra ortaya çıxır. Əsərə nə qədər mifik yanaşılsa da, epos kimi "nağıllardan” ibarət olduğu düşünülsə də məsələ, əslində olduqca ciddidir. İlkin mərhələdə insan təbiətlə bir bütöv idi. O təbiətlə birbaşa rabitədə idi. İnsanların elə eposdan göründüyü kimi duaları da tez qəbul olurdu. (Təkcə Dədə Qorqudda müxtəlif boylarda buna bir neçə misallar var) Hətta təbiətlə olan bir kəlmə sözlü əhd-peymanın belə ciddiyyəti var idi. Məsələn, tamaşada gördüyümüz kimi Xatunun övladlarının olması üçün Dirsə xana verdiyi məsləhət və övlad istəyinin reallaşması. Xatun:

Ac görsən, doydur; çılpaq görsən, geyindir!
Borclunu borcundan qurtar!
Təpə kimi ət yığ, göl kimi qımız sağdır!
Böyük şadlıq məclisi qur, Allahdan arzunu dilə!
Bəlkə bir ağzı dualının alqışı ilə
Tanrı bizə bir yetkin övlad verə, – dedi.

Göründüyü kimi burada təbiətlə harmoniyadan, bütövlükdən əlavə bir də sosiallaşma, səxavət, inanc ( Ac görsən, doydur; çılpaq görsən, geyindir!
Borclunu borcundan qurtar kimi) və.s amillər də önə çıxır. Və nəticə - "Allah bir ağzı dualının alqışı ilə övlad verdi”. Bu bütövlük nəinki ilkin yaradılışda, hətta son yüzilliklərdə də mövcud idi. Folklorda da buna kifayət qədər misallar var. Quraqlıq zamanında insanlar toplu halda yağış yağması üçün dualar edərdilər və hacətləri dərhal rəva olardı. Sonrakı əsrlərdə (VII əsr – İslam dini) də yaranan din əslində düşünüklü olaraq bu harmoniyanın davamı idi. Təsadüfi deyil ki, məhz İslam dinində də quraqlıq zamanı oxunan dualar, zəlzələ, daşqın və ya hər hansı bir təbiət şıltaqlığı zamanı qılınan ayət namazları mövcuddur. Demək ki, din də insanın təbiətlə birbaşa rabitəsi olduğunu, dolayısıyla insanın təbiətin bir parçası olduğunu önə çəkirdi. Ancaq insan "düşündükcə”, sorğuladıqca, yerli-yersiz hər şeyi "bilməyə” cəhd etdikcə bu bağlar qopmağa başladı. Müasir zamanda isə bundan demək olar ki, heç əsər qalmadı. XX əsr müsəlman dünyasının böyük mütəfəkkiri sosioloq Əli Şəriətinin dediyi kimi "Allah insanı kainatla bir var etdi, ona açıq səma, meşə, çay, dəniz, ucsuz-bucaqsız təbiət verdi, insanlar isə özlərini kiçik evlərə, saraylara, dördkünc otaqlara həbs etdilər”. Rejissorun qabartdığı bu xətt tamaşa boyu açıq-aydın bəlli olur. Bəs çıxış yolu nədir və rejissor nə təklif edir?

***Özə dönüş***

Rejissor geriyə baxmağı, harada yanlışa yol verdiyimizi düşünməyi, daha dəqiq desək, özə dönüşü təklif edir. İnsan ancaq təbii halında, təbiətlə bütöv halında kamildir. Ümumiyyətlə, bu tamaşa boyu bir çox mövzular şaxələnir. Burada hürufilik(insanın küllün zərrələri olmasını anlaması) və sufizm elementləri də tapmaq mümkündür. (Ümumiyyətlə, qayıdış artıq dünyadakı bütün mədəni proseslərdə başlayıb. Keçmişə, özə, mükəmməlliyə, təbiiliyə qayıdış. Özü də həm forma, həm də məzmunca. Multikulturalizm buna bariz nümunədir- hətta etnos səviyyəsində çoxmədəniyyətlilik, mentallıq.)

***Taş Oğuz, Kafirlər, "yad qüvvələr”***

Rejissorun tamaşadakı uğurlarından biri də "yad qüvvələr”, "kafirlər” kimi xarakterizə olunan Dirsə xanın 40 atlısını uğurla təqdim etməsidir. İyirmi-iyirmi "bölünmüş” bu qırx atlını Kutdan başqa bütün aktyorlar müxtəlif situasiyalarda canlandırırlar. Özü də çox təbii və çox estetik. Xüsusilə də aktyor Pərviz Məmmədrzayevin ifasında. Məna yükü olaraq bu "taş oğuz”un, "kafir”lərin, "yad qüvvələr”in isə kim olduğunu bilmək üçün yenə qloballaşan dünyada bu gün baş verən məsələlərə diqqət etmək kifayətdir. "Biriləri” sanki hər zaman iç Oğuza, : insanlığa, ədalətə, mənəviyyata, rifaha, azadlığa hər zaman basqılar edir! İstismarlar, ədalətsizliklər dünyanın hər yerində baş alıb gedir. Bu "yad qüvvələrin” hiylələri də tamaşadakı Dirsə xanın 40 atlısının hiyləsi kimi çox rahatlıqla baş tutur. Ancaq əsər də, rejissor da son anda insanlığa, tamaşaçıya bir ümid verir. Bəs kimdir, nədir bu ümid?

***Xilaskar***

Bu ümid Bugacın yaralarına məlhəm edən və onun yarasına əlini toxunduran Xızırdır. Hansı ki eposun özündə belə bu Xızır qeybdən gəlir... Bəs bunun bu günlə nə əlaqəsi? Bizim rejissor bu qədərmi sadəlöhvdür? Əsla! İlkin utopik (əslində, gözlənilən real) fikirlərin nümunəsi olan Nizaminin "İskəndərnamə”sindəki ədalətli sosial quruluşu, cəmiyyəti nə zamansa bərpa edəcək biri (tamaşadakı Xızır) dolayısıyla ədalətin, həqiqətin simvolu olan bir gözlənilən şəxs bu gün də var. Bu həm müsəlman, həm də xristian dünyasının inandığı və qəbul etdiyi arda-arda gələcək iki şəxsdir, Həzrət İsa və Həzrət İmam Mehdi Sahibəz-Zaman. Rejissorun təqdim etdiyi İlahi oyunda Dirsə xanın, onun ailəsinin rifahını pozmağa çalışan biriləri varsa da və hətta onlar bir yerə qədər uğur da qazana bilirlərsə də, ancaq sonda hər şeyə üst qatdan nəzarət edən və son anda ədaləti bərqərar edən bir fövqəlqüvvə var!

***Yumor***

Olduqca ciddi və məna yüklü bir mətn olmasına baxmayaraq, (hərçənd ki, tamaşa boyu qətiyyən zərrə qədər yorğunluq duyulmur)rejissor tamaşaçının komfortunu da düşünüb və bir neçə situasiyalarda aktyor ifasıyla incə yumor qata bilib. Məsələn, Dirsə xanın oğlunun digər üç uşaqla meydanda oynaması və bu zaman buğa ilə qarşılaşmaları. Əsərdə belədir ki, üç uşaq qaçdı və Dirsə xanın oğlu meydanın ortasında dayandı, qaçmadı. Səhnə həllində isə həmin vəziyyətdə uşağı canlandıran aktyor Pərviz Məmmədrzayev də sanki necə deyərlər əkilmək istəyir,(tamaşada bu hissə səsləndirmədə də xüsusi intonasiya ilə verilir) ancaq bunu bacarmadığına görə üzə düşüb meydanda qalır və təbii ki, bu səhnə tamaşaçıda xoş bir təbəssüm oyadır. Tamaşa boyu yumor yaradan ikinci detal isə vasitəsiz nitq olan "dedi” bölmələrinin aktyor ifa və emosiyaları ilə xüsusi işlənməsidir. Bu hissələr demək olar ki, hər dəfə tamaşaçı tərəfindən müsbət qarşılanır və onun təbəssümünə səbəb olurdu.

***Qadın***

Ümumiyyətlə, rejissorun məhz sirlərlə dolu olan bu eposa müraciət etməsinin ən önəmli və vacib tərəflərindən biri də buradakı qadın, onun ətrafında baş verənlər və bunların müasir zamanla əlaqələndirilməsidir. Hər xalqın tarixində bu tip qədim əsərlər, xüsusilə, Azərbaycan coğrafiyasında mövcud olan, yaranan "Dədə Qorqud” eposu həqiqətən toplumun yaddaşı, genofondunun kodlar toplusudur. Səhnə əsərindəki Xatunun timsalında biz həm də patriarxatın (Dirsə xan və onun düşünmədən verdiyi qərar)hökmranlığından sui-istifadənin, qadının, qadın faktorunun zərrə də olsa, gözardı edilməyinin nə qədər yanlış olduğunu görürük. Qəribəsi budur ki, bu epos qədim olduğu qədər müasirdir və gündəmlə həmahəngdir. Bu günün cəmiyyətində qadın mövzusunda, qadına yanaşmada vəziyyət olduqca gərgindir. Bu gün qlobal dünyada, (bizdən də yan keçməyib) kapitalizmin əsiri olan və "qara donlu kafirlər” tərəfindən bilərəkdən əmtəəyə çevrilib istismar olunan, dəyərsizləşdirilən, soyundurulan, abırı aradan aparılan, hörmətdən salınan, hədəfləri, idealları kiçildilən və ancaq "mən qadinam, paltaryuyan deyiləm” kimi xırda eqolarla, cılız istəklərlə "doldurulan” qadın eposdakı, tamaşadakı qadınla tamamən ziddiyyət təşkil edir. Təkcə buna görə bu tamaşa olduqca qiymətlidir. Diqqətlə baxdıqda görürük ki, tamaşada bütün hadisələrin cərəyanını məhz qadın, onun narahatlığı dəyişir. Hökmran qüvvəni, patriarxatı təmsil edən Dirsə xan "kafərlər”in tələsinə düşsə də, Xatunun inadı bütün axarı dəyişir. Burada qadına verilən ikinci bir dəyər Xızırın gəlişi zamanında incə bir xəttlə ortaya çıxır. Zatən qeybdən gələn və fövqəladə bir qüvvəyə malik olan Xızır belə Buğacın yarasına əlini sürtməsinə rəğmən məlhəm kimi onun yanına yenə iki vacib detal da əlavə edir - ana südü və dağ çiçəyi. Yenə də harmoniya, təbiət(dağ çiçəyi) və ana(Allahın yaratdığı ən mükəmməl və zərif varlıq). (Təsadüfi deyil ki, əski mətnlərdə, rəvayətlərdə böyük qan davalarının belə bir qadının müdaxiləsiylə, ortaya başının örpəyini atması ilə dərhal son qoyulardı) Xatunu canlandıran Nigar xanım elə xüsusilə məhz bu hissələrdə özünü tamaşaçıya daha canlı və daha gözəl təqdim edə bildi. (İlk səhnələrdə isə bir-iki çox xırda sapmalar olmuşdu. Məsələn, lap əvvəldə qəbirdən çıxarkən onun sinxrondan qismən yayınmağı)

***Orijinal mətn***

Tamaşanı maraqlı edən məqamlardan biri də mətnin orijinalda olduğu kimi saxlanılmasıdır. Aktyorlar bu işin də öhdəsindən kifayət qədər gələ biliblər. Rejissor dediyi, demək istədiyi məna yükündən əlavə ən xırda detallara qədər hər şeyə rəng qatmağa çalışıb. Məsələn, Bugacın doğulma səhnəsində çox kiçik, ancaq göz oxşayan və hamının anlaya biləcəyi estetik bir səhnə həlli var. Dirsə xanla Xatun rəqs sonrası dayanırlar, qarşı-qarşıya dayanıb əllərini bir-birinə söykəyirlər və bu zaman uşaq (aktyor Pərviz Məmmədrzayev) əlləri ilə onları yavaş-yavaş ayırır və aralarından sürüşüb qarşı tərəfə düşür. Ümumiyyətlə, bütün aktyorlar, xüsusilə, Pərviz Məmmədrzayev bu tamaşada kifayət qədər fiziki hərəkətlərlə yüklənib. Özü də plastika tələb edən hərəkətlər. Məsələn, onun (Buğacın) ov etmə və öz məharətlərini göstərmə səhnəsi, qılınc oynatması, ən əsası at sürməsi olduqca zərif və dəqiq hərəkətlər tələb edirdi ki, aktyor da bunun öhdəsindən gələ bilmişdi. Eyni zamanda, yaşını nəzərə alsaq, Vidadi Həsənovun döyüş səhnəsində mayallaq aşması da buna misal ola bilər.

***Rituallıq və meditasiya***

Ümumiyyətlə, bir şeyi qeyd etmək lazımdır ki, məna çalarlarının genişliyinə, yozumunun zənginliyinə baxmayaraq, bu tamaşa ən bəsit düşüncəli teatr tamaşaçısı üçün də maraqlıdır. Əvvəla, ona görə ki, bol-bol rəqslər, canlı ifalar, musiqilər var. Həmçinin rəssamın işi kifayət qədər göz oxşayandır və darıxdırmır. Bundan əlavə ən vacib detal budur ki, tamaşada bir bütovlük var. Tamaşa boyu heç bir qırılma baş vermir. Sanki başda bir cümlə ilə başlanır və tamaşaçı sonadək səbirsizliklə son sözü gözləyir və bu son söz əvvəldəki sözlə birbaşa bağlıdı və bunların arasındakı bir saatdan artıq zaman kəsiyi heç bir ağırlıq gətirmir. Sanki tamaşa bir ayin, bir ritualdır və meditasiya tiplidir.

***Dirilmə***

Tamaşanın əvvəlində Kut belə bir söz demişdi, "əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı”. Bəli, əcəl alır, yer də gizləyir. Son səhnədə bütün aktyorlar (insan, bəşər) yenidən qəbirlərə qayıdır. Onlar yenə diriləcəklər. Ancaq bu dəfə yoxdan yox, mövcudluqdan var olacaqlar.

Oyun bitdi!

P.SOyun davam edir... O gün mütləq baş verəcək!

Kamal Yaşar (birlik.az saytının köşə yazarı)


Digər xəbərlər
SON XƏBƏRLƏR