Şahid məhkəmə zalında vəkili təhdid etdi

img

08-04-2014 [10:28]


Aprelin 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə "Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.

Gecikmə və qalmaqalla başlanan proses...

Xatırladaq ki, proses saat 10.00-a təyin olunsa da, 11.15-də başladı. İzahat isə bundan ibarət oldu ki, səbəb müttəhilmlərin məhkəməyə gətirilməsinin gecikməsi ilə bağlıdır. İclas zalda AXCP üzvü Kəmalə Bənəniyarlının olmasına görə qalmaqalla başlandı. "Bu qadın özünü apara bilmir, onu zaldan çıxarın” deyən N.Kərimovun tapşırığına əməl edən məhkəmə nəzarətçiləri zorakılıqla K.Bənəniyarlını zaldan çıxardılar. O isə hakimləri qərəzli, qeyri-müstəqil olmaqda ittiham etdi.

Xatırladaq ki, daha öncəki proseslərdən birində də K.Bənəniyarlı məhkəmənin qeyri-obyektiv keçirildiyini deyərək, zalda buna etiraz etmiş və bayıra çıxarılmışdı.

Vəsatətlər rədd edildi

Proses başlayan kimi P.Həşimli və onun vəkilləri vəsatətlə çıxış etdilər. Vəkil Elçin Sadıqov vəsatətində bildirdi ki, Təvəkkül Qurbanov ifadəsində Biləsuvarda İran vətəndaşı ilə görüşərək ondan silahları qəbul etdiyini deyib. T.Qurbanov iranlının sərhədi şəxsi avtomobillə keçdiyini bildirdiyi üçün P.Həşimlinin vəkilləri həmin şəxsin Biləsuvar sərhəd-keçid məntəqəsindəki müvafiq görüntülərinin alınaraq məhkəmə işinə sübut kimi əlavə edilməsini tələb etdi.

P.Həşimlinin digər vəkili Bəhruz Bayramov isə vəsatətində müvəkkilinin evində aparılan axtarış prosesinin videoçəkilişi olan diskin sübutlar siyahısına əlavə olunmasını xahiş etdi. Onun sözlərinə görə, bu günə qədər məhkəmə prosesində ifadə verən şahidlər Pərviz Həşimlinin mənzilində axtarış aparılan zaman zorakılığın olmadığını qeyd ediblər: "Amma bizim əlimizdə zorakılığı təsdiq edən maddi sübut, videogörüntü var. Xahiş edirik ki, bu videogörüntünün yazıldığı disk məhkəmə tərəfindən sübutlar siyahısına qəbul edilsin”.

N.Kərimov isə hər iki vəsatəti baxılmamış saxladı. Hakim bildirdi ki, gələcək proseslərdə zərurət yaranarsa, məsələyə qiymət veriləcək.

"Bəlkə o diskdə toy görüntüləri var?”

Jurnalist isə hakimin bu məsələdə tutduğu mövqeyə etiraz etdi. Onun sözlərinə görə, hər iki vəsatət birbaşa prosesin gedişinə aiddir. Bu səbəbdən də P.Həşimli məhz indiki mərhələdə onun araşdırılmasının vacibliyini vurğuladı: "O iranlı quş olmayıb ki, sərhədi uçub keçsin. Demək, maşınla sərhədi keçib və onun da görüntüləri mütləq qeyd olunmalıdır. İkincisi də Təvəkkül yalan deyir. O, Biləsivurda heç bir iranlı ilə görüşməyib, silahları da ona iranlı verməyib, MTN əməkdaşları verib. Evimdə isə axtarış zorakılıqla aparılıb. Evimin ”reşotkaları"nı kəsib, pəncərəsini sındırıblar. Bu görüntüləri niyə işə əlavə etmək istəmirsiniz?"

Hakim etiraza baxmayaraq, mövqeyini dəyişmədi. "Biz nə bilək bu diskdə nə var” deyən N.Kərimovun sözlərinə görə, diski məhkəməyə təqdim etməyin də öz qaydası var. Onun sözlərinə görə, dəfələrlə məhkəməyə təqdim edilən diskin içindən toy görüntüləri çıxıb: "İzah edirəm ki, bu məsələlərə gələcəkdə, zərurət yaranacağı təqdirdə baxılacaq”.
Bundan sonra isə prosesdə T.Qurbanovun evində axtarış zamanı hal şahidi olmuş Aybəniz Məmmədova ifadə verdi. Bakı şəhər sakini olan A.Məmmədovanın sözlərinə görə, onu şahid kimi telefonla çağırıblar. Tanımadığı MTN əməkdaşı ona zəng edərək, hal şahidi olmasını təklif edib.

A.Məmmədova dedi ki, şahidlik etməsi üçün onu gəlib evdən aparıblar. Nəsimi rayonu ərazisində T.Qurbanova məxsus həyət evinə girdiklərini deyən şahidin sözlərinə görə, təqsirləndirilən şəxs evində silah olduğunu etiraf edib: "Getdi kreslonun altından bir tapança, 2 dənə də ”maqazın" çıxardı və təhvil verdi".

Daha sonra vəkil E.Sadıqov şahidə bəzi suallar ünvanladı. Bu zaman aydınlaşdı ki, A.Məmmədova latın qrafikası ilə oxuya bilmir və ibtidai istintaqa verdiyi ifadəsini də müstəntiq yazıb.

Sual-cavab zamanı aydınlaşdı ki, digər hal şahidi Sevda Aslanova A.Məmmədova ilə qonşudur, onlar bir həyətdə yaşayırlar.

P.Həşilmi isə bu yerdə işdə adı keçən şahidləri MTN-in "ştatlı üzəduranları” adlandırdı. Onun sözlərinə görə, hətta şahidlərdən birinin qolundakı damarından qan gəlirdi: "Görünür ki, ona ”doza"sını vermişdilər ki, gəl şahidlik elə. Baxın da, MTN nə gündədir..."

"Bilsəydim heç şahidliyə razılaşmazdım”

Hakim P.Həşimlinin MTN barədə dediklərinə etiraz edərək jurnalistin bu nazirliyi müzakirəyə haqqı çatmadığını dedi. Bundan sonra jurnalistlə hakim arasında mübahisə yaşandı.

N.Kərimov: "Bir də belə məsələ olsa, səni cəzalandıracağam”.

P.Həşimli: "Baxın da... Xanım özü deyir ki, zəng edib onu çağırıblar. Amma şahid təsadüfi şəxs olmalıdır”.

Hakim: "Nə fərqi var? Bu da Azərbaycan vətəndaşıdır və onun hal şahidi olmaq hüququ var”.


P.Həşimli: "Amma buna zəng edirlər, gəlib evindən götürüb aparırlar. Demək, bunu öncədən tanıyıblar və ondan hal şahidi kimi istifadə edirlər. Həm də xanim deyir ki, Təvəkkül heç həyəcanlanmırdı, sərbəst şəkildə silahı da çıxarıb verdi. Adam hətta bir polisi görəndə həyəcanlanır. Necə olur ki, MTN bu boyda əməliyyat keçirir, amma bu adam heç həyəcanlanmır? Bu isə o deməkdir ki, bu iş qabaqcadan mənə qarşı planlaşdırılıb və Təvəkkül də işdə iştirakçıdır".

T.Qurbanov isə P.Həşimlinin onun barəsində dediklərinə etiraz etdi. Dedi ki, MTN əməkdaşını görəndə həyəcanlanmasına ehtiyac yoxdur, çünki onlar da bir vətəndaşdır: "Məndə silah olub və mən də onu təqdim eləmişəm. Buna görə niyə həyəcanlanmalı idim ki?”

Hakim isə öz növbəsində A.Məmmədovaya "Müdafiə tərəfi deyir ki, sən öyrədilmiş şahidsən. Nə deyə bilərsən” sualı ilə müraciət etdi. Şahid isə bu suala "mən bilsəydim bu belə olacaq, şahidliyə razılaşmazdım” deyə cavab verdi.

Proses Biləsuvar sakini Əlövsət Həsənov adlı şahidin dindirilməsi ilə davam etdi. Savadsız olduğunu, yazı-pozu bacarmadığını deyən şahid məhkəməyə də şəxsiyyət vəsiqəsiz gəlmişdi. Şahid ifadəsində bildirdi ki, Biləsuvar sərhəd keçid məntəqəsi yaxınlığında Hüseynağa adlı şəxsin işlətdiyi "Çay kafesi” adlanan çayxanada gündəlik 6 manata çayçı işləyir. O, T.Qurbanovu göstərərək, bir gün onun "KQB” işçiləri tərəfindən çayxanaya gətirildiyini dedi: "Məndən soruşdular ki, bu adamı tanıyırsan? Mən də tanımadım. Sonra özü dedi ki, burada oturub və çay içib. Mən də dedim tanıdım. Sonra yazdılar, mən də qol çəkdim”. T.Qurbanov dedi ki, o, iranlı ilə görüşüb silahları alandan sonra həyəcanlı olub, bu səbəbdən də çayxanada şərbətə 2 ədəd limon sıxdıraraq içib, yarım saat oturandan sonra isə 2 manat ödəyərək gedib.

Şahid isə T.Qurbanovun dediklərini qismən təkzib edərək onun çay içdiyini və 50 qəpik ödədiyini bildirdi. P.Həşimli ilə şahid arasında olan sual-cavab zamanı məlum oldu ki, onun və başqa məhkəmə işində şahidlik edəcək digər bir həmkəndlisinin Bakıya gəlməsi yerli icra hakimiyyəti tərəfindən maliyyələşdirilib: "Bizə 40 manat yolpulu veriblər ki, gəlib şahidlik edək”.

"Bu söhbətə görə sən mənə cavab verəcəksən....”

Daha sonra isə prosesdə 1970-ci il təvəllüdlü, subay olan Bakı şəhər sakini Orxan Məmmədzadə şahid qismində ifadə verdi. T.Qurbanovun maşınında aparılan axtarış prosesində iştirak edən şahid bildirdi ki, axtarış zamanı T.Qurbanov özü ön oturacağın altından kağıza bükülmüş 2800 dollar pul və üstündə əntiq malların şəkli olan kağızları təhvil verilib.

Şahidin əllərindəki çoxsaylı döymə yazı (tatu) olduğu üçün ona narkomaniyadan əziyyət çəkib-çəkməməsi və məhkumluq həyatı yaşayıb-yaşamaması ilə bağlı sual verildi. Şahid narkoman olmadığını, amma 1994-cü ildə adam döyməyə görə məhkum olduğunu dedi.

Vəkil Elçin Sadıqovun şahidə "2800 dollardan sənə nə qədər verildi” sualına hakim etiraz bildirdi və vəkilə xəbərdarlıq etdi. Şahid isə E.Sadıqova hədə-qorxu gəldi: "Pulu siz alırsınız. Mən heç kimdən pul almıram. Bu söhbətə görə də sən mənə cavab verəcəksən”.

Proses aprelin 14-ü saat 10.30-da davam edəcək. Xatırladaq ki, Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs olunduğunu bəyan edir. "Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini "vicdan məhbusu” kimi tanıyıb.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR