"MTN-də çalışan hakim Novruz Kərimov..." - Jurnalistin məhkəməsi

img

27-02-2014 [17:12]


Bu gün Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hazırlıq iclası keçirilən jurnalist Pərviz Həşimli bəyanat verib. Bəyanatın yazılı mətnini "Yeni Müsavat”a təqdim edən jurnalist orada aşağıdakıları qeyd edib: "Mən bu məhkəmədə günahsızlığımı sübut edəcəyəm. Mənim günahsızlığımın sübutu Bakının Xəzərin qoynunda yerləşməsinin sübutu kimi bir şeydir. Mən heç bir cinayət törətməmişəm. Əksinə, MTN mənə və ailəmə qarşı cinayət edib. Mənə qarşı irəli sürdükləri və hazırladıqları ittihamların saxta olduğuna görə, ifşa olunacaqlar. Ona görə də məhkəmə öncəsi məni vəkillərimdən təcrid ediblər. Bu, Azərbaycanın məhkəmə sistemində bir "yenilikdir”. Hələ mən istintaqın sonunda vəkilim Elçin Sadıqova bu işin vaxtilə MTN-də çalışan hakim Novruz Kərimova verilməsinə dair fikrimi bildirdim. Gözlədiyimiz oldu. Novruz Kərimov vəkillərimi məndən təcrid etməklə MTN-nə bağlı adam olduğunu təsdiqlədi. MTN hakimləri müəyyən edib.

Mən media nümayəndələrindən xahiş edirəm ki, bu qanunsuzluqlar barəsində "Azərbaycanda müstəqil məhkəmə sistemi var” deyən Əli Həsənova, Ramiz Rzayevə, Rəbiyyət Aslanovaya, Əli Hüseynliyə suallar versinlər.
Hörmətli proses iştirakçıları.

Azərbaycan qanunlarına MTN-də təcavüz olunur. Bunu heç kimdən, heç nədən çəkinmədən edirlər. Özlərini cəzasızlıq mühitində hiss edirlər. Mən bu qanunsuzluqlarla bağlı son 6 ayda Prezidentə, Baş Prokurora, Fuad Ələsgərova, Eldar Mahmudova, Ombudsman Elmira Süleymanovaya 30-a yaxın şikayət yazmışam. Amma heç birini ünvanına göndərmirlər. Əksinə, nazir ombudsmana məktub yazır ki, Pərviz Həşimlinin hüquqlarının posulması ilə bağlı şikayəti yoxdur. Mən Eldar Mahmudova 15-ə yaxın ərizə-şikayət yazmışam. Görünür ona yazılanlar da çatmır.

MTN işgəncə, qeyri-insani rəftar və Bakı İstintaq Təcridxanasına köçürülməmlə bağlı Səbail məhkəməsinə şikayətimə dair məktub yollamışdı. Həmin məktubda köçürülməməyimin səbəbi kimi guya təhlükəsizliyim və istintaq sirrinin yayılmaması göstərilib. Bu gün istintaq bitib və məni hansı əsasla orada girov kimi saxlayırlar? Hakim və prokuror bu qanunsuzluğa rəsmi münasibət bildirsin.

MTN rəhbərliyində olan bir qrup şəxs özlərinin vəzifə səlahiyyətlərindən istifadə edib hüquqlarıma qəsd edirlər. Mənimlə veriləcək son məhkəmə qərarımı da artıq üzümə deyirlər. Bildirirlər ki, ən azı 6 il cəza alacaqsan. Bu insanlar üçün bir insanın həyatının məhv edilməsi adi haldır. Bu adamlar anaların, gəlinlərin, körpə övladların gözü yaşlı qalmasından həzz alırlar. Tolstoyun məşhur "Susa bilmirəm” əsərində "Etdiklərinizi xalq, dövlət adı ilə öz çirkin, murdar niyyətləriniz üçün edirsiniz. Tutduğunuz ən acınacaqlı və yaramaz vəzifəni əldə saxlamaq üçün edirsiniz. İndi yaşadığınız və səadət hesab etdiyiniz əxlaqsızlıqda bir az da yaşamaq üçün edirsiniz” fikirlərində sanki Azərbaycanın bu gününü görürmüş”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib