Azərbaycanın xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri Hüseyn Arif deyirdi ki, mən qorxardım ölümdən, dünyaya bizdən sonra gələnlər olmasaydı.
Aşıq sənətinin gələcəyi ustad aşıqları, sazsevərləri və sənət xiridarlarını son zamanlar daha çox narahat etməyə başlayıb. Onların narahatlığına həm əsas var, həm də yoxdur. Həyəcan doğuran məqam odur ki, hazırda aşıq adına iddialı olan, sim tərpədib klounluq edənlər az deyil, təbii bu, sənət üçün çox təhlükəlidir. Ancaq bununla yanaşı çox istedadlı, klassik irsə bağlı gənc aşıqlar nəsli meydana gəlməyə başlayıb. İndi həm güney, həm də quzey Azərbaycanda adı tarixə çevrilən ustad aşıqların nəfəsini, irsini yaşadan gənc aşıqlar çoxdur. Bu da aşıq sənətinin gələcəyi haqda işıqlı düşünməyə əsas verir. Bu gün aşıq sənətinə dövlətimiz də böyük qayğı göstərir. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi işlər isə ölçüyəgəlməzdir. Azərbaycan aşıq sənətində bütün zamanlarda adı qoşa çəkilən aşıqlar olub. Cüt durnaların nəğməsi, avazı dinləyicini ovsunlayıb min dəfələrlə. Sənət tarixində bu qoşalıq aşıq Əmrah Gülməmmədovla aşıq Kamandar Əfəndiyevin, aşıq İmran Həsənovla aşıq Əkbər Cəfərovun, aşıq Avdı Qaymaqlı ilə Dərya Məhəmmədin və başqa aşıqların timsalında özünü göstərib. İki gənc aşıq var ki, onlar da qoşalaşıb sənətin ağır yükünə çiyin verməyi qarşılarına məqsəd qoyublar.
Son illər Azərbaycan telekanallarında, konsert salonlarında birgə görünən gənc aşıqlar Nəbi Nağıyev və Nazim Quliyev doğrudan da həm istedadları, həm ifaları, həm də öyrənmək yanğısı ilə yaşamaları ilə başqa gənclərdən xeyli fərqlənirlər. Bu cavan aşıqların repertuarında klassik havalar üstünlük təşkil edir. Nəbi və Nazimin "Göyçəgülü", "Qoşayarpaq", "Dilqəmi", "Naxçıvani" və digər havacatları duet şəklində oxuması tamaşaçıların yadına adı xatirələrdə, səsi lent yaddaşında yaşayan ustadları salır. Bu gənc aşıqların öz dinləyici, tamaşaçı auditoriyası olduğunu nəzərə alıb onları sizin görüşünüzə gətirdim. Vədələşdiyimiz kimi, aşıq Nəbi və aşıq Nazimlə aşıqların dədə ocağı sayılan Azərbaycan Aşıqlar Birliyində görüşdük. Gədəbəyin Şınıx bölgəsində doğulan bu gənclər həm sinif yoldaşı olublar, həm də dostluq ediblər. Nəbi Nağıyev söhbətimizin başlanğıcında dedi ki, saza marağı olsa da, ailəsinin təkidi və özünün istəyilə ali təhsil alıb. Nazim isə uşaqlıqdan ancaq musiqi ilə məşğul olub. Taleyin işinə bax ki, günün birində Nəbi də əlinə saz götürüb Nazimlə qoşalaşıb. Aşıq Nazim telekanalardan birində keçirilən saz müsabiqəsinin finalçısı olub, Nəbinin aşıq sənətinə gəlməsinə də dostunun müsabiqəyə qatılması səbəb olub. Aşıq Nəbi deyir ki, aşıq Nazim saz yarışmasında iştirak edən zaman o da ora gedirmiş: "Hər dəfə efirqabağı Nazimlə məşq edirdik. Bir dəfə ustad aşığımız Mahmud Məmmədov məni gördü və təkidlə bildirdi ki, sən mütləq aşıq sənətinə gəlməlisən, öz ifanı tamaşaçılardan əsirgəməməlisən. Onun və digər ustadların xeyir-duası ilə sinəmə saz götürüb bu sahəyə gəldim". Aşıq Nazim də söhbətə qoşuldu. O, ustad-şəyird münasibətlərinə toxunaraq dedi ki, konkret olaraq hansısa bir aşığın yanına gedib bu sənətlə məşğul olmayıblar, imkan daxilində bütün ustad aşıqlardan bəhrələniblər: "Vaxtımız olduqca aşıq İsfəndiyar Rüstəmovun, aşıq Mahmud Məmmədovun yanına gedirik, bizi maraqlandıran məsələləri öyrənirik. Mütəmadi olaraq aşıq Qələndərlə, aşıq Dəmirlə, aşıq Altayla görüşürük. Ancaq bununla bərabər öz üzərimizdə özümüz çalışırıq. Dastanlar oxuyuruq, klassik aşıqlarımızın ifalarına qulaq asırıq".
Mövzunu davam etdirən aşıq Nəbi də qeyd etdi ki, bu gün dastanları həm kitablardan, həm də ustadlardan öyrənirlər: "Keçmiş aşıqlar dastanları ustadlardan götürürdülər. Bundan başqa, ağsaqqallar vardı ki, dastanları, sazı aşıqlar qədər, hətta bəlkə onlardan artıq səviyyədə bilirdilər. Toylarda, məclislərdə aşığa, onun danışdığı dastanlara tələbat vardı, bir sözlə, aşığın meydanı geniş idi. Bizim kimi cavan aşıqlar meydana çıxanda o məclislərdə olurdu, saz-söz bilicilərinin imtahanından keçirdi. Biz Azərbaycan aşıq sənətinin bütün mühitlərindən olan ustadların repertuarına, lent yazılarına müraciət edirik. Biz aşıq havalarını mükəmməl öyrənmək üçün ustadlardan məsləhət alırıq. Aşıq Mahmuddan, aşıq İsfəndiyardan, aşıq Maisdən, aşıq Fətulladan və başqalarından bəhrələnirik. Ustad aşıqların vaxtilə ifa etdiyi elə havalar var ki, onların lent yazılarını burada tapa bilmirik. Ancaq onların çoxunu İrandan tapıb gətirtmişik. Aşıq Əkbər Cəfərovun, aşıq İsfəndiyar Rüstəmovun, aşıq Əmrah Gülməmmədovun və başqa aşıqların lent yazılarını əldə etmişik. Dastanlara gəlincə, biz əsasən dastan danışmaq tərzini öyrənməkdəyik, ona görə də dastançı aşıqların danışıqlarını öyrənirik. Yeri gəlmişkən, Kövrək Muradın da yanına gedirik, onun dastan danışığı koloritlidir, danışığı şirindir. Biz axtarırıq, axtardıqca da aşıq sənətinin, sazın, bu irsimizin nə qədər axtarılası mətləbləri olduğunu anlayırıq, axtarışdayıq". Bu gənclərin klassik irsimizə bu qədər sayğılı yanaşması heyrətləndirdi məni. Ağlımdan keçən bu oldu ki, Nəbi və Nazim qızılaxtarana bənzəyir, çünki hər ikisi sənətə üzdən getmək istəmir, dərin qatlara enib başqa gənc aşıqların vaqif olmaq istəmədiyi sirlərə yiyələnmək istəyirlər. Bu gənclər, başqa həmkarlarından fərqli olaraq, efirdə görünmək xatirinə şoularda iştirak etməyi qətiyyən qəbul etmirlər.
Aşıq Nəbi bildirdi ki, şoulara dəvət ediləndə ora getməkdən imtina edirlər: "Biz verilişlərdə aşıq kimi görünmək istəyirik. Nazim estrada və muğamı, xalq musiqisini də yüksək səviyyədə ifa edir, ancaq o verilişlərə müğənni kimi dəvət ediləndə getmir, aşıq kimi gedir. Biz sazın müqəddəsliyini qorumağa borcluyuq. Sazı ucuzlaşdırmaq olmaz, çalışırıq ki, aşıq musiqisini sevdirək. Heç olmasa on nəfər bizim ifamızı dinləyib sazı sevsə özümüzü xoşbəxt sayarıq. Bilirsiz, indiki tamaşaçıların, insanların əksəriyyətinin səbri dardır. İndi çox böyük bir çətinlik mövcuddur-cəmiyyət aşıq yetişdirə bilmir... Bizə bəzən deyirlər ki, gənclər aşıq musiqisini istəmir, deyirəm ki, ahıllaşanda, əhlihal dövrünə çatanda istəyəcəklər. Aşıq sənəti təkcə bir musiqi sənəti deyil, orada xalqımızın yaşamı, tarixi, ağır günləri, şadlıqları əks olunub. Tamaşaçılar bu gün bizim adı tarixə zevirilən aşıqlarımızın ifalarını istəyirlər, istəyirlər ki, biz də onların repertuarına müraciət edək".
Ustad-şəyird münasibətlərinə toxunan gənclər bildirdi ki, aşıq sənətini öyrənmək istəyənlər mütləq ustadlara müraciət etməlidir: "Hesab edirik ki, gənclər ustadlara qulluq etməlidir. Amma bəzi cavan aşıqlar var ki, sazın dərinliklərini bilmədən də pul qazanırlar". Gənc aşıqlardan aşıqsevərlərə yeni layihələr təqdim etmək niyyətində olub-olmadıqlarını da soruşdum. Aşıq Nazim bildirdi ki, hələ konsert vermək tezdir, ancaq qarşıda bir neçə maraqlı layihə var. Aşıq Nəbi isə "biz elə yüksək səviyyədə konsert vermək istəyirik ki, el bərəkallah desin. Deyim ki, bu gün gənc aşıqların çoxu ilə müqayisədə aşıq Nazim Quliyevin dinləyici və tamaşaçıları çoxdur. Onun səsindəki yapışıq, məlahət, oxuma texnikası tamaşaçıları cəlb edir. Biz onunla çox məşq edirik, hətta elə tədbirlər olub ki, orada hazırlıqsız iştirak etmişik, çünki nə oxuyacağımızı bilmişik. İstəyirik ki, tamaşaçı qarşısına mümkün qədər kəsirsiz çıxaq, hər şey yüksək səviyyədə olsun. Yeni bir xəbər verim sizə. Hazırda iki dastan üzərində işləyirik, orda bir neçə aşıq məşq edir, sağlıq olsun, onu təqdim edəcəyik. Bu işin tam başa gəlməsi üçün güclü maliyyə tələb olunur, ancaq Allahın köməyi ilə başa çatdıracağıq" deyə bildirdi. Onlardan soruşdum ki, sizin qoşalığınıza göz dəyməz ki?" İkisi də bir ağızdan cavab verdilər ki, o qədər onların paxıllığını çəkənlər var: "Əlbəttə, göz dəyər. Bizim paxıllığımızı çəkənlər var. Bir neçə dəfə bunu hiss etmişik. Elə tədbir olub ki, ona aylarla hazırlaşmışıq, ancaq bizə orada iştirak etmək nəsib olmayıb, səhnəyə hazırlıqsız bir aşığı çıxarıblar. Müasir cavan aşıqların çoxu tamaşaçını doydura bilmir. Hazırda aşıq bölgələri üzrə bir yarış gedir. Bu yarış, təəssüf ki, sağlam yarış deyil... Bir anlıq təsəvvür edin ki, bütün bölgələrin ustad aşıqlarının-Borcalıdan Hüseyn Saraclı, Tovuzdan İmran Həsənov, Şirvandan aşıq Şakir və başqa ustad aşıqlarımızın iştirakı ilə konsert keçirilir, həmin konsertin də bileti 100 manatdan satılır. İnanın ki, aşıqsevərlər o qiymətə bilet alıb konsertə gələrlər. Sadəcə, aşıqlığa, konsert verməyə yetişmək lazımdır. Mən bunu özümü dinləyici yerinə qoyub deyirəm. İndiki bəzi gənc aşıqlar çox məşhur bir şeirdə, tutalım, aşıq Ələsgərin şeirində elə boşluğa yol verirlər ki... Bu da ondan irəli gəlir ki, onlar şeirləri mükəmməl əzbərləmirlər. Bu gün aşıq sənətinə məsuliyyətlə yanaşan barmaqla sayılacıq qədər gənc aşıq var. Cavanlar arasında rəqabət kəmiyyət baxımından böyükdür, amma keyfiyyətə qalsa, çox az adam rəqabətə dözüm gətirə bilər. Çox istərdik ki, bu rəqabət sənətin inkişafına yönələn, hesablanan bir rəqabət olsun. Bu gün aşıq Şöhrət, aşıq Ramin Qarayev, eləcə də Gədəbəyin özündə çox istedadlı gənclər var ki, onlar geniş təbliğ olunmalıdır".
İradə SARIYEVA