Hazırda kirayədə yaşayan xeyli tanınmış jurnalist var.
Bu yaxınlarda ailə həyatı qurmuş Qafqazinfo.az saytının əməkdaşı Günel Əbilovanın sözlərinə görə, həmkarlarının əksəriyyətini subay gənclər təşkil etdiyindən onlar ailələri ilə qalır: "Biz qaldığımız evə də kirayə demək olar. Çünki ipoteka ilə ev almışıq, hər ay 300 manat ipoteka ödəyirik. Bunun ən pis məqamı odur ki, ipoteka 25 illikdir, yəni 25 il kirayə haqqı ödəyəcəyik”.
Axar.az saytının əməkdaşı Nilufər Muğantürk isə illərdir kirayədə yaşadığını deyir: "2007-ci ildən - Salyan rayonundan təhsil almaq üçün Bakıya gəldiyim gündən kirayələrdə qalıram. Arada bir neçə müddət qohumların evində yaşadım. Şəhərin demək olar ki, dörd bir yanında qalmışam, 2-ci Alatavadan tutmuş, Qara Qarayevə qədər, 3-cü, 4-cü, 7-ci, 8-ci mikrorayonda, Yasamalda və nəhayət, hal-hazırda İnqilabda qalıram. İndi kommunal xərclərlə bir yerdə təxminən 150-160 manat aylıq ödəniş edirəm. Qara Qarayevdə, 3, 4, 8-ci mikrorayonlarda 400-450 manata qalmışam. 2010-a qədər qardaşımla, sonra müxtəlif qızlarla qalmışam”.

Kirayə qaldığı illərdə başına gəlmiş olaylardan da söz açan jurnalist tragikomik əhvalatlar danışdı: "Ən dəhşətli vəziyyət mənim üçün Zəngilan qaçqınının evində qalmaq olub. Qaçqın binalarının arasında iki mərtəbəli evi vardı. Binalarda qaz olmasa da o, qazdan, işıqdan "levi", geninə-boluna işlədirdi. Qardaşımla onun evinin birinci mərtəbəsində 250 manata qalırdıq. Ev pulunu verməli olduğum günü bizi yuxudan o oyadırdı”.
Yazıçı-jurnalist Cəlil Cavanşir də uzun illərdir kirayədə yaşayır. O, ailəlidir, bir övladı var.
Həmkarımız deyir ki, 12 ildir kirayədə yaşayır: "Hazırda Yasamal rayonunda birotaqlı, darısqal bir evdə yaşayıram və 300 AZN-ə yaxın kirayə ödəyirəm. Bu mənzil mənim həm iş otağım, həm qonaq otağımız, həm yemək otağımız, həm də yataq otağımızdır. Gecələr işləyəndə işıq oğlumun gözünə düşməsin deyə, çox cüzi işıqda işləməyə məcburam. Uzun müddət gecəqondularda yaşamışam. Şəraitsiz, xaraba evlərdə qalmışam. İndi də vəziyyət o qədər yaxşı deyil. Ev sahibi olmaq istəməsəm də, oğlumun rahatlığı üçün evə ehtiyacım var. Sözün düzü, nə vaxtsa evim olacağına inanmıram. Çünki, bunun üçün heç bir real addım atmıram. Daha yaxşı şəraiti olan, iki-üç otaqlı kirayə mənzil arzusundayam”.
Jurnalist Mahir Məmmədli də kirayə ev problemini illərdir yaşayır. Hətta bugünlərdə facebookda belə bir status paylaşmışdı: "Kirayə pulu düzəldi! Xoşbəxtəm Bir ay rahat nəfəs almaq olar”.
Bizimlə söhbət edən M.Məmmədli Bakıya gәlib, jurnalistikaya başlayandan - yəni 1992-ci ildәn kirayәdə yaşadığını söylədi: "Subay vaxtlarımda bunu elә dә ciddi problem saymırdım. Amma illәr ötdükcә başa düşdüm ki, evsizlik әn böyük problemlәrdәn biridir. Ailә böyüdükcә, mәsәlә daha da ciddilәşir. Gәnc ailә birotaqlı vә nisbәtәn ucuz evdә qala bilәrsә, sonralar bu, mümkün olmur. Hazırda Yeni Yasamal yaşayış massivindә iki otaqlı mәnzildә qalıram. Ayda 350 manat ödәyirәm. Üstәgәl, kommunal xәrclәr. Binada istilik sistemi olmadığından, tәkcә yanvar ayında 100 manat işıqpulu ödәmişәm. O ki, qaldı ev almağa, bir jurnalist maaşı ilә aydan-aya çәtinliklә çıxmaq olur. Ona görә dә bu maaşla ev almaq mümkün deyil. Mәncә, mәsәlәnin әn düzgün hәll yolu hökumәt tәrәfindәn jurnalistlәr üçün şәhәrciyin salınması vә mәnzillәrin güzәştli ipoteka şәrti ilә satılmasıdır. Jurnalistika sabit gәlirli sahәlәrdәn biridir. Biz kirayәyә verdiyimiz pulu ipoteka kreditinә ödәyә vә bununla mәnzil sahibi ola bilәrik. Azәrbaycan postsovet mәkanının әn varlı ölkәlәrindәn biridir. Mәncә, bir neçә bina inşa etmәk dövlәtimiz üçün çәtin olmaz. Düzdür, bir neçә ay әvvәl jurnalistlәrә mәnzillәr paylandı vә bunu dövlәt qayğısı kimi yüksәk qiymәtlәndirirәm. Amma 150-200 mәnzillә problemi köklü hәll etmәk mümkün deyil”.

"Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu da kirayə mənzildə qalmağın ağırlığından bəhs edərək, demək olar ki, heç bir ay vaxtı-vaxtında kirayə haqqını ödəməyi çatdırmadığını söylədi: "Hazırda "Sovetski” adlanan məhəllədə ayı 300 manata kirayə qalıram. Ev çox köhnə olduğu üçün tam şəraitsizdir. Yağış yağanda başımıza damır. Tələbə vaxtımdan kirayələrdə yaşayıram. Elə vaxt olub ki, 3-4 ay kirayə pulunu verə bilməmişəm. Nəticədə ev sahibi evdən çıxarıb. Gecənin bir yarısı dostumgilə getmişəm. Bu hadisə bir yox, bir neçə dəfə təkrarlanıb.
Maaş aldığım anadan etibarən cəmi 5-10 dəqiqə cibimdə qalır. Qaçıram bankların kreditini verməyə, borc-xərci bağlamağa”.
Fərahimin fikrincə, hökumət gənclərin durumunu nəzərə almır, layiqincə diqqət göstərmir: "Yüzlərlə jurnalist evsizlik dərdindən evlənə də bilmir. Hansı qız evi-eşiyi olmayan oğlanla evlənmək istəyər?! O ki, qaldı ipoteka kreditlərinə, onların da şərtləri elədir ki, ev almaq qeyri-mümkün olur. Odur ki, heç bir halda ev alacağıma ümidim yoxdur. Gümanım bircə jurnalistlər üçün tikilən evlərədir”.

"Yeni Müsavat”ın daha bir əməkdaşı Röya Rəfiyeva da 10 ildən artıq zamandır ki, kirayədə yaşayır. Ailəli olan xanım jurnalistin 2 övladı var: "9 ilə yaxın müddət çox ağır şəraitdə yaşamışam. Ev o qədər nəmiş idi ki, gecələr yerdən siçovullar çıxıb uşaqların üstü ilə gəzirdi. Ailəli adam üçün kirayədə qalmaq faciədir. Həm evin kommunal xərcləri, həm uşaqların qayğısı insanı çətin vəziyyətə salır. Kirayə haqqının vaxtı yaxınlaşanda adam stersə girir. İndi də nəhayət ki, ipoteka ilə ev almışam. Şərtlər isə o qədər ağırdır ki, aldığım maaş aylıq ödəməli olduğum məbləğdən azdır. Hökumət gənc ailələri nəzərə almalıdır. Nə qədər gənc ev problemi ucbatından evlənə bilmir, nə qədər ailə bu səbəbdən boşanır, ciddi mübahisələr yaşayırlar”.
musavat.com