Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 14 yaşı tamam olur. Belə ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan, hazırda Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.
Mia.az xəbər verir ki, Yenicag.az Azərbaycanın ictimai-siyasi, siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv qaydada oxuculara çatdırır.
2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (Yenicag.ru) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən, Media Qrupunun Yenicag.tv Video Portalı da fəaliyyətə başlayıb.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən “Yeni Çağ” Media Qrupu 44 günlük Vətən Savaşı zamanı bu əlaqələrindən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə çatdırılmasında mühum rol oynayıb.
Fəaliyyətə başlamasının 14 illiyini qeyd edən Yenicag.az yeni və aktual layihələri həyata keçirmək istiqamətində addımlayır. Bu gün Media Qrupun “A-dan Z-yə Aqil Ələsgərlə”, “Müzakirə vaxtı”, “Xəbər Çağı”, “Sözümüz var”, “Replika”, “Əcəb səndəl”, “Zəfər yolu” video proyektləri sosial mediada ən çox müzakirə olunan video lahiyələr arasındadırlar.
Bu gün “Yeni Çağ” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan Yenicag.az ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 5-6 milyon arasındadır.
“Yeni Çağ” Media Qrupuna “Terrorun gülən üzü” və “Səssiz İşğal” analitik araşdırma kitablarının müəllifi Aqil Ələsgər rəhbərlik edir.
Mia.az olaraq “Yeni Çağ” Media Qrupunda çalışan bütün həmkarlarımızı təbrik edir, uzun yaradıcılıq ömrü, uğurlu fəaliyyət arzulayırıq.