Rejissor hazırda 2 yeni layihə üzərində çalışır

img

30-01-2014 [16:19]



Birlik.az saytı mədəniyyət layihəsi əsasında incəsənət adamları ilə araşdırma-müsahibələrini davam etdirir. Saytımızın bugünkü müsahibi tanınmış rejissor Şahin Zəkizadədir:

– Şahin bəy, bir rejissor olaraq sovetlər dönəmi və son 20 ildə Azərbaycan kinosu haqqında fikirləriniz, müqayisəniz, qənaətiniz nədir?

–Sovet dövrü öz xüsusi ideologiyalarını təbliğ edən bir qurluluş idi və bu baxımdan kino da bu təbliğat vasitələrindən ən önəmlisi olduğu üçün inkişaf o zamanlar bütün sovet ölkələrinə, eləcə də Azərbaycana təsir etmişdi. O illərdə Azərbaycan kinosu da, televiziyası da bir həddə qədər inkişaf etdi. Son 20 ildə məlum hadisələr baş verdi. Bu gün hər bir sahədə inkişaf var. Təbii ki, kinomuzda da var. Başqa ölkələrdəki kimi sürətlə olmasa da. Bu gün bizim televiziyamız, yayım keyfiyyətimiz də dünya standartlarına cavab verir. Ancaq təbii ki, televiziyalardakı məhsullarla, reklamla, serialla, kliplərlə bağlı bunu demək olmaz.

Bir az daha dəqiqləşdirə bilərsinizmi?

–Bəli, dəqiqləşdirəcəyəm. Ancaq əvvəlcə deyim ki, cənab prezidentin sərəncamı ilə seriallara vəsait ayrılması, hələ bundan da öncə xarici serialların yayımına qadağa qoyulması bizim üçün yaxşı nəticələr verdi və bizdə canlanmaya səbəb oldu. Bu, daxili bazarın inkişafı üçün olduqca böyük bir dəstək idi. Mən düşünürəm ki, hardasa, 5 ildən sonra biz də öz seriallarımızı rahat şəkildə Rusiyanın, Türkiyənin serialları ilə müqayisə edə biləcəyik.

Ancaq indi də edənlər var.

–Bəli, bilirəm, elə ona görə deyirəm. Çünki bu gün müqayisə etmək yanlışdır. Ən əsası ona görə ki, fərqli pul dövriyyəsi məsələsi var. Artıq onlarda pul dövriyyəsi müstəqildir. Belə ki prodakşnlar çəkib kanallara satır. Kanalların da reklamdan gəlirləri var. Bizdə isə tam olaraq belə deyil. Çünki ən azı, belə olsaydı, bu gün dövlət dəstək göstərməyə ehtiyac duymazdı. Təbii ki, bu dəstəyi də həmişə gözləmək düzgün deyil. Dövlət görür ki, bu sahədə inkişaf yoxdur, dəstək olur. İnikişaf normallaşana qədər, bəlkə, dəstək də olacaq. Ancaq nəhayətdə, bu sənət özü özünü saxlamalıdır.

Sizcə dövlətin dəstəyi qənaətbəxşdirmi?

–Bəli. Çünki ilkin növbədə bizim əhali sayına da diqqət etmək lazımdır. Təkcə İstambulda Azərbaycan əhalisindən çox əhali yaşayır. Orada bazar da genişdir. Məhsula tələbat da fərqlidir. Bilirsiniz, hərdən bizi, bizim aktyorları Türkiyə aktyorları ilə, qonorarları onların qonorarı ilə müqayisə edirlər. Ancaq onlar da elə birdən-birə belə olmayıblar. Artıq kino-serial, reklam bazarı onlarda müstəqildir. İstənilən prdakşn hər hansı bir ideya üçün vəsait ayıra bilir. Ardınca da heç çəkilişə başlamamış kağız üzərində olsa da, artıq o məhsulu kanala satır və bilir ki, məhsulu əlində qalmayacaq. İstehsal zamanı da bizdəkindən fərqli olaraq sponsorlar özü müraciət edir. Əksinə, onlar sponsorların təklif siyahısından istədikləri şirkəti seçirlər.

Bəs, sizcə, bu durum, yəni bizim indi qeyd etdiyiniz səviyyəyə çatana qədər gözləmə mövqeyində olmağımız nə qədər çəkəcək?

–Bilirsiniz, artıq keçən ildən bu ilə əməlli fərqlər var. İstər aktyorların sənət baxımından, elə istərsə də qonorar baxımından. Çünki uzun illərdən bəri aktyorlar da sanki durğun həyat tərzinə alışmışdılar. Onların fəaliyyəti ancaq teatrdan ibarət idi. Bir də hansısa bayramlarda, filanda yada düşürdülər. O da yenə hamısı yox. Ancaq bu gün bir dirçəlmə var. Həm də nəinki tək aktyorlar, ümumiyyətlə, bütün bu sahənin, kollektiv işin adamları-rejissorlar, ssenaristlər, işıqçılar, redaktorlar, operatorlar və sairə. Əsası odur ki, bizdə məktəb var, mexanizm var. İndi bunu, sadəcə, yenidən hərəkətə gətirmək lazımdır.

Bu son iki ildə çəkilən seriallarda müraciət olunan mövzular bir rejissor olaraq sizi qane edirmi?

– Yox. Çünki çox zaman mövzular primitiv məişət hadisələrindən kənara çıxmır və mahiyyət etibarilə də bir şeyə xidmət etmir. Nuşirəvan Məhərrəmli özü qeyd etmişdi ki, bayağı mövzulardan birdəfəlik imtina olunsun. Çünki məqsəd təkcə pul qazanmaq deyil, həm də hansısa işlərlə cəmiyyətə, onun mənəviyyatına, yaşamına xidmət edə bilməkdir. Bilirsiniz, zamanla, bəlkə, insanların beynini hətta bilərəkdən başqa şeylərlə doldurmaq, yükləmək olar. Ancaq hər bir millətin geni, yaddaşı var və bu baxımdan da bizim millət, xalq, camaat ancaq bir yerə qədər istiqamətləndirilə bilər. Çünki son məqamda yaddaş, mənəviyyat, özünüqoruma instinkti özünü büruzə verəcək. Bayağı, mənəviyyatsız, dəyərsiz, kökə zidd "dəyər”lərlə camaatı sonadək aldatmaq olmaz.

Bəs siz nə təklif edirsiniz, nə vəd edirsiniz?

– Əslində, variantlar çoxdu. Nə qədər olar axı bir varlı oğlanın bir kasıb qıza vurulmasından, "zoluşka” mövzusundan bəhs edən mövzulara müraciət etmək. Bunun ömrü artıq çoxdan tükənib. Baxın, məsələn, biz də hansısa qurumların fəaliyyətindən serial çəkə bilərik. Necə ki Türkiyədə "Arka sokaklar” seialı var. O zaman o insanlar da sevinərlər, işlərində daha da məsuliyyətli və vicdanlı olarlar. Məsələn, neftçilər, gəmiçilər haqqında, onların həyat tərzindən bəhs edən mövzular işləmək olar. Bu həm də bizə neftçilərin timsalında unikaldır, doğmadır. Belə mövzular qalır qıraqda, toxunmurlar, toxunanda da bərbad günə qoyurlar. Məsələn, kriminal mövzulara elə müraciət edirlər ki, dialoqları dinləyərkən bişmiş toyuğun da gülməyi gəlir. Bu da, bir daha deyirəm ki, qeyri-peşəkarlıqdan irəli gəlir. Təəssüf ki, belə insanlara da meydan verilir. Belə olanda da bacarıqlı insanlar qalırlar kənarda.

Bacarıqlı insanlar, məsələn kim?

–Məsələn, Aqil, Kənan.

Ancaq Kənan kənarda deyil, onun çəkdiyi serial hazırda yayımlanır.

–Bəli, bilirəm, ümumiyyətlə, misal çəkdim.

Kənan demiş, bax elə Kənanın çəkdiyi serial sizi qane edirmi? Edirsə niyə, etmirsə niyə?

–Bəli, edir. Bizim həmkarlardan Kənanın öz istiqaməti var və mən düşünürəm ki, o öz janrında sözünü deyə bilir.

Öz janrında deyərkən tam olaraq nəyi nəzərdə tutursunuz?

–Məsələn, melodram janrı. Kənan bu janrda nəsə etməyi bacarır. O insanın incə hisslərinə toxuna bilir. Bizim öz aramızda söhbətlərdən bilirik ki, Kənanda hind üslubuna meyl var və bu yaxşı da alınır. Hind kinosunu gözardı etmək olmaz. Sovet Azərbaycanında bizim tamaşaçının ən çox izlədiyi film idi hind filmləri. Düzdür, bu gün nə Kənanda, nə məndə heç nə tam olaraq qənaətbəxş deyil. Ancaq proses davam etdikcə hər şey yonulacaq və gözəlləşəcək.

Məsələni bir az da konkretləşdirsək, bu gün serial, reklam bazarında bir rejissor olaraq sizə görə çatışmayan cəhətlər nədir, hansılardır?

–Dəqiq desək, bizdə reklam 90-cı illərin əvvəllərində başladı. Bu müddətdə bəzi insanlar xaricdə menecmentlik təhsili alıb ölkəyə qayıtdılar. Onlar bu gün artıq müəyyən şirkətlərə rəhbərlik edirlər. Bu da reklam bazarının inkişafına xidmət etdi. Çünki onlar özləri ilə həm də bir reklam anlayışının əsl mahiyyətini, reklam standartlarını gətirdilər. Əvvəllər isə bir çox şirkət rəhbərlərinin, ümumiyyətlə, heç reklam anlayışından xəbəri yox idi. Ancaq son zamanlar sifarişçilərin tələbkarlığı artıb. Çünki onların bəziləri artıq bünövrəni bilirlər.

O zaman artan xətt üzrə reklam bazarına pozitiv baxmaq olarmı?

– Olar, ancaq imkan versələr. Çünki tələb artdıqca bazara pul iyinə gələn psevdoreklamçılar da var. Onlar sənətin, reklamın dəyərini öldürürlər. Məsələn, kamera var ki, gündəlik kirayəsi 50 manat, kamera da var ki, 2500 manatdır. Üstəgəl, bunun digər işçiləri də var. Naşı sifarişçi də dərhal ucuza qaçır. Onlar elə bilir ki, qiymətin artması yeyintidir. Halbuki qiymətin artması, həm də ümumi bazarda keyfiyyətin artması deməkdir. Eyni zamanda, paralel fikir də var ki, guya bizdə yaxşı reklam çəkə bilmirlər. Ona görə də bəzi sifarişçilər xarici ölkə mütəxəssislərini dəvət edirlər. Ancaq biz keçən il bir şirkətin reklamını çəkərkən Aydan Şeneri dəvət etmişdik və ümumi işin sonunda da necə bir iş bacardığımızı sübut etdik. Aydan Şener buradan gedəndə deyirdi ki, mən qayıdarkən Türkiyədə burada gördüklərimizdən ağızdolusu danışacağam. Çünki onu elə hava limanındaca qarşılayarkən bütün çəkiliş gününün siyahısını təqdim etdik. Bu siyahıda onun günün sonuna qədər olan iş rejimi yazılmışdı.

Seriallara gəlincə, yenə qeyd edirəm ki, bu günə sözün əsl mənasında şükr etmək lazımdır. Bizə düşən bu imkanlardan səmərəli istifadə etməkdir. Bu gün hələ pul dalınca qaçmağın zamanı deyil. Əsas odur ki, maliyyə vəsaiti var. Düzdür, proses zamanı peşəkarlardan istifadə olunmalıdır. Pula qənaət etmək o demək deyil ki, işə qeyri-peşəkarları cəlb etmək lazımdır. Mən bu yaxınlarda hətta bir insanın öz dilindən eşitdim ki, biz işimizdə peşəkarlardan istifadə etmirik. Əslində, o bu sözü ilə özünün qeyri-peşəkarlığından xəbər verir. Kiminsə kinoya marağı, hörməti ola bilər. Ancaq bu o demək deyil ki, bu varsa, onu, mütləq, işə cəlb etmək lazımdır. Küçədən gələn, aktyorluğun elmini bilməyən adam sonda heç zaman istənilən nəticəni verə bilməz.

Bizim hazırki bazarda kino adamları arasında da belə söhbətlər var ki, məsələn, filankəslər kinoya klipdən gəlib və s. Bu fikri elə sizin haqqınızda da, Kənanın haqqında da deyirlər. Bu barədə nə deyə bilərsiniz?

–Bu söyləntilər o işi-peşəsi olmayan adamların işidir. Bəli, biz təzə başlayanda bizim o şəraitimiz yox idi ki, biz kino çəkək. Biz də öz sənətimizi iirməmək, peşə vərdişlərimizi yadırğamamaq üçün, həm də müəyyən miqdarda pul qazanmaq üçün klip fəaliyyəti ilə məşğul olmuşuq. O vaxt bizi heç kinoya yaxın buraxan da yox idi, serial filan da çəkilmirdi indiki kimi. Bu olduqca yanlış bir dəyərləndirmədi. Bu hamısı boş-bekar və paxıl insanların, psevdonəzəriyyəçilərin işidir. Reklam da, klip də rejissorluğun tərkib hissəsidir. Düzdür, rejissorun balansında ən önəmli olan bir filminin olmağıdır. Məsələn, mən bu gün öz bədii filmimi ərsəyə gətirmək üçün kinostudiyadan heç bir dəstək görmürəm. Açıq deyirəm ki, mən indiyə kimi kinostudiyaya müraciət etmişəm ki, mənə qısametrajlı film çəkmək üçün şərait yaradılsın. Ancaq yaradılmır.

Sizcə niyə yaradılmır?

–O sualın cavabını artıq mən bilmirəm.

Şərait dedikdə, siz tam olaraq nələri istəmisiniz?

–Ümumiyyətlə, vəziyyət belədir ki, bir rejissora əvvəlcə qısametrajlı film həvalə olunur və bu film yaxşı alınarsa, ona gələcəkdə daha böyük işlər etibar olunur. Baxmayaraq ki, mənim də bu qədər işlərim (sənədli film, siyasi reklam, sosial çarxlar, sifarişli reklamlar, kliplər və.s) var, 17 il təcrübəm var, mən yenə də qısametrajlı film üçün müraciət etdim. Ancaq kinostudiyada məni sanki eşitmək istəmirlər.

Ancaq həmkarlarınızdan bu mərhələni keçən oldu. Məsələn, Samir Kərimoğlu.

–Bəli, o bunu bacardı.

Necə?

– Samir o zaman "Sirat körpüsü” adlı filmini çəkdi. Ona bu işdə "Buta” prodakşn da müəyyən köməklik göstərdi. Bu işdən sonra onun haqqında müsbət rəy yarandı. Samir bu gün də çəkir. Onunla paralel olaraq yaşca məndən böyük olsa da, təxminən eyni nəsil rejissorları kimi adımız bir sırada hallanan Elxan Cəfərov da özünü kifayət qədər sübut edib. Mən əminliklə deyə bilərəm ki, Qarabağ mövzusunda "Fəryad”dan sonra müasir kino ritminə, standartlarına uyğun ən gözəl filmdir. Xüsusilə də filmin son kadrları olduqca təsirlidir.

Özünüz dediniz ki, məsələn Samir Kərimoğl ilk dəfə müstəqil olaraq bir film çəkdi. Bəs siz niyə bu variantı yoxlamaq istəmirsiniz?

– Əslində, kinostudiyanın bu qədər inadkarlığından sonra artıq mən bu barədə düşünürəm. İnşallah, bir qısametrajlı film üzərində işləyirəm. Filmim mövzu olaraq bir az mistika ilə bağlıdır.

Bunu hansısa festival üçün nəzərdə tutmusunuz?

–Yox, festival yox, elə özümü sınamaq və mənə inanmayanlara təqdim etmək üçün ki, baxın, çəkdim gətirdim, indi sözünüz nədir. Axı mən bu sənətə reklam, ya da klip çəkmək üçün gəlməmişəm. Məni sənətə gətirən böyük kino arzusu olub və mən bu arzu ilə indiyə qədər yaşayıram. Mən də öz işimlə bu ölkəni təmsil etmək istəyirəm. Məsələn, 2000-ci ildə mənim çəkdiyim bir sosial çarx Fransada festivalın qalibi olmuşdu. Bu kiçik bir uğur olsa da, mən buna çox sevinmişdim. Çünki işin içində bir də Azərbaycan adı var idi. Eyni şeyi mən kino ilə etmək istəyirəm.

Öz dediklərinizdən dolayı istəyinizin bu qədər ciddi olduğunu nəzərə alaraq bu sualı verirəm. Mədəniyyət və Turizm nazirliyi hər il "Bu meydan, bu ekran”adlı qısametrajlı film müsabiqəsi elan edir. Siz indiyə qədər ora müracət edibsinizmi? Çünki o müsabiqə bir çox rejissorları üzə çıxarıb. Bariz nümunə kimi "Mayak” qısametrajlı filmin müəllifi Fariz Əhmədovu və başqalarını göstərmək olar.

–İnsan elə bir yaş mərhələsinə yetişir ki, yanaşmalar dəyişir. Artıq mənim yaşım o yaş deyil. Orada məndən kifayət qədər gənc insanlar var. Əslində, elə dövlət onu İncəsənət universitetini bitirənlər üçün bir imkan kimi yaradıb ki, gəlib özlərini təsdiq etsinlər. Bu gün mənim o müsabiqəyə qatılmağım kiminsə haqqına girmək olar. Mən kiməsə haqsızlıq etmək istəmirəm.

O zaman belə bir sual verim. Hazırda nə ilə məşğulsunuz?

–Hazırda 2 layihə üzərində işləyirəm. Birinci layihə "İrs” adlanır ki, bura müğənnilərlə olan yaradıcı işlər aiddir. Ora daxil olan iki işimiz var. Bunlardan biri Tünzalə Ağayevanın oxuduğu, sözləri Hüseyn Cavidə məxsus olan "Gülbahar” mahnısı, digəri isə Sevda Ələkbərzadənin oxuduğu, sözləri atası Çingiz Ələkbərzadəyə məxsus "Salam Allahım” adlı bir mahnıya çəkiləcək kliplərdir. "Gülbahar”da biz konkret olaraq bədii formada H. Cavidi göstərəcəyik. İkinci işimizdə isə İmadəddin Nəsiminin həyatından bir parça, dərvişlərlə yaşadığı dövr əhatə olunacaq. Bu layihəyə start verdikdən sonra layihə daxilində digər müğənnilərlə də işləməyi düşünürük. Burada hansısa alimin, rəssamın, bəstəkarın, şairin də həyatı əks oluna bilər. Düşünürəm ki, bayağı kliplərdənsə hansısa şəxsiyyətlərin həyatından bir parçanı tamaşaçılara təqdim etmək daha şərəfli bir iş olar. Bu bir növ də maarifləndirmə və təbliğat vasitəsidir.

O zaman artıq sizi müğənnilərin birbaşa sifarişini yetirən işlərdə yox, ancaq bu tipli kliplərdə görə biləciyik?

–Xeyr, tam olaraq belə deyil. Təbii ki, fərdi fəaliyyət də olacaq. Məsələn, mən bu yaxınlarda iki müğənni ilə fərqli işlər üzərində çalışıram. Düzdür, 7 ildir ki, klip bazarından uzaqlaşmışdım. Ancaq artıq qayıtmağa qərarlıyam. Çünki mövzu kasadlığı var. Bundan başqa görürəm ki, müğənnilərimizi aldadırlar. Bazarda ancaq eyni tipli, eyni məzmunlu işlər təqdim olunur. Bu mövzularınsa əksəriyyəti bizim reallıqla uyğunlaşmır və olduqca bayağı görünür. Mənəvi-əxlaqi tərəflərdə isə ümumiyyətlə, boşluq müşahidə olunur. Digər layihəmiz isə kriminal-melodram janrında bir serial işidir. Burada sovetlər dönəmində uşaq evində böyümüş fərqli milliyətlərə mənsub olan 4 dostun (gürcü, rus, azərbaycanlı və türk) həyatın müxtəlif mərhələlərindəki yaşamlarından, mübarizələrindən bəhs olunur. Onlar müəyyən bir dövrdə kriminal həyat yaşadıqdan sonra müasir dövrdə leqal yolla bir biznes sahibi olurlar. Sonra bəzi problemlər səbəbindən üz-üzə gəlirlər. Buna baxmayaraq, möhkəm dostdurlar. Bu serialda xarici aktyorları dəvət emək istəyirik. Hazırda Türkiyəli aktyor Oktay Kaynarca (Kurtlar Vadisi serialındakı Çakır rolunun ifaçısı) ilə danışıqlar gedir. Həmçinin "Briqada” serialındakı rus aktyor Vladimir Vdoviçenkovla danışıqlar aparılır. Demək olar ki, artıq təkliflər olub və biz qarşı tərəflərin cavablarını gözləyirik. Həmçinin hazırda bu layihənin maliyyə tərəfləri ilə də məşğuluq.

Son olaraq demək istədiyiniz nə isə var?

–Son olaraq demək istəyərəm ki, tamaşaçılar bizim üçün çox önəmlidir və onlar olmasa biz də olmarıq. Biz onların görmək istədikləri qəhrəmanları onlara təqdim etmək üçün çalışırıq. Bütün bunların fonunda tamaşaçılardan bircə xahişim var ki, bizə, istər aktyorumuza, istər rejissorumuza, istər bəstəkarımıza qarşı qatı tənqid mövqeyində dayanmasınlar. Nəzərə alsınlar ki, biz hələ 2 ildir ki, bu sahədə əl-ələ verib nələrisə etməyə çalışırıq. Bizi bu gün Türkiyə ilə müqayisə etməsinlər. Olacaq, o da olacaq. Ancaq hələ zamana ehtiyac var.

Həmsöhbət – Kamal Yaşar

birlik.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib