NİDA-çıların məhkəməsi oldu

img

15-01-2014 [15:33]


Yanvarın 15-də həbsdə olan NİDA-çı gənclərin məhkəməsi şahid ifadələrinin dindirilməsi ilə davam edib.

Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində baş əməliyyatçı müvəkkil işləyən Kamal Rəsulzadə ifadə verib. O, ifadəsində deyib ki, bir neçə gəncin iğtişaş törətməsi barədə nazirliyə məlumat daxil olandan sonra göstərilən ünvana gediblər:

«Axtarış apardıq. Axtarış vaxtı evdən narkotik maddə, həyətdən içindən benzin qoxusu gələn butulkalar aşkarladıq».

Vəkil Elton Quliyev bildirib ki, evə baxış zamanı tərtib olunan protokol əslində qanunauyğun deyil. Protokolu səlahiyyətli şəxs tərtib etməyib. Köməkçi hakim Eldar İsmayılov vəkilə etiraz edib. Deyib ki, həmin protokol qanunsuz sayıla bilməz. Elton Quliyev hakimə etiraz olaraq deyib ki, hakimin bu fikri onun mövqeyini ifadə edir. Vəkil hakimlər heyətinə etirazını bildirib. Həmin hakimin məhkəmə prosesində iştirak etməməsi, başqa hakimlə əvəz olunması ilə bağlı vəsatət verib. Məhkəmə bu vəsatəti təmin etməyib.

Məhkəmə şahid ifadələri ilə davam edir.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları kütləvi iğtişaşlar təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı narkotik vasitələri qanunsuz əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

«Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.AzadlıqRadiosu


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA