Xalid Kazımlı hərbidən yayınma ittihamına cavab yazdı

img

12-01-2014 [13:59]


AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilov sosial şəbəkədəki səhifəsində status yazaraq, "Yeni Müsavat"ın köşə yazarı, musavat.com saytının baş redaktoru Xalid Kazımlıya qarşı bir sıra ittihamlar sürüb. O, Rauf Arifoğlunun 2002-ci ildə X.Kazımlını hərbi xidmətdən saxlatmaq üçün Heydər Əliyevin yanında məsələ qaldırmasını qeyd edərək, əməkdaşımızı Füzulidən olduğu halda torpaqların müdafiəsidə durmaqdan imtina etməkdə və vaxtilə "Yeni Müsavat"dan "qapını çırpıb çıxaraq" gedib başqa qəzetlərdə işləməkdə təqsirləndirib.  

N.Adilovun ittihamlarına sosial şəbəkədə cavab yazan Xalid Kazımlı bildirib: "Əli Kərimli barədə yazdığım yazılara Natiq Adilov guya ki, cavab verib, bəzi iddialar irəli sürüb. Kimsə bu statusu ona göndərsin.

O vaxt məni sırf siyasi motivlərlə, qanunsuz olaraq əsgərliyə aparmaq istəyirdilər. Mən EHTİYATa buraxılmış zabit ola-ola oğlum yaşda adamlarla hərbi xidmətə getməliydim. Müqavimət göstərdik, qanuni haqqımı bərpa etdik - Rauf Arifoğlunun köməyi ilə. Fazil Mustafanı aparmışdılar deyə səsi çıxanın hamısını bu cür aparmaq istəyirdilər. Biz o layihəni durdurduq. Gördülər ki, bu cür olmayacaq. Müharibədə iştiraka gəlincə isə hər halda qısamüddətli olsa da 1993-də Ağdamda vzvoda komandirlik etdiyim olub. Cəbhə xatirələrim Kulis.az-da çap olunub.

"Yeni Müsavat"dan getməyə gəlincə, bu üç dəfə olub. Yenə də ola bilər. Hansısa situasiya xoşuma gəlməyəndə etirazımı bildirirəm. Daha ciddi münaqişə yaranmasın deyə bəzən getmək lazım gəlir. Bir neçə dəfə yazmışam, yenə yazıram, "Yeni Müsavat" mənim ata ocağımdır, ola bilər, arada yenə acıq edib gedərəm, amma ən uzağı bir ildən sonra ora qayıdacam. Getməyə qalsa, Rauf Arifoğlunun doğma qardaşı Azər Ayxan məndən də çox gedib və hər dəfə bir müddətdən sonra qayıdıb. Biz bura özümüz qayıtmırıq ki... İsrarla qaytarırlar. Böyük ailə içində belə şeylər olur. Heç kəs bunu ürəyinə salmasın... Qoy onlar 20 ildən bəri siyasi arenanı terrorizə etmələrinə cavab versinlər...".

Ayrıca X.Kazımlı musavat.com-a bildirib ki, onun yazılarında və bu kimi cavablarında rəqiblərinə qarşı heç bir qeyri-etik, qurşaqdan aşağı zərbələrə yer olmayacaq: "Bu, bir boks döyüşüdürsə, burda qasığa, ayağa zərbələr ola bilməz. Bizim deməyə sözümüz o qədər çoxdur ki, teledebatlardan tanıdığınız abırsız adamların istifadə etdiyi ritorikaya, arqumentlərə əl atmağa ehtiyacımız yoxdur".

Müsavat Partiyasının AXCP ilə münaqişəyə dair elan etdiyi moratoriumun pozulmasına gəlincə, redaktor bildirib: "Üzüntü ilə bildirirəm ki, bu dəfə təhəmmül etmək mümkün olmadı. Qoy Müsavat başqanı bu addımı partizanlıq hesab eləsin və bağışlasın".

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA