Redaktorlardan Nərgiz Paşayevaya cavab gəldi

img

07-01-2014 [11:00]


Xəbər verdiyimiz kimi, 2013-cü ilin son iş günündə, dekabrın 30-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva "Yeni Müsavat” və "Azadlıq” qəzetlərinə cavab xarakterli mətn yayıb. Burada N. Paşayeva 24 dekabr 2013 - cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən məhkəmə işi ilə bağlı 25, 26 dekabr 2013-cü il tarixlərində bu qəzetlərdə dərc olunan bəzi məlumatlara cavab verib.

N.Paşayeva öncə sual edib ki, "Necə olur ki, adını birinci dəfə eşitdiyim və kimliyini tanımadığım bir adamı mənim kürəkənim kimi təqdim ediblər? Necə olur ki, ünvanını belə bilmədiyim və heç bir vaxt olmadığım bir yerin, daha dəqiq desək, ”Opera sky" restoranının həqiqi sahibi dura-dura, o yerin sahibi kimi məni göstəriblər?" Ardınca isə bildirib ki, nə restoran biznesi, nə də digər bizneslə məşğuldur: "Çünki buna nə vaxtım, nə həvəsim, nə də biznes bacarığım var. Düşünürəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır, mən də 1983-cü ildən bu günə kimi universitetdə işləyirəm və seçimim məni tam qane edir. Yenə mənim üçün çox gözlənilməz və qəribə olan həmin yazıya qayıdıram. Demə, həmin materiallarda indiyə kimi oxuduqlarım ədəbiyyatçıların dili ilə desək, ekspozisiya imiş, kulminasiya isə hələ qabaqdadır. Bildirilir ki, həmin restoranda baş verən acı hadisələrdən sonra (onu da qeyd edim ki, o yazını oxuyandan sonra hadisənin tarixi ilə maraqlandım və o günü, aprel ayının 21-ni heç Bakıda da deyil, xaricdə olduğum faktı aşkar etdim) guya mən bu insidentlə bağlı cənab Prezidentə məlumat verilməsində bir növ ”vasitəçi" olmuşam və mənim məkrli "xəbərçiliyimdən” sonra zavallı valideynlərin şuluq övladlarını həbs ediblər. Burası həm gülməli, həm də ağlamalıdır. Gülməli ona görədir ki, bu Robin Qudluğu həqiqətən mən etsəydim boynuma alıb deyərdim ki, bəli, mən etmişəm. Çünki əgər Robin Qudsansa, gərək qorxaq olmayasan, qorxaqsansa gərək Robin Qudluq etməyəsən. Ağlamalısı isə ondadır ki, bu kimi hadisələri kiminsə kimə deməyi yox, ancaq və ancaq qanunun araşdırıb tənzimləməsi labüddür".

N.Paşayeva müraciətinin sonunda sözügedən qəzetlərə qeyri-dəqiq, qeyri-dürüst məlumat və xəbərlərdən, eləcə də jurnalist etikasına xələl gətirən hər nə varsa onlardan uzaq olmağı tövsiyə edib.

Müraciət ilin son gününə təsadüf etdiyi üçün ona sözügedən qəzetlərin rəhbərliyindən mövqe öyrənmək imkanımız da olmamışdı. Amma mövzunun aktuallığını nəzərə alıb, "Yeni Müsavat” və "Azadlıq” rəhbərliklərindən N.Paşayevanın yazdıqlarına mövqe öyrəndik.


"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, Nərgiz xanıma qəzetlərdə haqqında gedən iddialara bilavasitə cavab yazdığı üçün təşəkkür edir: "Bəzi iqtidar mənsubları kimi, bizi məhkəməyə verməyib, sadəcə, cavab yazıb, haqqındakı iddiaları təkzib edib. Lakin bizi qınamasını qəbul edə bilmirəm. Çünki biz sadəcə işimizi görmüşük. Bizim qəzetləri məhkəməyə Osman İsayevin atası, bu iqtidarın əsas fiqurlarından olan general Bəylər Əyyubovun qaynı dəvət etmişdi. Görünür, biliblər ki, başqa qəzetlər onların dediklərini verməyəcəklər. Ürəklərini boşaltdılar, məhkəmədə iştirak etdik, hər şeyi də yerli-yataqlı yazdıq. Orada hörmətli Nərgiz xanımın da adı çəkildiyi üçün onun da yazdıqlarını nöqtəsinə-vergülünə dəymədən dərc etdik. Yəni yenə də işimizi gördük”.


"Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bildirdi ki, müraciətin predmeti olan məqalə apelyasiya məhkəməsindən hazırlanan reportajdır. Sözügedən iddiaları isə qəzet yox, məhkəmənin subyektləri bildirib: "Əsl həqiqətin necə olduğunu obyektiv araşdırma və tərəflərin özü bilə bilər. Təbii ki, bir də Allah bilər. Biz orda kiminsə mövqeyini ifadə eləmək fikrində olmamışıq, sadəcə, məhkəmədən yazı hazırlamışıq. Amma sonradan əks tərəfin də mövqeyini verdik. Çünki bu, mətbuatın qaydalarından biridir - qarşı tərəfə söz haqqı tanımaq lazımdır”.

Müsahibimiz bildirdi ki, N.Paşayevanın sözügedən müraciətinə xüsusi cavab verməyəcəklər: "Hadisə olub, kimsə danışıb. Xüsusi cavab verməyə zərurət yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR