«Həyat teatrdır. O tamaşaçılar və oyunçulardan ibarətdir». ATV-də yayımlanan «Maşın Realiti Şou»suna baxarkən, buna bir daha əmin oldum.
Oyun oradakı iştirakçıların əsl kimliklərini göstərdi, mahiyyətlərini açıb ortaya qoydu. Bu hal sözügedən şouda yerli ulduzların iştirakəndan bu yana davam edir. "Maşın" daha kimlərin içüzünü açıb göstərib... İnsan qısa müddət ərzində rola girib özünü elitar, intellektual şəxs kimi apara bilər, amma ekstremal stiuasiyada əsl xarakteri, xasiyyəti gizlətmək mümkün deyil. Bu mənada «Maşın Şou»su mənə bir çox tanınmışları yenidən özüm üçün kəşf etmək imkanını yaratdı. Hazırda yayımlanan şounun iştirakçılarından olmuş "Qaraqan" təxəllüslü Elxan Zeynallı isə bu baxımdan uzun müddət hafizəmdən silinməyəcək. Bu yazıda da məhz onun oyun vaxtı özünü "filosof" kimi göstərib efirə oynamasından, qaranlıq qalan məqamlardan bəhs edilir. Daim kütlənin, dərin düşüncəsi və analitik qabiliyyətləri olmayan toplumun önündə getməyi xoşlayan, özündə bir neçə sənəti "cəmləşdirən" Qaraqan şouda özünü "isbatlamaq" üçün qurduğu taktika ilə onun, əslində, kim olduğunu bilənləri məəttəl qoydu. "Qəhrəmanım" ha çalışsa da yalançı məsumluğu altda daim gizlətdiyi eqoistliyini, təkəbürlüyünü şouda gizlədə bilmədi. Nə yazıq ki, onun efirə ustaca oynadığını çoxu anlamayaraq, az qala hələ də səcdə etməkdədir.
Tanımayanlar üçün deyim ki, Qaraqanın paytaxtın divarlarında cızma-qara edib zibilləyənlərlərlə yaxınlığı, əlaqəsi var. Onlar bir araya gəlib, rep meydanında seyrəklik olan zaman «HOST» adlı qrup yaratmışdılar. Çətin ki, qrupun səsləndirdiyi replərdən hansısa biri yadınızda qalmış olsun. Unudulmayan yalnız pis əməlləri oldu. Divarları, binaları, zirzəmiləri, bütün Bakını «HOST» yazaraq bərbad günə qoymuşdular. Yazıq xadimələr hər dəfə əcaib yazıları təmizləyəndə qrupun yaradıcılarını, üzvlərini «ürəkdən yad» edirdilər. Yeri gəlmişkən, elə cənab Qaraqanın özündən razılığı «HOST»un axırına çıxmadımı?
«Mən şouya gələndə düşünürdüm ki, buradakılar səviyyəcə məndən aşağıdır», «tamaşaçılar bunlardan dərinlik yox, meymunluq tələb edir» kimi ifadələr, əslində Qaraqanın mahiyyətindən xəbər verir. Bəli o, sənət adamlarına, müğənnilərə, aparıcılara, jurnalistlərə yuxarıdan aşağı baxır, üstəlik, incəsənət xadimlərini meymunla müqayisə edirdi. Adama sual verərlər. Əgər əvvəllər sənət adamlarının səviyyəcə səndən aşağı olduqlarını düşünürdünsə, nədən onların iştirak etdiyi verilişə qatılmaq qərarını verdin? Belə özünə hörmət qoyan, intellektual səviyyəndən razı idinsə, sənə dəvət göndərənlərə «üzrlü hesab edin, mən özümdən aşağı olanlarla birlikdə hansısa şouda iştirak etmək istəmirəm» deyib, imtina edə bilərdin. Bu addımı atmaq, qərar vermək qətiyyətin yoxdursa, hansı vicdandan, səviyyədən danışırsan? Məşhur «Axırıncı aşırım» filmində Abbasqulu bəy demiş «çox namus-namus deyirsən, amma heç fikirləşmirsən…»
"Maşın" şou başlayanda ilk günlər Qaraqan çox sakit dayanır, mübahisələrə qoşulmurdu. Özünü daha çox dediyi kimi, müşahidəçi kimi göstərirdi. Şouda daha çox gözə çarpanlar isə tele-aparıcı Günel Hümbətova, müğənnliər Roza Zərgərli, Günay İbrahimli və bir neçə iştirakçı idi. Bu iştirakçılar öz aktivlikləri isə artıq çoxunun favoritinə çevrilmişdilər-kimi mənfi, kimi də müsbət olaraq. Yəni, tamaşaçılar tərəfindən sosial şəbəkələrdə ən çox müzakirə olunanlar məhz onlar idi. Qaraqan isə öz məsumluğu ilə kölgədə qalmışdı. Hətta bəzi tamaşaçılar onun sakit qalmasından dolayı ürək ağrısı ilə mükafatın məhz ona qismət olmasını diləyirdilər. Ta o günə kimi ki, Qaraqan getməyə namizəd olanda səs topladıqdan sonra çıxıb maşın ətrafında duranları təhqir etdi. Bu azmış kimi, vicdandan, əqidədən danışan reperin özü ən böyük səhvini etdi. Özü də ona dost deyib güvənən qadına qarşı. Söhbət müğənni Roza Zərgərlidən gedir. Namizəd olacağını bilən gün Qaraqan efirarxası söhbət edərkən müğənniyə and içib əmin edib ki, səs toplasa ona əsla toxunmayacaq. Nədən ki, kişi iştirakçılar öz aralarında söz veriblər ki, xanım iştirakçılar onların vasitəsilə şoudan kənarlaşdırılmayacaqlar. Bəs Qaraqan nə etdi? Əvvəla kişi iştirakçılar arasında verilmiş vədi pozdu. Hər nə olursa olsun, nəinki kişi, vicdanlı qadın belə yaxşı bilir ki, verilən vədə xilaf çıxmaq düzgün deyil. Bu baxımdan Qaraqan ilk səhv addımını atdı-vədi pozdu. Bundan başqa, Zərgərlini oyundan kənarlaşdırarkən utanmadan onu təhqir etməkdən də çəkinmədi. Bildirdi ki, çıxaracağı iştirakçıya guya bütün tamaşaçılar nifrət edirlərmiş və əvvəldən onun adını çəksəydi qalması üçün daha çox səs toplayacaqdı. Amma guya o jest edərək Roza xanımın adını əvvəldən bilərəkdən çəkməyib. Bu da onun üstəlik müğənnini təhqir etməklə yanaşı, həm də minnəti idi. Çox maraqlıdır, Qaraqan onu dostu bilən Roza xanıma nifrət olunduğunu deyərkən heçmi o "şəffaf vicdanı" sızıldamadı? Heçmi düşünmədi ki, təhqir, üstəlik də xəyanət etdiyi ən azından Azərbaycan səhnəsində tanınan, sevilən bir müğənnidr, bundan başqa, Roza xanım həm də anadır! Lazımsız söz birləşmələri ilə özünü reper, yazar sayan adam heçmi bir övladın anasını millət qarşısında rəzil etdiyini ağlına gətirmədi?! Belə bir addımı özünə rəva bilən adam bir də hansı haqla camaata özünü mələk kimi göstərmək şücaətində bulunub?! Bu sualların cavabını Qaraqanın, özünün dediyi kimi, maşın ətrafında əldə etdiyi vicdanına buraxıram. Şouda bi slra dəyərlər vardı ki, onu özü ilə gedərkən Roza Zərgərli aparmışdı. «Burada 5-6 dənə vicdan tapmışam. Kim istəsə gəlib məndən götürə bilər» deyən Qaraqana səslənmək istəyirəm: Sən xəyalən tapdığın vicdanları bir kənara qoy. İlk olaraq millət qarşısında təhqirlərlə şoudan uzaqlaşdırdığın o xanıma müraciət et. Müraciət et ki, özün də bilmədən etdiyin səhvə görə xanım müğənni səni bağışlasın.
Mənə görə, insanlara anlayış və hörmətlə yanaşmaq, xalqa, vətənə sadiq qalmaq, peşəni sevmək və bir çox üstün keyfiyyətlərdir vicdanlı olmaq. Amma oyunbazlıq, imitasiya ilə məşğul olmaq, imkanlı qadınların ürəyinə yol tapıb onlardan istifadə etmək, alifons həyatı sürmək üçün vicdana ehtiyc yoxdur. Cak Palanikin «Döyüşçü klubu» filminə baxıb19 yaşında «A» romanı yazmaq peşəkarlar tərəfindən gülüşlə qarşılanmaya bilməz. Bunu Qaraqana xatırlatmağı özümə borc bilirəm. Yoxsa vicdanım sızlayar... Görəsən, hörmətli Qaraqan özünün plagiat romanları, ağcaqanad qədər ömrü olan repləri haqqında nə fikirdədir? Hollivud filmlərinin, kompüter oyunlarının ssenarilərini oğurlayıb roman yazmaq nə vaxtdan istedadın göstəricisi olub? Bax, əsl vicdansızllığın bir tərəfi də məhz budur! Saxtakarlıq etmək, yalan danışmaq, bacarmadığın işi gözüyumulu edə biləcəyinə söz vermək, dosta xəyanət etmək və sair xüsusiyyətləri özündə daşıyan bir insan efirə oynayaraq özünü ağıllı mələk kimi göstərə bilər. Amma Qaraqan, unutma, səni şoudan qabaq tanıyanlar, əslində kim olduğunu bilənlər də az deyil. Sənin şouda məsum olduğunu təsdiqləyənlər təbii ki, ya ilk dəfə səni şouda görüb məsumiyyətinə aldanan saf düşüncəli insanlar, ya da özün kimi vicdandan "bol" olnlardır! Və bir şeyə də əmin ol, sən kimlər üçünsə efir ulduzuna çevrilə bilərsən. Amma əslində kim olduğunu bilənlər üçün dəniz ulduzu olaraq qalmısan. Yəqin açmasını anladın...
P.S. Peşəkar yazıçılar Qaraqan imzasını qeyri-ciddi qəbul edirlər, ona istehza ilə yanaşırlar. Öz aralarında zarafatlaşarkən «Qaraqanlıq eləmə», «Lap, Qaraqan kimi yazmısan» ifadələrini işlədirlər.
Ramil Məmmədli,
Teleqraf.com