Gülarə Əliyevanın vaxtsız susmuş həyat melodiyası... - FOTOLAR
MƏDƏNİYYƏT
17.11.2020, 20:03
Bu gün Əməkdar İncəsənət xadimi GÜLARƏ ƏLİYEVAnın doğum günüdür.
Gülarə xanımdan söz düşəndə “Dan ulduzu”nu, “Dan ulduzu”ndan söz düşəndə istər-istəməz Gülarə xanımı xatırlayırsan. Nə qədər ki sənətə, sənətkara dəyər verən insanlar var və nə qədər ki, Azərbaycan musiqisi var, Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Gülarə Əliyeva adı da yaşayacaqdır!
Görkəmli sənətkarın sənət və həyat yoluna yeganə yadigarı, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müəllimi Ayəndə Əliyeva:
- Musiqinin, sənətin, ansamblın inkişafı, mədəniyyətin təbliği Gülarə Əliyevanın həyat amalı idi. Necə də olmaya?!
O, Tanrı tərəfindən bu missiya ilə göndərilmişdi Yer üzünə…
Və öhdəsindən də layiqincə gəlirdi. Amma hər qadının bir müqəddəs missiyası da var bu həyatda — analıq missiyası. Hər qadın üçün ailəsi, uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Elə Gülarə xanım üçün də eləydi. Düzdür, mənəvi analığı „Dan ulduzu”nu Azərbaycan musiqi dünyasına gətirdiyi gündən yaşayırdı. Ansambl onun ilk övladı sayılırdı. Üzvlərinin hər birinə ana nəvazişi ilə yanaşır, ana qayğısı göstərirdi. Amma əsl analıq zirvəsi tamam başqa yüksəklik idi...
Çox unikal insan və şəxsiyyət idi. Özünü heç vaxt yekəxana aparmazdı, sadə idi. Bu da genetik xüsusiyyət kimi ona keçmişdi. Atasından o cür görüb- götürmüşdü. Deyirdi, atam da belə olub. Emosional, şən, eyni zamanda həssas və kövrək qəlbli idi. Adi bir sözdən belə kövrələ bilərdi.
Bir də yaman nigaran olurdu. Gündə bir neçə dəfə bacı-qardaşları ilə mütləq danışmalıydı. Qızlarını daim nəzarətdə saxlayırdı...
Gülarə Əliyeva şərəfli bir ömür yolu keçib. O, 1933-cü il noyabrın 17-də görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində doğulmuşdu. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirmiş, 1966-cı ildə “Bəstəkar F.Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967–1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) musiqi kafedrasının müdiri olmuşdur.

Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir.
1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Həmin ildə “Dan ulduzu” kamera–instrumental ansamblı fəaliyyətə başlamışdır.
O, eyni adlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir.
Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış etmişdir.
Gülarə xanım eyni zamanda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur.
"Dan ulduzu" ansamblına onun adı verilmişdir.
"DAN ULDUZU" - TALE ULDUZU

"Dan ulduzu" ansamblının yaranması Azərbaycan musiqi tarixində yeni hadisə idi. O, düz 23 il bu kollektivə rəhbərlik etmiş, ömrünün sonunadək “Dan ulduzu”nu öz övladı kimi sevmiş, ondan ayrılmamışdır.
"Dan ulduzu"nun adını Azərbaycanın Xalq şairi Nəbi Xəzri təklif edib. İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilib. Gülarə хanım müntəzəm məşqlərin, ansambl üzvlərinin əzmkarlığı, sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb, bir çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu.
"Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər.
Bu gün Azərbaycan musiqisi tarixində öz sözlərini demiş Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və digər ifaçılar "Dan ulduzu”nun solistləri kimi məşhurlaşmışdılar.
1975-ci ildə isə Zeynəb Xanlarova "Dan ulduzu"yla bir silsilə proqramla dövlət konsertlərində çıхış etmişdir.
Xalq artisti Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət olunmuşdular.

Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyхa Mirismayılova və başqa ifaçılar "Dan ulduzu"yla məhşurlaşdılar, sevildilər.
Gülarə хanım bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının üzə çıхarılmasında köməkliyini əsirgəməzdi. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya dəvət edib onlarla bir neçə mahnılar yazdırmaqla ansambla dəvət etmişdi.
Gülarə xanımın yeganə yadigarı Ayəndə xanımın xatirələrindən: “Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq–qaralı olardı, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb.
Konservatoriyanın iki - bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. O dövrdə belə bir ansambl yaratmaq yenilik idi, xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov... və digər tanınmış bəstəkarla işləyirdi. Onların hamısı bizim evdə olmuşdular…”.

Əməkdar İncəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun araya–ərsəyə gətirdikləri “Dan ulduzu–tale ulduzu” televiziya filmində ansamblın yaranması, Gülarə xanımın onun formalaşması yolunda çəkdiyi əziyyətlər barədə ətraflı məlumat verilir.
Əməkdar İncəsənət xadimi, pianoçu, mərhum Həsənağa Qurbanov Gülarə Əliyeva ilə birgə bu ansamblda çalışmışdı. Hətta Gülarə xanımdan sonra bu ansambla rəhbərlik etmişdi. Sonralar Gülarə xanımla bağlı bir kitab da yazmışdı. Amma amansız ölüm Həsənağa Qurbanova bu arzusunu reallaşdırmağa imkan vermədi.
Onun “Bizim Gülarə Əliyeva” kitabı ölümündən sonra işıq üzü gördu...
Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb.
27 iyul 1991-ci il...
Həmin gün Gülarə Əliyevanın faciəvi şəkildə dünyasını dəyişməsi xəbəri bütün musiqisevərlər üçün böyük itki oldu...

Gülarə Əliyeva həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və ...
Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: “1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelçisi Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu “Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim. Balkondan əsər-əlamət qalmamışdı…”
O, 57 yaşında həyata gözlərini yumdu. Yaşasaydı bəlkə də daha neçə-neçə sevilən nəğmələrin, musiqi nömrələrinin müəllifi olacaqdı...
Yaşasaydı...
İstedadlı pianoçu, Əməkdar İncəsənət xadimi Gülarə Əliyevanın vəfatından bizi artıq 19 illik zaman ayırır. İllər keçir, amma o faciəli günün ağrısı insanı yenidən Gülarə Əliyeva taleyi, Gülarə Əliyeva ömrü haqqında bir daha düşündürür...
P.S. Nə yaxşı ki, bu gün o ailədə ikinci Gülarə Əziz qızı Əliyeva böyüyür...
Həyat, həqiqətən də, qəribə təsadüflərlə doludur. Gülarə xanımın qızı Ayəndə Əliyevanın da qismət payına belə bir təsadüf düşüb. Onun həyat yoldaşının adı Əziz, soyadı Əliyevdir.
Ayəndə xanım qızına anasının adını - Gülarə adını verib. "O da nənəsi kimi yaradıcı ruhludur, musiqini sevir, gitarada ifa edir, gözəl rəsm qabiliyyəti var. Bəzi xüsusiyyətləri, xarakterik cizgiləri ilə nənəsinin bənzəridir”, - deyir Ayəndə xanım.
13 ildir anasını qızının adında, gülüşündə, davranışlarında yaşadır. Anasının xatirəsini qızı ilə birlikdə böyüdür. Ətrini-qoxusunu ondan alır.
Kim bilir, bəlkə o da elə nənəsinin yolunu davam etdirəcək, təkcə adını yox, əməllərini, sənətini, arzularını da davam etdirəcəkdir...
...Bu da bir tale.
Bu da gözəl, alicənab, yumşaq ürəkli, nəcib bir xanımın ömür yolu...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə daha bir unikal olay - İki türk amerikalı qadın zabitə sataşdı və...
Bugün, 12:46 DÜNYA
-
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:41 CƏMİYYƏT
-
Petek Dinçöz imicini dəyişdi - 36 il əvvələ geridönüş + FOTO
Bugün, 12:27 ŞOU-BİZNES
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM
-
ÜÇ ÖLKƏ İRANA QARŞI BİRLƏŞİR, YOXSA... - Yəmən Məkkə Sazişi ölkələri üçün ilk ciddi sınaqdır (TƏHLİL)
Bugün, 12:13 SİYASƏT
-
Qubada iki keçmiş məhkum 19 kq narkotiklə saxlanılıb
Bugün, 11:58 KRİMİNAL
-
Anam məni danladı...
Bugün, 11:42 YAZARLAR
-
İstanbulda orta məktəbdə bir qız 7 şagirdi bıçaqladı
Bugün, 11:15 KRİMİNAL
-
Allahşükür Paşazadənin 40 il əvvələ aid görüntüsü paylaşıldı - VİDEO
Bugün, 11:04 SİYASƏT
-
Hidayət Heydərov DÇ-də: ilk qələbə qazanıldı (Yenilənib)
Bugün, 10:55 İDMAN
-
Quba sakini dəm qazından boğulub
Bugün, 10:50 CƏMİYYƏT
-
Bakıda 14 yaşlı qızın intim görüntülərini yayan 26 yaşlı şəxsə hökm oxundu
Bugün, 10:19 KRİMİNAL
-
Nazir təhdid etdi, sərt cavab gecikmədi: "Dəlilik edərsəniz, ölkəniz yer üzündə qalmayacaq"
Bugün, 10:13 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 10:07 GÜNDƏM
-
Vəkillər "mygov ID" vahid giriş altsistemi yaradıldı
Bugün, 10:03 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 10:00 İQTİSADİYYAT
-
DÜNYANIN ƏN BAHALI FUTBOLÇULARI: aralarında bir türk də var - SİYAHI
Bugün, 09:51 İDMAN
-
Penitensiar Xidmətdə gözlənilməz əməliyyat - Kadrlar İdarəsinin sabiq rəisi saxlanıldı
Bugün, 09:36 CƏMİYYƏT
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bugün, 09:21 İQTİSADİYYAT
-
Braziliyada 23 yaşlı qadın bloger yoxa çıxıb - Güllələndiyi deyilir, ancaq meyiti də tapımır
Bugün, 09:13 PRESS
-
İzmirdə CHP-li sabiq bələdiyyə sədri və 45 nəfər saxlanıldı
Bugün, 09:04 DÜNYA
-
UEFA Millətlər Liqası: Türkiyə yenə uduzdu
Bugün, 00:44 İDMAN
-
Arvadının barəsində korrupsiya ittihamı olan Baş nazir siyasi karyerasını "qumar"a qoydu - Növbədənkənar seçkiyə qərar verildi
Bugün, 00:40 DÜNYA
-
Məşhur model tədbirə velosipedlə getdi - Əvvəl təmizlədi, sonra əlcək taxtdı (FOTO)
Bugün, 00:12 ŞOU-BİZNES
-
TÜRKİYƏ VƏ PAKİSTAN ƏR-RİYADA HƏRBİ BÖLMƏLƏR YERLƏŞDİRİR - Husilərə qarşı yeni plan işə salınır?
Bugün, 00:07 GÜNDƏM
-
Hakim həbsindən əvvəl məhkəmədə nə deyib? - İfadəsi yayıldı
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Ankaradan qalxan sərnişin təyyarəsində bomba həyəcanı qorxu yaratdı
05.10.2026, 23:55 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ Dövlət katibi telefonda danışdı: strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və... - XİN açıqladı
05.10.2026, 20:44 GÜNDƏM
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR
05.10.2026, 18:36 GÜNDƏM
-
Generalla bağlı qərar verildi
05.10.2026, 18:30 SİYASƏT
-
Azərbaycan Hərbi Dəniz Qüvvələri Pakistanda təlimdə - FOTOLAR
05.10.2026, 18:03 GÜNDƏM
-
"Qalatasaray" 8 futbolçu ilə yol ayrıcında: hansı oyunçularla müqavilə yenilənəcək?
05.10.2026, 18:02 İDMAN
-
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu dayandırılır
05.10.2026, 17:47 İQTİSADİYYAT