Cəfər Cabbarlının "O, bir istedaddır" deyə dəyər verdiyi Abbas Mirzə Şərifzadə... - O, kim olub?

img

16-11-2020 [15:24]


"Abbas Mirzə məktəb görməmişdir, ... lakin o, bir istedaddır". 

Bu sözləri böyük dramaturqumuz Cəfər Cabbarlı demişdi. 

Abbas Mirzə Şərifzadə, həqiqətən, böyük istedad idi və bugünədək onun aktyorluq qabiliyyəti, səhnə fəaliyyəti, rejissorluğu bu möcüzəli aləmə qədəm qoyan hər kəs tərəfindən heyranlıqla öyrənilir...

Bu gün Azərbaycan teatr və kino rejissoru, Azərbaycanın Xalq artisti, milli  romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonraki ən ləyaqətli davamçısı, görkəmli faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna  rolu olan Abbas Mirzə Şərifzadənin xatirə günüdür.

Hörmətlə xatırlayaq.

 

O, səhnə fəaliyyətinin 30 ili ərzində həm Azərbaycan, həm də dünya xalqlarının dram əsərlərində onlarla rol oynamışdır. İlk növbədə faciə aktyoru kimi tanınan Abbas Mirzə  Şərifzadə yaradıcılığının zirvəsi Uilyam Şekspirin faciələrində yaratdığı obrazlar hesab olunur. O, Azərbaycan Dram Teatrının tarixində mühüm rol oynamışdır. 1926-cı ildən Azərbaycan Dövlət Opera Teatrının baş rejissoru olmuşdur.

Abbas Mirzə Şərifzadənin həyat və fəaliyyətinə bir qədər ətraflı nəzər salaq:  

Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən atası Mirzə Rəsul Şərifzadə Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış, anası Fərruxbəyim isə evdar qadın olub.

Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər.

Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. 

O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q.Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur. Belə ki, onların çap etdiyi Üzeyir Hacıbəylinin bir kitabı da var. 

"Hesab məsələləri" adlanan bu kitab 1908-ci ildə İstiqlaliyyət küçəsində yerləşən Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Birinci Dünya müharibəsi illərində Azərbaycandan Türkiyəyə yardım göstərildiyi vaxt Q.Şərifzadə xüsusi fəallıq göstərmişdir. O, 1942-ci ildə İstanbulda vəfat etmişdir. 

İlk təhsilini evdə atasından alan Abbas Mirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-tatar məktəbinə daxil olub. Üç il burada oxuyan Şərifzadə bir ildən sonra Üçüncü Aleksandr adına kişi gimnaziyasına qəbul edilib. Ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam etdirməyə imkan verməyib. Böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticari işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. 

Hüseyn Ərəblinskinin oyunu digər həmyaşıdları kimi, Abbas Mirzəni də məftun edib. Get-gedə qəlbində aktyorluq sənətinə böyük maraq oyanan gənc 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin “Zorən təbib” komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. İlk rolu uğurlu olmasa da... sonralar taleyini ömürlük səhnəyə bağlayan A.M.Şərifzadə “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. 

1917-ci il 18 oktyabrda kifayət qədər tanınmış sənətkar Azərbaycan Artistlər İttifaqı yaradıb və özü də onun sədri olub. 

O zaman ittifaqda lkiilik aktyorluq kursu yaradmışdı ki, bu da ilk milli səhnə təhsilimizin qaranquşu sayılır. 

İttifaqın əsas idarə heyəti “İsmailiyyə” binasında yerləşirdi və onların hazırladıqları tamaşaların əksəriyyəti də məhz orada göstərilirdi. 

1918-ci ilin mart hadisələrində erməni daşnakları Bakını tarmar edəndə “İsmailiyyə” binasını da yandırdılar və İttifaq dağıldı. Məcburiyyət qarşısında qalan A.M.Şərifzadə Bakını tərk edib Volqa çayı boyunca uzunmüddətli qastrola çıxdı. Həmin ilin payızında  döndü.

Qüdrətli sənətkar 1919-cu ildə Bakıdakı Mərkəzi fəhlə klubunda, sonralar Fəhlə-kəndli Türk Dram Dərnəyində həvəskarlar dəstəsinə rəhbərlik etmiş, bir sıra tamaşaların quruluşçu rejissoru olmuşdur. 

Abbas Mirzə Şərifzadənin təşəbbüsü ilə həmin dərnəklərdəki həvəskarların bir çoxu peşəkar aktyorluğa gəlmişlər.

 1919-cu ildə “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” dram və opera truppasında baş rejissor işlədi. 1920-ci ilin iyununda Bakıdakı bütün teatr dəstələri bir truppada cəmləşərək Birləşmiş Dövlət Teatrosu yaradıldı. Buraya rus, gürcü və digər dillərdə fəaliyyət göstərən, o cümlədən bugünkü Akademik Milli Dram Teatrı daxil idi. Milli teatr 1922-ci ildə ayrılıb müstəqil oldu. 1924-cü ilədək Şərifzadə bir neçə dəfə Akademik teatra baş rejissor təyin edildi.

Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında (1932) və kino fabrikində işləsə də, 1928-ci ildə opera teatrına baş rejissor təyin olunsa da, onun rejissor, əsasən aktyor yaradıcılığı bilavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə sənətini başqa məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız İranda (1914), Aşqabadda (1917), Hacıtərxanda (1918), dəfələrlə Tiflisdə, Batumda, İrəvanda... qastrollarda olublar.

Səssiz kino dövründə “Bayquş” filmində Xan roluna çəkilmiş Şərifzadə “Bismillah” (1925), “Hacı Qara” (1929), “Məhəbbət oyunu” (1934) bədii və “Azərbaycana səyahət” (1926) sənədli filmlərinə rejissorluq edib. Bakı Teatr Məktəbində aktyor sənətindən dərs deyib. 

Yaradıcılığı:

Adətən, teatr tədqiqarçıları aktyorun oynadığı rolları beş qismə bölürlər:  faciə rolları, romantik qəhrəmanlıq obrazları, dramatik psixoloji surətlər, komediya personajları, opera partiyaları. Onun ən parlaq qələbələr qazandığı ifaları faciə rolları olub. 

Cəfər Cabbarlının əsərlərində Aydın (“Aydın”), Oqtay (“Oqtay Eloğlu”), Elxan (“Od gəlini”), Hüseyn Cavidin faciələrində İblis (“İblis”), Şeyda (“Şeyda”), Cəlal (“Uçurum”), Knyaz (“Knyaz”), Səyavuş (“Səyavuş”), Vilyam Şekspirin eyniadlı pyeslərində Hamlet, Otello, Maqbet, həmçinin Nadir şah, (“Nadir şah”, Nəriman Nərimanov), Qurban, Nəcəf bəy, Qacar (“Pəri cadu”, “Dağılan tifaq” və “Ağa Məhəmməd şah Qacar”, Əbdürrəhim bəy Haqverdiyev), Fəxrəddin (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov). Ferdinand, Karl (“Məkr və məhəbbət” və “Qaçaqlar”, Fridrix Şiller), Seyran (“Namus”, Aleksandr Şirvanzadə), Buridan (“Qanlı qala”, Aleksandr Düma), Ənvər bəy (“Sultan Əbdülhəmidin xəli”, Rza Zaki Lətifbəyov), Səid bəy (“Zülmün səmərəsi”, Səkinə Axundzadə), Xosrov (“Qara bəla”, Namiq Kamal), Barxlay de Tolli (“1812-ci il və ya Moskva yanğını”, Baxmetov), Uriel Akosta (“Uriel Akosta”, Karl Qutskov) rolları faciə bölumünün ən parlaq nümünələridir.

Romantik qəhrəmanlıq obrazları  Rüstəm, Pərviz və Gavə (“Dəmirçi Gavə”), Rəcəb və Dəmir bəy (“Əhdə vəfa”, Şəmsəddin Sami), Aslan (“Qafqaz çiçəkləri”,  Söhrab (“Söhrab və Rüstəm”, Əhməd Qəmərli), Qaçaq Kərəm (“Qaçaq Kərəm”, Ərtoğrul, Şeyx Sənan (“Şeyx Sənan”, Hüseyn Cavid), Gülab (“Şahnamə”, Canan), Viktor Hüqo)... çox maraqlı, təkrarsız aktyor oyunu ilə seçilirdi. 

Abbas Mirzə Şərifzadənin dramatik psixoloji surətləri -  İsgəndər və Hacı Həsən ağa (“Ölülər”, Mirzə Cəlil Məmmədquluzadə), “Solğun çiçəklər”, Cəfər Cabbarlı), "Ac həriflər”, Əbdürrəhim bəy Haqverdiyev), Soltan bəy, Hambal (“Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Don Juan (“Don Juan”, Molyer), Mirzə Səməndər (“Almaz”, Cəfər Cabbarlı), opera partiyaları: İbn Tahir (“Şah İsmayıl”, Müslüm Maqomayev), Padşah (“Əsli və Kərəm”, Üzeyir bəy Hacıbəyov)... hərəsi özünə görə bir dünya idi. 

Abbas Mirzə Şərifzadə bir çox tamaşalara (Nəriman Nərimanovun “Nadir şah”, “Dilin bəlası”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Dağılan tifaq”, “Pəri cadu”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Namiq Kamalın “Qaplan paşa”, Fridrix Şillerin “Məkr və məhəbbət”, “Qaçaqlar”, Hüseyn Cavidin “İblis”, “Şeyx Sənan”, Cəfər Cabbarlının “Trablis müharibəsi”, “Aydın”, “Oqtay Eloğlu”, Süleyman Sani Axundovun “Tamahkar”, “Laçın yuvası”, “Eşq və intiqam”, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin”... ) səhnə həyatı verib.

 Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib” operalarına... səhnə quruluşları verib. 

Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.

Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur: "Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.

Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır". 

Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas Mirzə Şərifzadə roldan-rola nəinki dəyişib, o, səhnədə büsbütün özünü də unudub. Heç bir zaman səhnədə özünün – Abbas Mirzə Şərifzadə ömrünün sahibi olmayıb.

Teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimli: "Onun kükrəyib daşan, bir qəlbə sığmayan qızğın ehtirası, bütün tamaşa boyu kökdən düşməyən coşğun temperamenti vardı. O, poetik teatrın estetik prinsiplərini, poetika xüsusiyyətlərini öz oyununda yüksək səviyyədə təcəssüm etdirdiyinə görə Şeyx Sənanın, İblisin, Səyavuşun, eləcə də Hüseyn Cavidin digər qəhrəmanlarının ən kamil ifaçılarından sayılır. Yumordan “xəsisliklə” istifadə etsə də, komediya rollarında duzlu, məzəli, baxımlı idi. Xalq oyun-tamaşa, qaravəlli ifadə vasitələrinə üstünlük verməklə məzhəkə janrının estetik göstəricilərinə daha çox əsaslanırdı.

Son dərəcə aydın diksiyası, cingiltili səsinin çoxqatlı çalarları, qızğın daxili temperamenti dərin mənası, psixoloji tutumu ilə monumental ifadəlilik kəsb edirdi. Bu vəhdətin poetik hüsnü, ecazkar cazibəsi tamaşaçıları coşğun riqqətə gətirirdi. Romantik aktyordan tələb olunan bütün yaradıcılıq keyfiyyətlərini yüksək peşəkarlıqla mənimsəmişdi və onları səhnədə yaradıcı sənətkar səxavətilə oyununa məsrəf edirdi. “Hamlet”, “Otello”, “Aydın”, “Şeyx Sənan”, “İblis” kimi tamaşalarda oynadığı eyniadlı obrazlarla tamaşanın ümumi sürət-ritmi arasında harmonik vəhdət-körpü yaradırdı". 

Azərbaycan romantik aktyor məktəbinin ən parlaq simalarından olan Abbas Mirzə Şərifzadə sənət dühasıdır.  

O, Azərbaycan Respublikasının Əməkdar artisti (19 dekabr 1928) və Azərbsycan SSR Xalq artisti (1 fevral 1936) fəxri adlarına layiq görülmüşdür.

Azərbaycanda Stalin repressiyalarının qurbanlarından biri olan Abbas Mirzə Şərifzadə 1937-ci ilin dekabr ayında saxtakar işdə ittiham edilərək, “xalq düşməni” damğası ilə həbs olundu.

Təxminən bir il sonra, 1938-ci ildə dindirilmədən və işgəncələrdən sonra güllələndi. 

Şəxsiyyətə pərəstiş dövrünün qurbanı olan sənətkarın güllələnmə ili və günü dəqiq bilinmədiyinə görə bir müddət onun ölümü martdan götürülüb. Bəzi mənbələrdə bu tarix 1943-cü ildir. Əslində, Abbas Mirzə Şərifzadə 16 noyabr 1938-ci ildə güllələnib. 

1955-ci il sentyabrın 17-də Abbas Mirzə Şərifzadənin ittihamına dair işə  baxılıb və  SSRİ-nin Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı nəticəsində bəraət alıb.

Onun adına Bakıda küçə var. 

Vaxtilə özü sədr olduğu Cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbas Mirzə Şərifzadənin adını daşıyır.

SSRİ Xalq artisti Mərziyə Davudova Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olmuşdur. Bu ailədə doğulan Azərbaycanın Xalq artisti Firəngiz Şərifova  Gənc Tamaşaçılar Teatrında işləmişdir.

"Avroviziya-2011" beynəlxalq mahnı müsabiqəsində qalib gəlmiş Eldar Qasımov Abbas Mirzə Şərifzadənin nəticəsidir.

Abbas Mirzə Şərifzadənin yaradıcılıq yolu yarıda qırılsa da, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. 

 Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. 

Onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib.  Tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. 

Azərbaycan kino sənəti tarixində də  onun adı birincilər sırasındadır. Abbas Mirzə Şərifzadə həm də ilk kino rejissorumuz olub...

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq