İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif ABŞ-ın keçmiş rəsmisi ilə görüşdüyünü etiraf edib.
Bunu İranın XİN sözçüsü Abbas Musəvi Tehranda çıxan “İran” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, M.Zərif bir neçə ay əvvəl Nyu-Mexiko ştatının keçmiş valisi Bill Riçardsonla görüşüb: "Onlar ABŞ-da həbsdə olan İran İslam Respublikasında həbsdə saxlanılan ABŞ vətəndaşlarının məsələlərini müzakirə ediblər".
Qeyd edək ki, 683 gün İran həbsxanasında saxlanılan ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş məsul nümayəndəsi Maykl Uayt iyunun 4-də sərbəst buraxılıb. O, 13 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
İyunun 3-də ABŞ-da saxlanılan Sirus Əsgəri koronavirusa yoluxduğu üçün azad edilib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək deyib: “Mən prezident olduqdan sonra 40-dan çox amerikalı girovu və saxlanılan başqa şəxsləri ABŞ-a qaytardıq və bunun üçün İrana təşəkkür edirik. Bu, İranla sazişin mümkünlüyünü göstərir”.
Məhəmmədcavad Zərif razılaşmanın bəzi şəxslərə deyil, ABŞ-da və onun müttəfiqi sayılan ölkələrdə həbsdə olan bütün məhbuslara şamil olunacağını bildirib.
Bill Riçardson isə sosial şəbəkədəki səhifəsində məhbusların məsələsinin Zəriflə müzakirə etdiklərini paylaşıb/Report.