Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2017-ci il ərzində 12 137,5 mln. manat, büdcə xərcləri isə 11 015,5 mln. manat təşkil edib.
Neft Fondundan Mia.az-a verilən məlumata görə, 2017-ci ildə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 053,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 030,0 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişləri 3,6 mln. manat, tranzit gəlirləri 17,9 mln. manat təşkil edib:
"Ötən il ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 083,6 mln. manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 876,2 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-in 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 100,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 mln.manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 mln. manat vəsait ayrılıb. 17,0 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 mln. manat vəsait ayrılıb. 2017-ci il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 18,1 mln. manat təşkil edib.
2018-ci il yanvarın 1-ə fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 mln. ABŞ dolları) nisbətən 8,02% artaraq 35 806,5 mln. dollara bərabər olub. Qeyd edilib ki, aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub".