İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimlinin biznesi batır.

Mia.az Tribuna.az-a istinadla bildirir ki, professorun vergi borcu yaranıb və ödəmir. Bu haqda ilk xəbəri Qaynarinfo yazıb. Belə ki, Hikmət İbrahimliyə aid “Tovuz Tibb Mərkəzi” MMC-nin xeyli miqdarda vergi borcu yaranıb. Hazırda MMC-nin 132 619,05 manat vergi borcu var.

“Tovuz Tibb Mərkəzi” MMC 9 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. MMC-nin hüquqi ünvanı Tovuz rayonu Tovuz şəhəri, İ.Mürşüdov küçəsi, ev 44-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Emin Maksim oğludur. Emin İsmayılov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

İddialara görə, “Tovuz Tibb Mərkəzi” MMC-nin sahibi Hikmət İbrahimlidir. O, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri vəzifəsində işləyir. Hikmət İbrahimli 2021-ci ilədək “Tovuz Tibb Mərkəzi” MMC-nin qanuni təmsilçisi olub. “Tovuz Tibb Mərkəzi” MMC-nin vergi borcunun yaranması ilə bağlı da maraqlı mülahizələrə irəli sürülür.

İddialara görə, Hikmət İbrahimlinin İcbari Tibbi Sığorta Agentliydə vəzifə tutması “Tovuz Tibb Mərkəzi” MMC-nin fəaliyyətinə müsbət mənada təsirsiz ötüşməyib. Lakin hazırda Agentlikdə ciddi yoxlamalar aparıldığından “Tovuz Tibb Mərkəzi” MMC ilə sözügedən qurumla işbirliyinə əngəl yaradıb. Bu baxımdan, MMC-nin fəaliyyəti əvvəlki illərə nisbətən xeyli zəifləyib və nəticədə xeyli miqdarda vergi borcu yaranıb.
Adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.