İqtisadçı alim Qubad İbadoğlu Azərbaycanda istehsal olunan və anbarlarda saxlanılan məhsullarla bağlı statistik məlumatlar yayıb.
Mia.az xəbər verir ki, ekspert anbarlarda 577 milyon manatlıq satılmamış mal yığıldığını bildirib:
"stehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil etmişdir. Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmaması.
Hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. Odur ki, anbar qalığının artımından bu faktor da nəzərə alınmalıdır”.