Ölkəmizdə 4-cü dəfə “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilir.
Mia.az xəbər verir ki, bu dəfə tədbir “Bahalı səhvlər” konseptinə köklənib.
Tədbir aprelin 4-də Baku Marriott Hotel Boulevard-da baş tutacaq.
Tədbirdə 600-dən çox peşəkar mütəxəssis, dövlət və özəl sektordan olan maliyyə, mühasibatlıq və vergi rəhbərləri, kiçik, orta və böyük şirkətlərin əsas mütəxəssislərinin iştirak etməsi planlaşdırılır. Ümumilikdə 15 nəfər spiker artıq təyin edilib.
Tədbirin əsas mövzuları arasında “Maliyyə riskləri və uçot ”, “Əmək münasibətlərində uçot riskləri”, “Vergi riskləri” və digərləri var. Müzakirələr panellər əsasında təşkil ediləcək.
Qeyd edək ki, bu tədbir bizneslərin ən çox qarşılaşdığı maliyyə, uçot və vergi risklərini real nümunələr və peşəkar yanaşmalar əsasında gündəmə gətirən nüfuzlu platformadı. Burada biznes, dövlət, media, təhsil və qeyri-hökumət sektorlarını təmsil edən yüzlərlə qərarverici və fikir lider bir araya gələrək eyni zamanda, biznes sahələrinin tanıtımı üçün imkanları müşahidə edə biləcək. Ölkədə fəaliyyət göstərən brendlərin tanıtımı, brend imicinin gücləndirilməsi, hədəf auditoriya ilə birbaşa əlaqə, media və rəqəmsal görüntü üçün də əlverişli imkan yaradılacaq.
Tədbir çərçivəsində ilhamverici çıxışlar, aktual panel müzakirələri, bədii-musiqili proqram və yüksək səviyyəli networking mühiti təqdim olunur. Bu isə sponsor brendlər üçün təkcə görünürlük yox, həm də strateji mövqelənmə deməkdi.
Onu da qeyd edək ki, tədbirə Mia.az saytı informasiya dəstəyi göstərir.
Zülfiyyə Mustafayeva
Mia.az