Keçmiş müğənni, hazırda isə tanınan iş qadını Ruhi Əliyevanın (Əliyeva Ruhiyyə Nəsrəddin qızı) rəhbərlik etdiyi şirkətin dövlətə vergi borcu olduğu məlum olub.
Mia.az 32gun.az-a istinadla xəbər verir ki, söhbət Ruhi Əliyevanın rəhbəri olduğu "LİATRİS HOLDİNG" Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Dövlət Vergi Xidmətinin açıq məlumat bazasından əldə edilən göstəricilərə əsasən vergi borcu 5336.28 AZN təşkil edir.
Şirkətin nizamnamə kapitalı isə 10 AZN-dir.
Hüquqi baxımdan məbləğ çox böyük hesab edilməsə də, holding statuslu bir şirkət üçün öhdəliyin yaranması diqqət çəkib.
Şirkətin qanuni təmsilçilik tarixində maraqlı keçid dövrləri müşahidə olunur.
DVX-nin açıq mənbələrındən aldığımız arxiv məlumatlarına əsasən, qurumun rəhbərliyi aşağıdakı ardıcıllıqla dəyişib:
Musayev Elvin Müslüm oğlu: 19 iyun 2017-ci il tarixdən rəhbər olub.
Nağıyeva Fatma Şəmistan qızı: 9 fevral 2018-ci il tarixdən təyin edilib.
Ruhiyyə Əliyeva: 5 mart 2018-ci il tarixdən etibarən şirkətin qanuni təmsilçisi vəzifəsini öz üzərinə götürüb.
Qeyd edək ki, hazırda holdinqin rəhbərliyində birbaşa Ruhi Əliyeva çıxış edir və sözügedən borc məhz bu dövrlə bağlı qeydə alınıb.
Xatırladaq ki, Ruhi Əliyeva şou-biznesə 2007-2010-cu illərdə "Müğənni Ruhi" kimi daxil olub. Hazırda o, müğənnilik fəaliyyətini dayandırsa da, bu mahnılar hələ də musiqi platformalarında dinlənilməkdədir.
Onu da qeyd edək ki, o, "Putin İlham" kimi tanınan yerlisi - tovuzlu İlham Rəhimovla ailə qurub.