"Hörmüz boğazında 15 gəmimiz var. O gəmilərimiz İran limanından istifadə etdiyi üçün İran hakimiyyətindən icazə aldıqdan sonra onlardan birini keçirdik".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu verib.
Nazir deyib ki, hazırda geridə qalan 14 gəminin buraxılması üçün İranla danışıqlar gedir: "14 gəmimiz orada gözləyir. Onlara hazırda heç bir təhlükə yoxdur".
Nazir bildirib ki, Türkiyə dünyanın mühüm logistika mərkəzlərindən biridir: "Xüsusilə şərq-qərb oxunda, son zamanlar inkişaf edən şərq-qərbi dəstəkləyən şimal-cənub və ya diaqonal xətlər baxımından ölkəmiz həqiqətən dəyərli bir mövqedədir. Türkiyə Orta Dəhlizdə mühüm mövqeyə sahibdir. Çindən Londona dəmir yolu ilə Orta Dəhliz vasitəsilə 18 günə çatmaq mümkün olacaq. Orta Dəhlizin Türkiyədə artıq fəaliyyətdə olan bir xətt var. Biz standartlarımızı yüksəltmək üzərində işləməyə davam edirik. Əlbəttə ki, dəhlizi üç dənizə, yəni Samsun, Mersin, İzmir və İstanbulun Mərmərə bölgəsindəki bütün limanlara bağlamaq istəyirik. Bir hissəsini birləşdirdik, amma hələ görüləsi işlər var".
Uraloğlu həmçinin Zəngəzur Dəhlizinin Qarsdan İğdır, Dilucu və Naxçıvana qədər uzandığını da qeyd edib: "Ölkəmizdə 224 kilometrlik hissədə tikinti işlərinə başlamışıq. Azərbaycan tərəfində əhəmiyyətli bir hissə tamamlanıb. Tikinti başa çatdıqda, daha qısa bir yolla Türk dünyasına və Uzaq Şərqə çıxışımız olacaq. Zəngəzurda tikinti bu il başlasa, Türkiyə də daxil olmaqla bütün dəhliz 5 il ərzində tamamlanacaq".
Lamiyə Əhmədli
MİA.AZ