Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib.

“Qafqazinfo”nun məlumatına görə, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş - Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib.

Hadisənin təfərrüatına gəlincə, əsas müttəhim Seyran 4 il Gülsümlə sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi ilə onların münasibəti bitib. Daha dəqiq desək, Gülsüm üçün bitib. Seyran bir neçə dəfə cəhd etsə də, barışıq əldə edə bilmədiyi üçün Gülsümü evlənmək məqsədilə zorla qaçırmaq qərarına gəlib. Bu işdə isə ona dostları Səxavət və Elvin qardaşları kömək edib.

Xəbəri rus dilində oxuyun: Свадьба отменяется: вместо ЗАГСа — в камеру на 8 лет

Gülsüm qohumugilə gedərkən Seyran onu zorla Səxavətlə Elvinə aid maşına mindirib, səs-küy saldığını gördükdən sonra isə onu bıçaqla hədələyib. Pis vəziyyətdə qalan Gülsüm Seyranı inandırıb ki, onu buraxsa, el adəti ilə evlənməyə razılıq verəcək. 

Seyran yolda olarkən qıza onunla evlənəcəyinə dair məcburi video da çəkdirib. Gülsüm evə qayıdandan sonra isə polis dərhal işə keçib, adam oğurluğunda şübhəli bilinən dostlar üçü də saxlanılıb.

Zərərçəkmiş qız polisə yazdığı ərizədə də, məhkəmədəki ifadəsində də təqsirləndirilən şəxslərdən şikayətçi olub, onları bağışlamadığını deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsi yekunda zərərçəkmiş şəxsin ifadəsinin ardıcıl və verilmiş ittihamla tam uyğun olduğu qənaətinə gəlib. Hökmə əsasən, adam oğurluğunda təqsirli bilinən Seyrana 8 il 6 ay, Səxavət-Elvin qardaşlarına isə 8 il həbs cəzası verilib.