Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, görüşdə nazir Emin Əmrullayev çıxış edib.

Nazir bildirib ki, Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.

Nazir direktorların məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslər olduğunu, strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.

E.Əmrullayev məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunaraq ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb.

Məktəblərdə pedaqoji prosesin düzgün təşkilinin, nizam-intizam qaydalarına əməl olunmasının mühümlüyünə diqqət çəkən nazir ümumi təhsil müəssisələri rəhbərlərinin üzərinə düşən vəzifələri, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamları, sağlam tədris mühitinin formalaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirləri qeyd edib.

E.Əmrullayev vurğulayıb ki, direktorun əsas fəaliyyətləri sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır. Təlim-tədris prosesinə sistemli nəzarət mexanizmi qurulmalı, dərslərin keyfiyyəti izlənilməli, dərs dinləmələri keçirilməli, öyrənmə prosesi düzgün təşkil edilməli və metodik işin yaxşılaşdırılması diqqətdə saxlanılmalıdır.

Daha sonra nazir məktəb rəhbərlərinin müəllimlər, şagirdlər və valideynlərlə müntəzəm kommunikasiya qurmasının əhəmiyyətini və qarşılıqlı etimada əsaslanan mühitin formalaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib.