ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Merzlə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, görüşdə İrana qarşı müharibə qərarını tənqid edən və ölkəsindəki hərbi bazalardan istifadəyə icazə verməyən İspaniya hökumətinə ultimatum verib.
Donald Tramp NATO çərçivəsində müttəfiqlik prinsipinə baxmayaraq, İspaniyanın ABŞ ordusunun bu ölkədəki hərbi bazalarından istifadəsinə icazə verməməsini qəbuledilməz sayıb: "ABŞ-ın buna cavabı olacaq. İspaniya ilə bütün ticarət əlaqələrini kəsəcəyəm. Bundan sonra İspaniya ilə heç nə etmək istəmirik".
İrandakı əməliyyatın planlı şəkildə davam etdiyini bildirən Trampın sözlərinə görə, Tehran rejimi müharbə ilə heç bir əlaqəsi olmayan ölkələrə hücum edir: "Onlar yalnız mülki yaşayış məntəqələrini vururlar. İranın hava hücumundan müdafiə sistemi və raket ehtiyatı tükənir. İndi bizim üçün əsas məsələ İranda gakimiyyətə kimin gəlməsidir. Ən pis ssenari, İranda daha pis birinin hakimiyyətə gəlməsidir. İran rəhbərliyi üçün düşündüyümüz namizədlərin əksəriyyəti ölüb".
ABŞ lideri deyib ki, vaxtilə devrilmiş İran şahının oğlu Rza Pəhləvi İran rəhbəri postina nəzərdə tutduqları namizəd arasında yoxdur: "İran rəhbərliyi üçün ölkə daxilindən namizəd olmalıdır".
Hüseyn Namazov
MİA.AZ