Bakıda "Baksol" adlanan avtomobil yolunda şəhər sakini 27 yaşlı Cümşüd Cümşüdlünün düşərək öldüyü kanalzasiya xəttində çökmə 2025-ci ilin əvvəlində olsa da, may ayına qədər hər hansı bir tədbir görülməyib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən cinayət işi üzrə ittiham edilən Su Ehtiyatları Agentliyinin əməkdaşı Azər Cümşüdovun prosesində şahidlər deyiblər.

Şahid Səyyar Nuriyev bildirib ki, hadisə baş verən ərazidə tikinti materiallarının satışını həyata keçirən mağaza işlədir: "Orada 2025-ci ilin əvvəlindən çökmə olub, aidiyyatı qurumların qaynar xəttlərinə dəfələrlə məlumat vermişik, lakin tədbir görülməyib. Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü. Bizi ittiham edirlər ki, oraya qurulan məhəccərləri götürmüşük, lakin bu, absurd ittihamdır. Çöküntü baş verən gündən "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb".

Təqsirləndirilən Azər Cümşüdov deyib ki, onların çöküntü baş verən əraziyə qoyduqları məhəccərləri sahibkarlar götürüb: "Bizim işçilər sahibkarların məhəccərləri oradan götürdüklərinə şahid olublar".

Şahid Səyyar Nuriyev sualları cavablandırarkən söyləyib ki, hadisə baş verən ərazidən 70 metr kənarda əvvəl də çökmə olub.

Onun sözlərinə görə, Bakı Su Kanal İdarəsindən ərazinin boşaldılması ilə bağlı hər hansı bir məktub gəlməyib.

"İdarənin əməkdaşları məhəccərləri oraya quraşdıranda, onları yerə bərkitməmişdilər. Hadisədən əvvəl Azər Cümşüdovla görüşmüşdüm, o, mənə demişdi ki, hissə-hissə işləri yekunlaşdırırıq", - deyə o bildirib.

Təqsirləndirilən Azər Cümşüdov şahidi tanıdığını inkar edib, onunla bu məsələ ilə bağlı aralarında hər hansı bir dialoqun olmadığını söyləyib.

Prosesdə ifadə verən şahid Asim Həbibov da hadisə baş verən ərazidə tikinti materiallarının satışını və icarəsini həyata keçirən mağaza işlətdiyini söyləyib: "Həmin ərazidə 2025-ci ilin əvvəlindən çökmə olmuşdu, bir neçə dəfə "Azərsu"nun qaynar xəttinə zəng etdik, məhəl qoyan olmadı. Bu səbəbdən özümüzdə olan məhəccərləri oraya qoyduq ki, hər hansı bir bədbəxt hadisə baş verməsin. O, məhəccərləri icarəyə verib pul qazanırdım deyə bir müddətdən sonra oradan götürdüm. "Azərsu"nun məhəccərləri orada idi, lakin onlar yerə bərkidilməmişdi. Onların məhəccərlərini oradan biz götürməmişik".

Təqsirləndirilən Azər Cümşüdov şahid Asim Həbibovun ifadəsinə münasibət bildirərkən söyləyib ki, onun işi təmir-tikinti ilə bağlıdır, məhəccərlərin qoyulması onun səlahiyyətinə aid deyil:

"Şahid deyir, çökmə barədə qaynar xəttə məlumat veriblər, lakin qaynar xəttdən mənə məlumat verilməyib. Məndən də yuxarı rəislər var, onlara sual verin ki, niyə gec tədbir görüblər. 2025-ci ilin may ayının 14-də çökmə baş verən yeri məhəccərləmişik. İyun ayında rəhbərlik mənə deyib ki, təmir üçün material yoxdur, oradan uzaqlaş".

Proses martın 17-də davam edəcək.

Növbəti iclasda cinayət işi üzrə digər şahidlərin ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya sularının axdığı kanala düşərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

MİA.AZ