Qusar Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aygün Səmədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və qadın məhkəmə iclas zalından dərhal həbsə alınıb.

Təqdim olunan ittiham aktına əsasən, təqsirləndirilən şəxs qeyri-rəsmi sevgi münasibətində olduğu 1968-ci il təvəllüdlü zərərçəkmiş şəxsə qarşı hədə-qorxu ilə tələb etmə əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub.

İttihama görə, hadisə ötən il Qusar şəhərində təqsirləndirilən şəxsə məxsus fərdi yaşayış evində baş verib.

Belə ki, həmin vaxt Aygün Səmədova tanışı Elmar Tağıyevlə (adı, soyadı şərtidir) könüllü cinsi əlaqədə olub. Bu zaman təqsirləndirilən şəxs prosesi öz mobil telefonunun videokamerası vasitəsilə lentə alıb. İstintaq materiallarında göstərilir ki, sonradan qadın həmin video görüntüləri kişinin istifadəsində olan mobil telefona göndərib. Daha sonra sözügedən intim xarakterli görüntüləri sosial şəbəkələrdə yaymaqla Elmar haqqında rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyib, bu yolla ondan 3500 manat məbləğində pul tələb edib.

İttihamda qeyd edilir ki, bu hərəkətlər hədə-qorxu ilə özgənin əmlakını tələb etmə kimi qiymətləndirilib və əməl Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilib.

Məhkəmə istintaqı zamanı Aygün Səmədova dindirilən zaman həmin maddə ilə özünü qismən təqsirli bildiyini, lakin ittihamın mahiyyəti ilə razılaşmadığını ifadə edib. O, ifadəsində deyib ki, video çəkilişi Elmarın xahişi ilə həyata keçirib və heç bir məcburiyyət olmayıb. Onun sözlərinə görə, Elmar videoya sonradan baxmaq və həzz almaq məqsədilə çəkilişi özü istəyib, həmçinin görüntülərin ona göndərilməsini xahiş edib.

Təqsirləndirilən şəxs bildirib ki, Elmarı bilərəkdən şantaj etməyib və ondan 3500 manat pul tələb etməyib. Onun dediyinə görə, kişi özü ona 300 manat verəcəyini deyib, sonradan isə müxtəlif səbəblərdən aralarında anlaşılmazlıq yaranıb. O, Elmardan 200-300 manat məbləğində pul istədiyini etiraf etsə də, bunu hədə-qorxu və ya şantaj məqsədilə etmədiyini vurğulayıb.

İfadəsində həmçinin qeyd edib ki, videonu Elmara göndərməyib və görüntüləri yaymaqla hədələməyib. Onun sözlərinə görə, tərəflər arasında münasibətlər məhz videonun təqdim olunmaması səbəbindən pozulub. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən videonu silmək müqabilində də pul tələb etmədiyini söyləyib.

Qeyd: Aygün Səmədova 2017-ci ildə ailə həyatı qurmuş, 2021-ci il tarixdə isə əri vəfat etdiyindən Quba şəhərində valideyinləri ilə birlikdə yaşamağa başlayıb, lakin 9 ay əvvəl valideyinləri ilə yola getmədiyi üçün Qusar şəhərində yerləşən kafelərin birində ofısant kimi işləməyə başlayıb.

Elmar Tağıyev isə Bakıda “Bioloji qida vasitələri” satan şirkətlərdən birində qeyri-rəsmi məsləhətçi işləyir. Hadisədən əvvəl qış aylarında dostu ilə birgə Qusara istirahətə gedibmiş. Elə bu zaman da Aygünlə tanış olub.