"Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və bölgəmizin illərdir həsrətində olduğu davamlı sülhə nail olmasını istəyirik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiya üzvləriylə iftar yeməyində etdiyi çıxışında İrana hücuma münasibətdə deyib.
O, bir daha İranın ali dini liderinin ölümünə görə qonşu ölkə xalqına başsağlığı verib: "Ölkəm və millətim adından İran xalqına bir daha başsağlığı verirəm və hücumlarda həyatını itirən iranlı qardaşlarımıza, xüsusən də mərhum Xameneiyə Allahdan rəhmət diləyirəm. Qonşu və qardaş olaraq, İran xalqının ağrısını bölüşürük. Hər müharibədə olduğu kimi, münaqişənin bütün yükünün heç bir cinayət törətməmiş mülki şəxslərin və günahsız uşaqların üzərinə düşdüyünü görmək bizi dərin kədərləndirir. Bildiyiniz kimi, Türkiyə olaraq, ilk gündən münaqişəyə diplomatik yollarla həll yolu tapmaq üçün səy göstərmişik. Tərəflər arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün regiondakı dost və qardaş ölkələrimizlə birlikdə əlimizdən gələni etdik. Lakin ümid edilən nəticə danışıqlar masasından çıxmadı. Təəssüf ki, qan və xaosla qidalanan İsrailin təxribatları ilə fikir ayrılığı böyüdü və qızğın münaqişəyə çevrildi. Nəticə etibarı ilə Körfəzdəki qardaşlarımız da qarşılıqlı cavab tədbirlərindən mənfi təsirləndi. Dərhal bununla bağlı tədbir gördük. Şənbə günündən bəri ABŞ Prezidenti Tramp, Qətər Əmiri Şeyx Təmim, Küveyt Əmiri Şeyx Məşal, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed, Səudiyyə Ərəbistanının Baş naziri və Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, Avropa Komissiyasının Prezidenti fon der Leyen, Almaniya Kansleri Merz və NATO-nun Baş katibi Rutte də daxil olmaqla bir çox liderlə geniş görüşlər və məsləhətləşmələr keçirdik. Bu görüşlərdə Körfəzdəki qardaşlarımıza başsağlığı verməklə yanaşı, müharibəni dayandırmaq üçün nə edə biləcəyimizi də müzakirə etdik".
Ərdoğanın sözlərinə görə, bölgəmizdə atəşkəs bərqərar olana və əmin-amanlıq bərpa olunana qədər bütün səviyyələrdə əlaqələri gücləndirəcək.
Hüseyn Namazov
MİA.AZ