Baş məşqçi mia.az-ın sualına cavab verəndən sonra mətbuat konfransını tərk etdi
"Şamaxı"-"Neftçi" qarşılaşmasından sonra keçirilən mətbuat konfransında ilginc anlar yaşanıb.
Bakı təmsilçisinin baş məşqçisi Yuri Vernidub Mia.az-ın əməkdaşının sualına cavab verəndən sonra mətbuat konfransını tərk edib.
Baş məşqçi oyun haqqında kifayət qədər ilginc fikirlər səsləndirib.
- İki sualım var. Oyunun ikinci hissəsində stadionda güclü duman vardı və görüntü çətinləşmişdi. Hətta penaltini VAR-ın necə dəqiqləşdirdiyi mübahisə yarada bilər. Sizcə, bu vəziyyətə müdaxilə etmək mümkün idimi?
- Bilmirəm, bu suala nə cavab verim. Amma belə çıxır ki, onlar orada nəyisə görərək bizə penalti təyin etdilər. Biz görməsək də, VAR görüb. Əslində, hakimlərin qərarları bizi çox üzür. Məyus oluruq. Əslində, bu, tək Azərbaycanda yox, bütün ölkələrdə, o cümlədən Ukraynada da belədir.
Baxın, biz ciddi şəkildə irəli getməyə başlamışdıq. Sanki bizim irəli getməyimizi istəmirlər. İrəli gedəndə bizi tutub ayağımızdan aşağı salırlar. Amma biz dayanmayacağıq, davam edəcəyik. Çünki iradəmiz var. İradəsi olan komanda da hər zaman irəli gedəcək. Yalnız güclülər yoluna davam edərək qələbə qazanır.
- Abubakar niyə ikinci hissədə oyuna qoşuldu? O, əsas heyətə daxil edilsəydi, vəziyyət daha fərqli ola bilərdimi?
- Abubakar bəli, ikinci hissədə qoşuldu, yaxşı oynadı və 2 qol vurdu. Mən onu təbrik edirəm və bu qollara görə çox sevinirəm. Mən sizdən çox üzr istəyirəm, davam edə bilməyəcəm. Başqa bir vaxtda sizlərin suallarına ətraflı cavab verərəm. Təşəkkür edirəm.
Zülfiyyə Mustafayeva
Mia.az
Şamaxı