Qurban Qurbanov: “Bir-iki gün istirahət edəcəyik”
Bu saatlarda “Qarabağ” klubu səfər oyunundan sonra Vətənə dönüb.
Mia.az xəbər verir ki, hava limanında komanda üzvlərini 10-15 nəfərlik azarkeş və media mənsubları qarşılayıb.
Səfərdə İngiltərə klubuna uduzaraq Çempionlar Liqasındakı mübarizəsini dayandıran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mediaya bildirib ki, bir necə gün istirahət etdikdən sonra məşqlərə başlayaraq premyer liqa oyunlarına hazırlaşacaqlar. Q.Qurbanov həmçinin Avropa liqası oyunlarının komandası üçün mühüm təcrübə olduğunu qeyd edib. Dünənki oyun zamanı K.Duranın aldığı zədəyə dair suala cavab verən Qurbanov, bu zədənin ciddi olmadığını bildirib.
Maraqlıdı ki, doğma komandanı qarşılamağa əksəriyyəti uşaq olan 10-15 nəfər azarkeş gəlib. Onlar “Ordu” fan klubun adından şüarlar səsləndirib. Elvin Cəfərquliyev uşaqlarla həvəslə şəkil çəkdirib. M.Koxalski azarkeşlər və media ilə görüşsə də, K.Duran imtina edib. Musa Qurbanlı isə “Duty Free”-dən alış-veriş paketləri ilə diqqəti cəlb edib.
Qeyd edək ki, hazırda “Qarabağ” 45 xalla Premyer Liqada turnur cədvəlində 2-ci yerdə qərar tutub. Ağdam klubu martın 1-də liqanın ən intriqalı oyununa çıxacaq. Turnir cədvəlinin hazırkı lideri “Sabah”la gərgin oyun gözlənilir. Amma “Qarabağ” bu oyunu qazansa belə, bu, “Sabah”ın hazırkı liderliyinə təsir etməyəcək. Çünki “Sabah” 7 xal fərqi ilə hazırda Ağdam klubunu geridə qoyub. Oyunun həyəcanını azarkeşlər indidən sosial şəbəkə hesablarında bir-biriylə bölüşür.
Zülfiyyə Mustafayeva
Mia.az