Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı gələn ay keçiriləcək. Bu barədə partiyanın Veteranlar Şurasından məlumat verilib.

Bildirilib ki, qurultay hakim partiyanın nizamnaməsinə uyğun keçiriləcək. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq. Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir.

Qurultaylar adətən yalnız formal tədbir olmur - onlar həm siyasi kursun təsdiqi, həm də struktur və proqram yenilənməsi üçün əsas platformadır. Bu baxımdan, VIII qurultayın da təşkilati və ideoloji baxımdan müəyyən yeniliklər gətirməsi gözləniləndir.

Rəsmi gündəlik hələ açıqlanmasa da, ekspertlər qurultayda rəhbər orqanlarda yenilənmə, partiya proqramına əlavələr, nizamnamə islahatları və yeni strateji hədəflərin gündəmə gələ biləcəyini bildirirlər.

Qurultay həm partiyanın siyasi kursunu bir daha təsdiqləyəcək, həm də struktur və proqram baxımından müəyyən yeniliklər gətirəcək. Belə ki, rəhbər orqanlara - İdarə Heyəti və Siyasi Şuraya yeni kadrlar gətirilə, gənc və region nümayəndələrinin sayı artırıla, o cümlədən partiya proqramına əlavələr, sosial-iqtisadi prioritetlər, regional inkişaf, rəqəmsal transformasiya və təhlükəsizlik siyasəti ilə bağlı yeni bəndlər daxil edilə bilər.

“Yeni Müsavat”ın məlumatına görə, hakim partiyanın qurultayında sürpriz dəyişikliklərin olacağı gözlənilir. İlk növbədə Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması əsas göstərilərək YAP-ın Aparat rəhbəri postuna yeni şəxs təyin olunacaq. Partiya sədri vəzifəsindən sonra əsas post hesab olunan Aparat rəhbəri vəzifəsinə veteran YAP-çılardan deyil, gənc partiya üzvlərindən birinin gətiriləcəyi deyilir.

Siyasi müşahidəçilərin fikrincə, yeni Aparat rəhbərinin seçimi YAP-ın qarşıdakı dövrdə təşkilati islahatları və struktur yenilənməsi ilə birbaşa bağlı olacaq. Bu vəzifəyə təyin olunacaq şəxsə partiyanın daxili intizamının qorunması, regional təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və seçki proseslərinə hazırlıq baxımından mühüm rol tapşırılacaq.

Daha bir ilginc xəbərə görə, hakim partiyanın qurultayında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələ ayrıca müzakirə oluna bilər. Məlum olduğu kimi, Ramiz Mehdiyev uzun illər təkcə hakimiyyətdə deyil, eyni zamanda YAP-da çox güclü təsir imkanlarına sahib olub. Bu imkanların hesabına o, YAP-ın Mərkəzi Aparatından rayon təşkilatlarına qədər bütün strukturlarında öz adamlarını yerləşdirib. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun YAP-dakı adamlarının sıralarının seyrəldilməsi prosesi həyata keçirilsə də, tam “təmizləmə” hələ başa çatdırılmayıb. Növbəti qurultayda partiyanın Mehdiyevə yaxın olmuş və olan adamlardan tamamilə “təmizlənməsi” istiqamətində qərarlar qəbul ediləcək. Eyni zamanda qurultayda Ramiz Mehdiyevin də YAP-dan xaric ediləcəyi gözlənilir. O da mümkündür ki, Mehdiyev qurultaydan öncə xaric edilsin.

Məlumatda həmçinin qeyd olunur ki, bir sıra mühüm dəyişikliklər və təyinatlar qurultaydan sonra yeni rəhbərlik tərəfindən həyata keçiriləcək.

Hakim partiyanın mərkəzi strukturlarında ali yığıncağa sürətli hazırlıq başlandığı bildirilir. Bir çoxları yerlərinin və mövqelərinin itiriləcəyindən narahatlıq da keçirirlər. Bir sözlə, VIII qurultay 33 ilə yaxındır hakimiyyətdə olan YAP-ın ən maraqlı qurultaylarından biri kimi tarixə düşəcək.

Qeyd etdiyimiz məlumatlarla bağlı YAP-ın deputatlarından açıqlama almaq mümkün olmadı.

“Yeni Müsavat”