Dövlət Su Ehtiyatları Agentliyində "İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi” yaradılıb.

Mia.az xəbər verir ki, iki gün əvvəl qurumda ilk həmkar təşkilatlarının müraciəti əsasında Agentlik üzrə vahid həmkarlar ittifaqı komitəsinin yaradılması məsələsi müzakirəyə çıxarılıb və səsvermə keçirilib.

Yeni Komitənin 9 nəfərdən ibarət Rəyasət Heyəti, 3 nəfərdən ibarət Təftiş Komissiyası, sədr və sədr müavini seçilib: "Səsvermənin yekunlarına uyğun olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ümumi şöbəsinin istehlak xidməti və protokol sektorunun müdiri Hafiz Məmmədov Komitənin sədri, Maliyyə və təminat şöbəsinin təsərrüfat sektorunun müdiri Seymur Məmmədov isə sədr müavini seçilib. Eyni zamanda, Agentliyin Aparatından və tabeli qurumlardan nümayəndələr Komitənin üzvləri kimi təsdiq ediliblər".

P.S. Yeri gəlmişkən, Həmkarlar Konfederasiyasında bu günlərdə maraqlı dəyişiklik olub. Quruma daxil olan birliklərdən birinin direktoru "maraqlı səbəb"lə vəzifədən uzaqlaşdırılıb. Bu barədə həmin quruma sual ünvanlamışıq. Cavab gözləyirik...

F.ƏHMƏD

MİA.AZ