"Qalatasaray"ın hücumçu Viktor Osimhen "Yuventus" matçından əvvəl İtaliya mətbuatına maraqlı müsahibə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Qalatasaray"a gəlməmişdən əvvəl formasını geyindiyi İtaliyanın "Napoli" komandasında qarşılaşdığı münasibətlə bağlı sərt danışıb.
"Mənə it kimi davrandılar, mən kukla deyiləm" deyən Osimhen "La Gazzetta dello Sport"a bildirib ki, "Yuventus" vaxtilə onu heyətinə qatmaq istəyib: "Ancaq "Napoli"nin prezidenti verdiyi vədi yerinə yetirmədi. Halbuki, mövsümün sonunda - yay tətilində gedə biləcəyim barədə centlmen razılığımız var idi, amma o, sözünün üstdən qaçdı. Məni çox kluba göndərməyə çalışdılar. Mənə it kimi davrandılar. Bura get, ora get, bunu et, onu et. Karyeramda irəliləmək üçün çox çalışdım, bu cür münasibəti qəbul edə bilmədim. Mən kukla deyiləm."
Osimhen həmçinin "Napoli"də irqçi təhqirlərə məruz qaldığını bildirib.
İstanbula gəlişindən söz açan nigeriyalı hücumçu "Qalatasaray"ı tərifləyib: "Sevdiyim bir klub və bir şəhər tapdım. İstanbula gələn kimi burada oynayan hər kəsin komandaya və insanlara niyə aşiq olduğunu başa düşürsən. Əvvəllər heç vaxt belə bir şey yaşamamışam"
Xatırladaq ki, "Qalatasaray"la "Yuventus" arasındakı oyun 5-2 türklərin xeyrinə bitib. Osimhen 2 qolun ötürməsini verməklə, rəqib müdafiə xəttinin pozulmasında böyük rol oynayıb.
Fərid ASLAN
MİA.AZ