Dövlət Statistika Komitəsinin sədrliyi vəzifəsindən çıxarılıb Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi müxtəlif aspektlərdən dəyərləndirilir. Bir qisim bunun kadr islahatı olduğunu düşünsə də, Budaqovun “vurulması” kimi dəyərləndirənlər də var.
Mia.az-ın məlumatına görə, Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, hər ikisi dövlət vəzifəsidir və mahiyyət etibarilə eyni məqsədə xidmət edir:
“Faktiki olaraq söhbət qulluq fəaliyyətinin davamından gedir. Yəni hər iki halda vəzifə səlahiyyətlərindən istifadə etməklə xalqa xidmət göstərilməsi nəzərdə tutulur. Bu baxımdan vəzifələrin birinin kiçik, digərinin isə böyük kimi qiymətləndirilməsi düzgün deyil. Çünki vəzifə anlayışı konkret tapşırıqların icrasını və məsuliyyəti özündə ehtiva edir, onun ölçüsü isə nisbi xarakter daşıyır.
Tahir müəllimin mövcud təcrübəsindən Nəsimi rayonunda istifadə olunması ilə bağlı müvafiq qərar qəbul edilib və təyinat həyata keçirilib. Bu səbəbdən də sözügedən dəyişiklik vəzifənin aşağı salınması və ya yüksəldilməsi kimi dəyərləndirilməməlidir”.
AĞ Partiyanın rəhbəri Tural Abbaslı isə deyib ki, komitə sədri status etibarilə nazir səviyyəsindədir və icra hakimiyyəti başçısı vəzifə iyerarxiyasında ondan aşağı mövqedə qərarlaşır:
“Lakin unutmayaq ki, Tahir Budaqovun Yeni Azərbaycan Partiyasında tutduğu vəzifələr də mövcuddur. O, həm Yeni Azərbaycan Partiyası sədrinin müavinidir, həm də Partiyanın İcra Aparatının rəhbəridir. Bu vəzifələr siyasi baxımdan kifayət qədər yüksək statusa malikdir. Bu mənada, onun partiya daxilində tutduğu mövqe həm komitə rəhbərliyindən, həm də icra hakimiyyəti başçısı vəzifəsindən daha geniş səlahiyyət və məsuliyyət daşıyır. Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsidir, parlamentdə konstitusion çoxluğa yaxın təmsilçiliyə malikdir və dövlət idarəçiliyinin müxtəlif pillələrində partiya üzvləri fəaliyyət göstərir. Bu baxımdan, baş verənləri “vurulma” kimi qiymətləndirmək düzgün olmaz”.
Partiya sədri qeyd edib ki, əgər şəxs komitə rəhbərliyindən uzaqlaşdırılıb, lakin partiya daxilində yüksək rəhbər vəzifədə saxlanılırsa, bu, status itkisi kimi dəyərləndirilə bilməz:
“Çünki partiya rəhbərliyindəki vəzifə daha böyük siyasi çəkiyə malikdir. Hazırda məlum olan yalnız budur ki, o, komitə rəhbərliyindən uzaqlaşdırılıb, amma Yeni Azərbaycan Partiyasında tutduğu vəzifəni davam etdirir və bu post fikrimcə, daha məsuliyyətli və səlahiyyətli mövqedir”.