Çempionlar Liqasının əsas mərhələsinə keçmək üçün "Qarabağ" klubu artıq öz yerini bərkidib.
Mia.az xəbər verir ki, qarşıda "Liverpul"la səfər oyununun nəticəsindən asılı olmayaraq, Ağdam klubu artıq pley-off mərhələsini təmin edib.
Xatırladaq ki, liqa mərhələsində ilk 24-lüyə düşən komandalar pley-off oynayacaq.
Dünən Frankfurtun "Ayntraxt" klubu üzərində qələbədən sonra "Qarabağ" 18-ci yerdə qərar tutub. Bu isə növbəti oyunların nəticəsinin təsir etməyəcəyi mövqe deməkdi.
Qələbə öz yerində, Ağdam klubu Çempionlar liqasında həm də pul qazanır.
Bildiyiniz kimi, UEFA hər qələbə üçün klublara 2,1 milyon avro, heç-heçə üçün 700 min avro mükafat ayırır. Eyni zamanda, qalib olan klubun oynadığı yerli çempionatın komandaları da həmrəylik və dəstək nümunəsi olaraq UEFA-dan pul mükafatı alır.
Bu ilki mövsüm "Qarabağ" üçün pul qazanmaq baxımından da çox uğurlu olub: klubun büdcəsi xeyli artıb və bəzi tanınmış Avropa klublarının büdcəsinə yaxın vəziyyətə gəlib.
Klubun prezidenti Tahir Gözəl açıqlamalarında pul xərcləmələri ilə bağlı ekonomik və ehtiyatlı davranış nümayiş etdirir. Təbii ki, klubun biznes idarəçiliyi onun üzərindədi və T.Gözəl pulun ehtiyatlı xərclənməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Digər tərəfdən, futbolun bəzən bir şansdan asılı olduğunu da unutmur və qarşıdakı illər üçün büdcə planlaması qurur. Bu səbəbdən bu ilki pul gəlirlərinə baxmayaraq, "Qarabağ" ciddi pul xərcləmələrinə girişmədi.
Pul gəlməkdə davam edir. Nəinki klub, futbolçular da ayrı-ayrılıqda qazanır: məsələn, "Kopenhagen" üzərində qələbədən sonra Ağdam klubunun əsas heyətinin hər biri 70 min manat mükafat alıb. Ehtiyat oturacaqdan meydana çıxanlar bu məbləğin 75 faizini, ehtiyatda əyləşənlərsə həmin məbləğin 50 faizini mükafat olaraq əldə edib.
Dünən "Ayntraxt"la oyunda açılan pankrat da bu baxımdan çox diqqəti çəkirdi. "Bizim inamımız sizin büdcənizdən güclüdü", - yazan fan klubçular bizə bir daha bu oyunların "Qarabağ"ın büdcəsinə verdiyi maddi faydanı bir daha xatırlatdı.
Beləliklə, yaydan bəri "Qarabağ "ın büdcəsi 7 milyon avro ilə güclənib və hazırda növbəti mərhələyə keçməsiylə bağlı daha 1 milyon avro əlavə bonus da alacaq.
Çempionlar liqasının əsas mərhələsində oyunlar isə Ağdam klubunun büdcəsini daha 18 milyon avro və digər bonuslarla gücləndirəcək.
Yeri gəlmişkən, Avropa mətbuatının yazdığına görə, "Qarabağ" il ərzində futbolçuların maaşına 15 milyon manata yaxın pul xərcləyir.
Təbii ki, hazırda "Qarabağ"ın Çempionlar liqasında oynadığı klubların büdcəsi onunla müqayisə edəcək səviyyədə deyil. Amma möcüzə də olsa, "Qarabağ" məhz bu kiçik büdcəsiylə onları geridə qoya bilir.
Alman sisteminin mükəmməl hazırladığı klublardan biri olan "Ayntraxt"ə məyus etmək dünən stadionda açılan pankratın məntiqi təsdiqi idi.
Necə deyərlər, das ist fantastiş.
Zülfiyyə Mustafayeva
Mia.az