UEFA çempionlar liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində keçirilən "Qarabağ"-"Ayntraxt" oyunu zamanı alman klubu Bakıda azarkeşsiz qalacaq.
Mia.az xəbər verir ki, bu barədə qərarı UEFA verib. Xatırladaq ki, oyun bir azdan T.Bəhramov adına Respublika stadionunda başlayacaq.
"Ayntraxt" bundan əvvəlki raundda "Barselona" ilə oyun zamanı alman azarkeşlərin pirotexniki vasitələrdən istifadə etdiyi səbəbiylə 38 min avro cərimələnib. Daha sonra klubun azarkeşlərinə Bakıda keçiriləcək oyunda iştirak qadağası qoyulub.
Amma bu o demək deyil ki, alman klubu azarkeşsiz qalacaq. Mia.az-ın əməkdaşının hazırda stadionda apardığı müşahidələrə görə, alman mənşəli şirkətlər, o cümlədən, Almaniya səfirliyinin əməkdaşları, alman tələbələr və bu kimi kontingentin stadiona axını mövcuddur. Almanların əldə etdiyi biletlər əsasən, VİP sektorları əhatə edir. Bu isə bizim azarkeşlər üçün ayrılmış yerlərin alman azarkeşlərə qismət olması sayılır. Deməli, Almaniyadan gələn olmasa da, bu gün qonaqların mümkün qol sevincini alqışlayanlar kifayət qədərdi.
Yeri gəlmişkən, alman klubu Bakıya dünən 23 futbolçuyla gəlib. Qonaqlar Bakıda nə mətbuat konfransı, nə də açıq məşq keçiriblər. Yeri gəlmişkən, sürpriz şəkildə baş məşqçisi ilə vidalaşan "Ayntraxt" düşərgəsində Ağdam klubuyla oyunun proqnozuna aid maraqlı fikirlər dolaşır. Alman mediası keçmiş baş məşqçinin gedişindən sonra yazıb: "İndi "Qarabağ"ı udmaq olar".
Çoxmənalı fikirlərin mənasını axşam anlamaq mümkün olacaq.
Ümumiyyətlə, "Qarabağ" Frankfurt klubu ilə oyunda avantajlı görünmür. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da oyuna yaxşı hazırlaşmaq üçün "vaxt olmadığını" vurğulayıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ