ABŞ prezidenti Donald Tramp ötən gün YPG terror təşkilatı tərəfindən Suriyadakı həbsxanadan buraxılan İŞİD terrorçuları ilə bağlı mühim açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Amerikanın "New York Post" qəzetinə müsahibədə Fransa prezidenti Emmanuel Makron və NATO-nun Baş katibi Mark Rutte ilə açıqladığı yazışmalardan danışarkən bu barədə söz açıb.
Tramp bildirib ki, Makronla yazışmalarını ictimaiyyətə açıqlaması YPG/SDQ tərəfindən Suriyada Avropa mənşəli İŞİD məhbuslarının azad edilməsi ilə bağlı olub: "Mən bu məsələni Makron və Rutte ilə müzakirə etdim. Bilirsinizmi nə etdim?! Həbsxanadan qaçışın qarşısını aldım. Suriyada şox yaxşı iş gördük. Avropalı məhbuslar qaçırdı və mən bunu dayandırdım. Bu, dünən baş verdi. Avropalı terrorçular həbsxanadan qaçmışdılar. Biz Suriya hökuməti və Suriyanın yeni lideri ilə işlədik və onlar bütün məhbusları tutub yenidən həbsxanaya atdılar. Bunlar dünyanın ən pis terrorçuları idi, hamısı da avropalılardır".
Xatırladaq ki, Suriya ordusu iki gün əvvəl YPG/SDG-nin Şəddadidə 120 İŞİD terrorçularını azad etdiyi, onlardan 81-nin Suriya qüvvələri tərəfindən tutulduğunu açıqlamışdı.
Samir MUSAYEV
MİA.AZ