“Bakıya yaxşı əhval-ruhiyyədə gəlmişik. Performansımız yaxşı olacaq. Hər fürsətdən istifadə edəcəyik”.

Mia.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda “Qarabağ” – “Ayntraxt Frankfurt” matçından əvvəl keçirilən mətbuat konfransında Almaniya komandasının baş məşqçi əvəzi Dennis Şmitt deyib.

O bildirib ki, sabahkı oyunda qələbə qazanacaqlarına inanırlar: “Dünən və bu gün məşq üçün vaxtımızı yaxşı istifadə etdik. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Bakıya müdafiə olunmağa yox, hücumda olmaq üçün gəlmişik. Sabahkı oyun özümüzü sübut edə bilmək üçün böyük fürsətdir. “Qarabağ” pressinq edən komandadır. Biz əks hücumlardan istifadə etməliyik və çalışmalıyıq ki, top daha çox bizdə qalsın. Son iki məşqdən sonra deyə bilərəm ki, əhval-ruhiyyə yüksək səviyyədədir və qalib gələcəyimizə inanıram”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.