Mən çoxdandır Alimi tənbeh etmirəm. Cavan vaxtı tövsiyələrimi dinləyirdi. Sonra Xalq artisti oldu, məşhurlaşdı, ona görə də heç nə demirəm”. 

Mia.az xəbər verir ki, bu sözləri xanəndə, qəzəlxan Ağakərim Nafiz APA-ya müsahibəsində deyib.

O bildirib ki, Alim Qasımov institutu bitirəndən sonra tələbə kimi onun yanına gəlib.

“Onu da deyim ki, muğam ifa edərkən oturmağın da öz qaydası var. Məsələn, Alim düzgün oturmur, çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O yerdə düz oturmur. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq”,- deyə A.Nafiz söyləyib. 

Modern.az bu fikirlərə münasibətini öyrənmək üçün Xalq artisti, xanəndə Alim Qasımovla əlaqə saxlayıb.

“Ağakərim Nafiz mənim dostumdur, qardaşımdır, canımdır, ciyərimdir, üstadımızdır. Mən heç vaxt, hətta yuxumda belə təsəvvür etmərəm ki, o, mənim haqqımda nəsə desin. Amma nə deyibsə, istər yaxşı olsun, istər pis, halal-xoş, mən onun dedikləri ilə razıyam. Çünki Ağa Kərimin dediyi hər fikir mənim üçün qəbul olunandır. Açığı, hansı fikri səsləndirdiyini belə bilmirəm, amma nə deyibsə, razılaşıram”,- A.Qasımov deyib.

Ağakərim Nafizin xanəndənin oturuş tərziylə bağlı fikilərinə isə Alim Qasımov belə münasibət bildirib:

“Buna cavab olaraq demək istəyirəm ki, Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu? Hamımız yerdə otururduq. O vaxtlar süfrə də yerdə açılırdı, yemək də yerdə yeyilirdi. Stul anlayışı sonradan yaranıb. Siz cavansınız, bunu bilməyə bilərsiniz, amma biz o dövrləri görmüşük”.

Xanəndə eyni zamanda, böyükdən, kiçikdən, ustad sənətkarlardan da hələ də öyrəndiyini söyləyib: “Allah hamının dünyasını dəyişənlərinə rəhmət eləsin. Bu sənətin “bitirdim” deyilən nöqtəsi yoxdur. Sənət ömür boyu davam edən bir yoldur. Ona görə də Ağakərim nə desə halal-xoşu olsun”,- deyə A.Qasımov qeyd edib.