Müəlliməm! Gözəl bir kollektivdə işləyirəm. Bir neçə il ixtisasım üzrə Azərbaycan dili və ədəbiyyat fənini tədris etdikdən sonra işlədiyim İmişli rayon Təhsil Sektoru üzrə F. Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor müavini təyinatı aldım. Fəaliyyətim, işim mənə zövq verir.

Bu gün yeni yaşımla bağlı kollektivdə yaşanan sevgi-sevinc bir daha peşəmin məmnunluğun mənə yaşatdı, özümü xoşbəxt hiss etdim. Beynimdə düşüncələr dolandı: Nə yaxşı ki, müəlliməm! Nə yaxşı ki, qəlbimdə peşəmə məhəbbətim tükənməzdir!

Peşə seçimimdə valideynlərimə borcluyam. Atam da, anam da hər ikisi müəllimdir. Ailəmizdə həmişə halal müəllim çörəyi yeyilib.

Atam Şahsuvar Əmirahov uzun illər məktəb direktoru işləyib, onun təcrübəsini əks etdirən televiziya verlişləri, qəzet və jurnal məqalələri var. SSRİ məkanında Moskvada müəllimlərin qurultayında Azərbaycanı təmsil edən atamın çıxışı bir gənc müəllim kimi həmişə peşə məsuliyyətimi artırır və tez-tez o çıxışın lent yazısını dinləyirəm. Anam Kimya müəllimə isə ali təhsilli, təcrübəli sinif məllimidir.

Yeni yaşıma ünvanlanan dost-həmkar təbrikləri, valideyn-şagird müraciərləri mənə ilham verir. Mən bir müəllim kimi peşəmə bağlı, öyrənənlərə ana nəvazişliyəm. Hər bir şagirdi övlad kimi sevib, dəyərləndirirəm.

Ulu Öndərimiz Heydər Əliyevin gözəl bir fikiri var: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.

Bax, bu deyimdəki kimi bir ana, bir müəllim kimi həmişə öz işimdə fədakar və sədaqətli olmağa çalışıram. Düşünürəm ki, yolum aydın və işıqlıdır.

Bəyim Şirinli,

İmişli rayon F. Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini

MİA.AZ