Bəzən ətrafda baş verənlər insanı bir sual üzərində düşünməyə vadar edir: İmkanlı insanların israfı çoxdur, yoxsa gündəlik zəruri tələbatlara görə əziyyət çəkən insanların ehtiyacları?
Təmtəraqlı toy və nişan məclisləri, ifrat dərəcədə təşkil olunan ziyafətlər, ad günləri, qonaqlıqlar, onların hay- küylü keçirilməsi üçün sərf olunan xərclər, şənlik tədbirlərindən geri qalmayan hüzür məclisləri və s. onlar üçün yaradılan xidmət şəraiti, saraylar son illərdə biznes, şöhrət simvoluna çevrilib.
Lazımı imkanı olmayıb borc, xərclə, kredit alaraq bu axına qoşulmaq istəyənlərin sonrakı iztirabları da ayrıca bir problemdir...
Habelə dünya malından gözü doymayan imkanlıların saysız- hesabsız mülklərə, zinət əşyalarına, bahalı maşınlara sərf olunan vəsaitləri… Müxtəlif şəxslərin böyük- böyük qutular, kisələrə yığılmış pulları…
Bunların heç birini insan bu dünyadan köçəndə özü ilə aparmadığına hamı bilir və şahiddir. Televiziya ekranlarından da tez- tez görürük ki, çox vaxt insan dünyasını dəyişmədən belə bunlar əlindən çıxır.
Bütün bunlar üzərində düşünəndə, müqayisə aparanda belə bir qənaətə gəlmək olar ki, əhali nə qədər artsa da, əslində, dünyada bolluq var - sadəcə ondan lazımınca istifadə edilmir, ədalətlə yanaşılmır, paylaşılmır.
Ən böyük bəla isə getdikcə mənəviyyatın kasıblaşması, nəfsin və sərvət düşkünlüyünün hər şeydən üstün tutulmasıdır. Təəssüf ki, bu yanaşma artıq təkcə ayrı-ayrı fərdlərin davranışı deyil, bəzən dünya siyasətinin də bir xəttinə çevrilib.
"Hay-küylə gələn, hay-küylə də gedər" - atalar sözümüz var. Asan, səs- küylü, təməli olmayan şöhrət, var-dövlət dayanıqlı ola bilməz. Belə "xoşbəxtlik" də köpük kimidir, ömrü çox ola bilmir.
Bütün bunlara baxmayaraq, hər bir insan və hər bir ailə bu “yarış meydanı"ndan kənarda qalaraq, öz imkan və büdcəsinə uyğun yaşamaqla daha rahat və mənalı bir yol seçə bilər. Təmtəraqlı tədbirlər, görüntülər yaratmaqla insan xoşbəxt ola bilmir. Yetər ki, yanaşma dəyişsin, həyati məsələlərə düşüncə ilə, anlayışla yanaşılsın.
Vahid Tağıyev,
Təcrübəli təhsil işçisi