Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda cəza çəkən erməni cinayətkarları Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilməsinin etirazla qarşılanmasına münasibət bildirib.

Mia.az-ın məlumatına görə, komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan hökuməti həmişə humanist addımları ilə seçilən, sayılan, gözəçarpan, yüksək səviyyəli addımlar atır.

“Heç kim düşünməsin ki, Azərbaycana qarşı kimsə hansısa cinayət törədibsə, hərbi cinayətlərin iştirakçısı, onların təşkilində iştirak edən şəxs olubsa, o, ədalət mühakiməsindən qaça bilər. Əsla yox! Azərbaycan xalqı bütün Azərbaycana qarşı edilən, siz 30 il deyirsiniz, mən isə 200 ilə yaxın deyərdim, ədalətsizliyə ədalətli cavab verdi. Bu gün Azərbaycanda keçirilən ədalət məhkəməsi özü əyani şəkildə bunu sübut edir. Heç kim Azərbaycanda Azərbaycan xalqının ədalətli yanaşmasından kənarda qala bilməz. Ədalət məhkəməsi də onlara qarşı öz ədalətli qərarını verib. Ermənilərin Ermənistana göndərilməsi məsələsinə gəlincə, biz artıq başqa bir müstəviyə keçir, dünyaya başqa nümunələri də göstəririk. Göstəririk ki, biz kişi kimi mübarizə apara bilirik, şəhidlərimizin qanını yerdə qoymuruq, torpaqları azad edirik, bu gün Xocalıdayıq! Biz Xocalını ürəyimizdə saxlayırıq və orada şəhid olmuş azərbaycanlıların - vətəndaşlarımızın qanını yerdə qoymadıq! Kimsə məsələyə Xocalı qətliamında iştirak edən şəxslərin buraxılması, təhvil verilməsi kimi yanaşırsa, bu, düzgün yanaşma deyil. Onlar hamısı cəzalarını çəkdilər, çəkirlər və ömür boyu çəkəcəklər. İndi ən vacib məsələ budur ki, şəhidlərimizin ruhunun şad olması üçün bu gün Xocalıda evlər tikilir, xocalılar qayıdır, xocalıların arzu-istəyi yerinə yetirilir, şəhidlərimizin qanı yerdə qalmır. Məsələyə bu cür yanaşmaq lazımdır və bu cür yanaşmanı Azərbaycan hökuməti göstərir”, - S.Seyidov bildirib.