Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırılıb.
Bunu Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.
“Hazırda üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək AYB-nin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur. Üzvlük haqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilər, amma təşkilat hər zaman bu məsələdə həmişə humanist mövqe tutub”, – AYB sözçüsü söyləyib.
O əlavə edib ki, hazırda AYB-nin 2500 nəfərdən çox üzvü var: “Bir nəfər üzv üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən, deməli, təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı fevralın 1-i qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib”.
Xəyal Rza üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib: “Siyahımızda olan yazıçı vəfat edərsə, “vəfat etmiş üzv” kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidir. Biz haradan bilək ki, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub”.
Sonda o qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir/Modern.