Somali ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasnda münasibətlər kəskinləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Somali hökuməti artıq BƏƏ ilə təhlükəsizlik və müdafiə sahələrində imzalanmış bütün ikitərəfli sazişləri və anlaşma memorandumlarını ləğv edib.
Somali hökumətindən bildirilib ki, bununla yanaşı, BƏƏ ilə Berbera, Bosaso və Kismayo limanlarında həyata keçirilən bütün layihələr də dayandırılıb: "Qərar BƏƏ-nin Somali Federal Respublikasının suverenliyini, milli birliyini və siyasi müstəqilliyini hədəf alan zərərli cəhdlərinə cavab olaraq qəbul edilib. Somali hökuməti ərazisi, limanları, təhlükəsizlik məsələləri və xarici əlaqələri üzərində tam suverenliyini və konstitusiya səlahiyyətini bir daha təsdiqləyir".
İclasda həmçinin Somali Federal Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı qanun layihəsi də təsdiqlənib: "Suverenliyin və ərazi bütövlüyünün qorunması ilə bağlı qanun layihəsi tabeliyindəki administrasiyaların və özəl qurumların federal hökumətə məlumat vermədən və müvafiq nazirliyin nəzarəti olmadan xarici tərəflərlə hər hansı bir müqavilə bağlamasını qadağan edir".
Tahir Şəlvəli
MİA.AZ