Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb.

Mərkəzi Klinik Xəstəxanadan bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: “Sərxan Hüseynli pediatrik Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır”.

***

Bakının mərkəzində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Mia.az “Qafqazinfo”ya istiandla xəbər verir ki, ağır yaralanan uşağın fotosunu paylaşan bloqer Saleh Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb.

Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

“Uşaq beyin travması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıb. Maşınla vuranlardan - sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin “Mercedes ML” markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilib və Sərxana hədiyyə verilib. O, səkidə dayanıb hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşib”, - deyə S.Nəsirov yazıb.

Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub.

Baş vermiş hadisə, xüsusilə “Mercedes”in sürücüsünün xəsarət alan azyaşlıya biganəliyi geniş müzakirələrə səbəb olub. O, yerdə qalan azyaşlıya zərrə qədər diqqət etməyib və toqquşduğu maşının sürücüsü ilə zərər və ya günahkar davası etməyə başlayıb.

Qəza anının görüntülərini təqdim edirik: